Rutte: ABŞ-ın sülh planında yaxşı elementlər də var
Tarix: 25-11-2025 10:36 | Bölmə: Siyasət
Rutte: ABŞ-ın sülh planında yaxşı elementlər də var

Donald Tramp administrasiyası tərəfindən təqdim edilən 28 bəndlik Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli planı Ukrayna və ABŞ mövqelərini yaxınlaşdırmağa kömək edib.

Reyting.az
xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte “Azadlıq Radiosu”na müsahibəsində deyib.

Onun sözlərinə görə, planın bəzi elementləri “dərindən düşünülməlidir”.

“Əlbəttə, qarşıda hələ çox iş var, lakin dünən Ukrayna və ABŞ komandalarının çox uğurlu görüşü (23 noyabrda Cenevrədə keçirilən görüş – red.) baş tutdu. Bu görüş həmin plan əsasında qurulmuşdu. Mən onun hər bəndini təhlil etməyəcəyəm. Amma açıq-aydın görünür ki, əsas kimi o, dünən öz məqsədinə çatdı – tərəfləri real dialoqa sövq etdi”,- Rutte deyib.

O əlavə edib ki, Cenevrə görüşündən sonra Ukrayna və ABŞ arasında sülh planı üzrə danışıqlar davam etdiriləcək.

“Amma hamımız bir şeyi anlayırıq - və burada mən ABŞ prezidentinin baxışına sadiq qalaram - son məqsəd nədir? Son məqsəd - və bu, Donald Trampın fevraldan bəri üzərində işlədiyi məsələdir - suveren Ukrayna və artıq Rusiyanın heç vaxt hücum etməyə cəhd göstərməyəcəyi güclü bir ölkədir. Biz hamımız məhz buna nail olmağa çalışırıq... Planda yaxşı elementlər var, eyni zamanda bəziləri həqiqətən düşünülüb işlənməlidir”, - Rutte vurğulayıb.

NATO baş katibi həmçinin ABŞ prezidenti ilə telefon danışığı apardığını, “Cenevrə danışıqlarının mümkün olan ən yaxşı mövqedən başlamasına əmin olmaq üçün çoxları kimi” onunla əlaqə saxladığını bildirib. Rutte bu danışığın detalları barədə məlumat verməyib.

Xatırladaq ki, ABŞ və Ukrayna Cenevrədə keçirilən danışıqlarda 19 bəndlik yeni sülh sazişi hazırlayıblar, lakin siyasi baxımdan ən həssas məsələlər hər iki ölkə prezidentinin ixtiyarında saxlanılıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər