Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
Tarix: 13-10-2025 08:06 | Bölmə: Slayd
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb

Son illər alimlər Cənubi Afrikada qeyri-adi proses müşahidə ediblər. Elm adamları NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) peykləri vasitəsilə öyrəniblər ki, Afrika qitəsi öz formasını dəyişir, Cənubi Afrikanın cənub hissəsi yavaş-yavaş yüksəlir.

Reyting.az
-ın məlumatına görə, əvvəllər bu dəyişikliklər yerin dərinliklərindən gələn maqma axınları ilə izah edilsə də, yeni peyk və GPS ölçmələri tamamilə fərqli mənzərə göstərir. Son vaxtlar aparılan elmi araşdırmaların nəticəsi göstərir ki, yüksəlişin səbəbi təbii deyil, insan fəaliyyəti ilə bağlıdır.

Tədqiqatçıların "Journal of Geophysical Research: Solid Earth" elmi jurnalındakı məqaləsində qeyd olunur ki, 2000-2021-ci illər arasında ümumilikdə Afrikada torpaq səviyyəsi orta hesabla 6 millimetr qalxıb. Alimlərin fikrincə, bu cür dəyişiklik yeraltı su ehtiyatlarının tükənməsi və uzunmüddətli quraqlıqlarla əlaqəlidir.

Qitənin ərazisində bütün su anbarlarının boşalması süxurlara düşən təzyiqi azaldır, nəticədə torpaq yuxarı qalxır. Üstəlik, bu cür problemlər adətən neft və yaxud da su hasilatı ilə bağlı çökmələrin təsirindən yaranır.

NASA-nın son məlumatına görə, müxtəlif vaxtlarda bir neçə kosmik peyk torpağın "nəfəs almasını", yəni yağışlı mövsümdə enməsini, quraqlıq olduqda qalxmasını qeydə alıb.

Alimlər xəbərdarlıq edirlər ki, Afrikadakı dəyişikliklər infrastruktur, ekosistem və sahil eroziyası üçün çox böyük təhlükə yaradır. Mütəxəssislər bu problemin həlli üçün suyun istifadəsinə nəzarəti, yeraltı ehtiyatların bərpasını vacib sayırlar.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər