Fidan: Azərbaycan və Ermənistan tarixi fürsətdən istifadə etməlidir
Tarix: 18-11-2025 20:38 | Bölmə: Siyasət
Fidan: Azərbaycan və Ermənistan tarixi fürsətdən istifadə etməlidir
Hakan Fidan

Ankara həssas bölgə sayılan Cənubi Qafqaza “diqqətli yanaşma” göstərəcək.

Reyting.az
Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan ölkə parlamentində çıxışı zamanı bildirib.

Fidan qeyd edib ki, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi, eləcə də Ermənistanla münasibətlərin normallaşdırılmasında əldə olunan irəliləyişlə bağlı ifadə edilən öhdəliklər bölgədə uzun müddətdir gözlənilən davamlı sülhə ümidləri artırıb.

Nazir əlavə edib ki, Türkiyə Azərbaycanla ikitərəfli və çoxtərəfli platformalarda “müstəsna münasibətlər” saxlayır.

Fidan vurğulayıb: “Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, o cümlədən Qarabağın bərpası və dirçəlişi səylərində müttəfiqimiz Azərbaycanla koordinasiya və həmrəylik içində hərəkət etməyə davam edirik”.

O, həmçinin Ermənistanın Türkiyə və Azərbaycana qarşı “sülhsevər və konstruktiv yanaşmasını” yüksək qiymətləndirib.

Nazir bildirib ki, Türkiyə Ermənistanla müxtəlif səviyyələrdə dialoqu davam etdirir və atıla biləcək konkret addımlar üzərində birgə səyləri səmimi şəkildə irəli aparır: “Türkiyə lap əvvəldən Cənubi Qafqazda sülhün bərqərar olması və regionda ortaq rifah məkanı yaradılması üçün çalışıb”.

H. Fidan bir daha vurğulayıb ki, Azərbaycan və Ermənistan “bu tarixi fürsətdən istifadə etməyə və mümkün qədər tez bir zamanda sülh sazişi imzalamağa çağırılır”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər