Musiqili teatr bölgələrimizi gəzir
Tarix: 24-06-2016 14:53 | Bölmə: Mədəniyyət


Azərbaycan Dövlət Musiqili Teatrı Şamaxı rayonunda qastrol səfərində olub.

Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Reyting.az-a deyib ki, 22 iyun tarixində baş tutan səfər zamanı Şamaxı tamaşaçılarına Faiq Sücəddinov və Tamara Vəliyevanın "Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası təqdim edilib.

Şamaxı rayon Mədəniyyət Mərkəzində nümayiş olunan səhnə əsəri tamaşaçıların böyük marağına səbəb olub. Maraqlı və komik hadisələrlə zəngin olan tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru, Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı, Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Fəxrəddin Atayev, xormeysteri, Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Gültac Əlili, Elxan İsmayılov, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa ediblər.

Qeyd edək ki, son bir ay ərzində Azərbaycan Dövlət Musiqili Teatrı O.Zülfüqarov və R.Heydərin "Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası ilə Masallı rayonunda, V.Ulanovski və V.Orlovun "Qızıl cücə” iki hissəli musiqili nağıl-tamaşası ilə isə Xaçmaz rayonunda çıxış edib.





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər