21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
"Lukoil" Xəzərdəki "Dostluq" yatağının operatoru olmaq istəyir
Tarix: 03-06-2021 18:40 | Bölmə: İqtisadiyyat
"Lukoil" Xəzərdəki "Dostluq" yatağının operatoru olmaq istəyir

Rusiyanın “Lukoil” neft-qaz şirkəti Xəzərin Azərbaycan və Türkmənistan sektorlarının sərhədində yerləşən “Dostluq” yatağının kəşfiyyatı və işlənməsi layihəsinə qoşulmaq üçün danışıqlar aparır və yatağın operatoru olmaq niyyətindədir.

TASS-ın verdiyi məlumata görə, bu barədə şirkətin prezidenti və həmtəsisçisi Vahid Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar gedir: “Biz bu prosesdə fəal iştirak edirik. Həm Türkmənistan Prezidentinə, həm də Azərbaycan Prezidentinə “Lukoil”u bu prosesə cəlb etdiyi üçün çox minnətdarıq. Növbəti hökumətlərarası razılaşma və PSA razılaşması hazırlanır. Bu layihənin operatoru olmaq istəyirik”.

O, şirkətin bu layihədə hələ neçə faiz paya malik olacaqlarını da bilmir.

Qeyd edək ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır. Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıblar.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb. Dövlət başçıları arasında ardıcıl təmaslar, qarşılıqlı səfərlər iki dost ölkə arasında bütün məsələlərin hər iki tərəf üçün qənaətbəxş səviyyədə həlli üçün etibarlı zəmin yaradıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər