Yunanıstan və Ukrayna Türkiyəyə qarşı saziş imzalayıblar
Tarix: 18-11-2025 12:44 | Bölmə: Siyasət
Yunanıstan və Ukrayna Türkiyəyə qarşı saziş imzalayıblar

Yunanıstan ilə Ukrayna bazar günü “gizli” saziş imzalayıblar. Məlumata görə, Ukraynada Rusiya Hərbi Dəniz Qüvvələrinə ağır zərbə vuran dəniz dronları artıq Yunanıstan gəmiqayırma zavodlarında istehsal olunacaq və Yunanıstan ordusunun inventarına daxil ediləcək. Sazişin detalları təhlükəsizlik səbəbləri ilə məxfi şəkildə hazırlanır.

Reyting.az
xəbər verir ki, bu barədə həm Yunanıstan, həm də Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Ukrayna prezidenti Vladimir Zelenski bazar günü Afinada görüşüblər. Rəsmi gündəmdə enerji sazişi yer alırdı. Belə ki, Yunanıstan ABŞ-dan aldığı qazı Ukraynaya satmalı idi.

Lakin əvvəlcədən açıqlanmayan və sonradan Yunanıstan mətbuatında geniş müzakirəyə səbəb olan başqa bir gizli razılaşmanın da əldə edildiyi ortaya çıxıb. Məlumatlara görə, Rusiya flaqman gəmisi “Moskva”nı batıran və Rusiya donanmasına ciddi zərər vuran PUA-ların Yunanıstan ordusu üçün istehsalına başlanılacağı qərarlaşdırılıb.

Bundan əlavə, bu pilotsuz sistemlərin birbaşa Türkiyəyə qarşı istifadə üçün istehsal olunacağı iddia edilir. Eyni zamanda, yaxın aylarda pilotsuz sualtı qayıqların da istehsalına start veriləcəyi bildirilir.

Razılaşma, həm Ukrayna ordusu, həm də Yunanıstan Silahlı Qüvvələri üçün istifadə olunacaq pilotsuz yerüstü nəqliyyat vasitələrinin Yunanıstan gəmiqayırma zavodlarında istehsal olunmasını nəzərdə tutur. Bu çərçivədə Yunanıstan şirkətləri elektron və optik sistemlər, sensorlar və zəruri hallarda partlayıcı yüklər istehsal etməyə çalışacaqlar.

Sözügedən vasitələr Ukrayna cəbhəsində sınaqdan keçmiş modellərin təkmilləşdirilmiş versiyası olacaq. Əməkdaşlıq uğurla davam edərsə, pilotsuz sualtı nəqliyyat vasitələrinin birgə istehsalı da gündəmə gətiriləcək.

Yunanıstan mətbuatı yazır ki, bu layihə eyni zamanda ölkənin Türkiyə ilə dron texnologiyaları üzrə fərqi azaltmasına kömək edə bilər.

Qeyd olunur ki, Yunanıstan mütəxəssislərindən ibarət nümayəndə heyəti müqavilənin texniki detallarını dəqiqləşdirmək üçün yaxın vaxtlarda gizli bir tarixdə Ukraynaya səfər edəcək.

Bundan əlavə, hazırda Ukrayna prezidenti V. Zelenski Ankaraya səfər edəcəyini açıqlayıb. Səfərin sabaha planlaşdırıldığı deyilir. Bu səfərin elan edilməsində Ukrayna–Yunanıstan yaxınlaşmasının və bunun Türkiyə tərəfindən necə qarşılanacağının hansı rol oynadığı hələlik məlum deyil. Lakin aydındır ki, Ukraynanın Türkiyəyə münasibətdə atdığı bu addımlar Ankarada cavabsız qalmaya bilər.

N. ORUCOV




Bölməyə aid digər xəbərlər