Bakıda klassik musiqi konserti keçirilib - Fotolar
Tarix: 23-04-2025 16:04 | Bölmə: Mədəniyyət
Bakıda klassik musiqi konserti keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar Ulu Öndərin əziz xatirəsinə həsr edilən “Bakının baharı” adlı klassik musiqi konserti keçirilib. Metronun “Gənclik” stansiyasının yaxınlığındakı yenicə istifadəyə verilən istirahət parkında açıq havada paytaxt sakinləri və qonaqların iştirakı ilə keçirilən konsertdə Mustafa Mehmandarovun rəhbəri və baş dirijoru olduğu “Archi” Kamera Orkestrinin ifasında musiqi əsərləri səsləndirilib.

Reyting.az
xəbər verir ki, konsert zamanı səhnədə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən video-foto materiallar nümayiş etdirilib, onun sevdiyi klassik mahnılar səsləndirilib.

Qeyd edilib ki, son illərdə ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin və o cümlədən paytaxtın inkişafı istiqamətində gördüyü işlər və həyata keçirilən böyük layihələr Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirib, istifadəyə verilən müasir istirahət parkları və bağlar paytaxtımızı parklar və yaşıllıqlar şəhəri edib.

Konsertdə Üzeyir Hacıbəyli, Niyazi, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov, Tofiq Quliyev kimi dahi Azərbaycan bəstəkarlarının unudulmaz bəstələri ilə yanaşı dünya şöhrətli Antonio Vivaldinin də əsərləri ifa edilib, Ulu Öndərin sevimli xalq mahnısı olan “Küçələrə su səpmişəm” mahnısı səsləndirilib.

Azərbaycanın mədəniyyət xadimlərinin bir-birindən maraqlı ifaları ilə keçən təntənəli konsert iştirakçıların böyük marağına səbəb olub, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb.

Konsertə Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında möhtəşəm atəşfəşanlıqla yekun vurulub.






Bölməyə aid digər xəbərlər