113-cü mövsümdə "Qıpçaq rəqsləri" oynanılıb
Tarix: 12-10-2021 13:28 | Bölmə: Mədəniyyət
113-cü mövsümdə "Qıpçaq rəqsləri" oynanılıb

Pandemiya ilə əlaqədar uzunmüddətli məcburi fasilədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 113-cü mövsümünə premyera ilə başlayıb. Kollektiv rus bəstəkarı Aleksandr Borodinin "Qıpçaq rəqsləri" baletini təqdim edib.

Reyting.az
xəbər verir ki, tamaşanı mədəniyyət naziri Anar Kərimov, nazirlik aparatının məsul əməkdaşları, digər qonaqlar və sənətsevərlər izləyib.

Səhnə əsərinin quruluşunu Mixail Fokinin xoreoqrafiyası əsasında Azərbaycanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Səmədov həyata keçirib. Musiqi rəhbəri və dirijoru, Xalq artisti Yalçın Adıgözəlov olan tamaşada əsas rolları balet truppasının aparıcı solistləri – Əməkdar artist Nigar İbrahimova, Xalq artisti Gülağası Mirzəyev, gənc solistlər Fatimə Xələfova, Zəhra Tanrıverdiyeva və Seymur Qədiyev ifa ediblər.

Qeyd edək ki, bəstəkar A. Borodin "Knyaz İqor" operasının bir hissəsi olan "Qıpçaq rəqsləri"ni 1875-ci ilin yayında ərsəyə gətirib. Bəstəkar bu opera üzərində 18 il işləyib, lakin tam olaraq yazıb başa çatdıra bilməyib. Onun ölümündən sonra musiqi materialları əsasında A. Qlazunov operanı tamamlayıb, N. Rimski-Korsakov isə klavirin böyük bir hissəsini orkestr üçün işləyib. Operanın premyerası 23 oktyabr 1890-cı ildə Sankt-Peterburqun Mariinski Teatrında baş tutub. Xoreoqraf L. İvanovun quruluş verdiyi "Qıpçaq rəqsləri" tamaşaçılarda dərin təəssürat oyatmışdı. Sonradan "Qıpçaq rəqsləri" müstəqil balet tamaşası kimi bir çox teatrlarda səhnəyə qoyulub.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}