18:10 / 19-04-2025
Yardımlıda zəlzələ olub
“Haqqın 44 günü” tamaşası iki rayonda təqdim olunub - Fotolar
Tarix: 08-03-2022 23:45 | Bölmə: Mədəniyyət
“Haqqın 44 günü” tamaşası iki rayonda təqdim olunub

Martın 8-də Salyan və Neftçala rayonlarında qastrol səfərində olan Lənkəran Dövlət Dram Teatrının truppası “Haqqın 44 günü” tamaşası ilə çıxış ediblər. Teatrın baş rejissoru Anar Babalının müəllifi olduğu və quruluş verdiyi bu səhnə əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ili “Şuşa ili” elan etməsi ilə əlaqədar nəzərdə tutulmuş tədbirlər planı çərçivəsində hazırlanıb. Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunduğu tamaşada birinci və ikinci Qarabağ müharibəsində baş verən hadisələr, xalqımızın igid oğullarının döyüşlərdə göstərdiyi şücaətlər obrazlı şəkildə əksini tapıb.

Tamaşada həmçinin müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.



İstər Salyanda, istərsə də Neftçalada “Haqqın 44 günü” tamaşası coşqu ilə qarşılanıb. Tamaşaçılar dəfələrlə aktyorları sürəkli alqışlarla qarşılayıblar.

Qeyd edək ki, tamaşanın quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları teatrın gənc aktyorlarından Sayad Əliyev, Emil Rzayev, Gülər Kərimova, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbaszadə ifa ediblər.



Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, “Haqqın 44 günü” tamaşasının "Şuşa ili" çərçivəsində respublikamızın digər bölgələrində də nümayişi nəzərdə tutulub.

Ağaddin BABAYEV




Bölməyə aid digər xəbərlər