Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."
Tarix: 15-10-2025 16:32 | Bölmə: Siyasət
Deputat: “Ciddi şübhələr var ki, Ramiz Mehdiyev..."

Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının üzvü Elman Nəsirov Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin YAP üzvlüyündən çıxarılması barədə müzakirələrə aydınlıq gətirib.

Reyting.az
-ın məlumatına görə, E. Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, R.Mehdiyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 274-cü maddəsi - dövlətə xəyanət, 278-ci maddə - hakimiyyəti zorla ələ almaq və ya zorla əldə saxlamaq həddindən artıq ağır ittihamlardır.

“Vətənə, dövlətə xəyanəti, konstitusion quruluşu devirmək cinayəti hər hansı cinayətlə müqayisə oluna bilməz. Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini qeyd edirik. 2025-ci il "Konstitusiya və Suverenlik İli"dir. Məhz bu ildə Ramiz Mehdiyev Konstitusiya quruluşunu devirməkdə, zəbt etməkdə ittiham olunur. Nəzərə alsaq ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) cinayət işi açıb, bu özü artıq çox mətləbdən xəbər verir. Səbail Rayon Məhkəməsi isə Ramiz Mehdiyevlə bağlı 4 ay ev dustaqlığı qətimkan tədbiri seçib. Belə halda haqlı olaraq suallar yaranır ki, cinayətdə ittiham olunan şəxs necə hakim partiyanın, yaxud Veteranlar Şurasının, ölkəmizin Təhlükəsizlik Şurasının üzvlərindən biri ola bilər? Azərbaycan hüquqi dövlətdir və biz hüquqi, demokratik inkişaf yolunu seçmişik. Hüquqi dövlətdə təqsirsizlik prezumpsiyası var. Bu və ya digər şəxs bu və ya digər məsələdə ittiham oluna, ona qarşı cinayət işi açıla bilər. Eyni zamanda o, vəkillə təmin edilir. Sonda təqsiri sübuta yetirilərsə, məhkəmənin müvafiq hökmü çıxarıldıqdan sonra o, cinayətkar adlana da bilər, adlanmaya da. İndiki halda isə DTX o qədər təkzibedilməz faktlara və arqumentlərə, hüquqi sübutlara malikdir ki, Ramiz Mehdiyevə qarşı cinayət işi açıb. Hesab edirəm ki, YAP-dan, Veteranlar Şurasından, Təhlükəsizlik Şurasından Ramiz Mehdiyevin çıxarılması məhz məhkəmənin yekun qərarına bağlıdır. Məhkəmə onun barəsində cinayətkar hökmü çıxarsa, ağır cinayətlərdə iştirakı sübuta yetirilsə, o, avtomatik olaraq YAP-dan və adıçəkilən şuralardan çıxarılır. Lakin ona qarşı hələ yeni cinayət işi açılıb. Yəqin, bir qədər gözləməli olacağıq. İstənilən halda artıq ciddi şübhələr var ki, Ramiz Mehdiyev məhz dövləti cinayətdə iştirak edib. Əks halda DTX belə bir cinayət işi açmazdı. Yəqin ki, onların əlində çox tutarlı sübutlar və dəlillər var”, - o bildirib.




Bölməyə aid digər xəbərlər