Trampın nüfuzu ən aşağı səviyyəyə düşüb
Tarix: 19-11-2025 01:03 | Bölmə: Siyasət
Trampın nüfuzu ən aşağı səviyyəyə düşüb

2025-ci ilin yanvar ayında hakimiyyətə qayıtdıqdan sonra ABŞ prezidenti Donald Trampın reytinqi ən aşağı səviyyəyə enib. Bu, xüsusilə iqtisadi çətinliklər və “Epsteyn sənədləri”nin dərcindən sonra yaranan qalmaqal fonunda baş verib.

Reyting.az
-ın məlumatına görə, bunu Reuters/Ipsos sorğusu göstərir.

Sorğuya əsasən, Trampın hazırkı reytinqi 38 faiz təşkil edir ki, bu da noyabrın əvvəlində keçirilmiş əvvəlki sorğudakı göstəricidən iki faiz aşağıdır.

“Reuters” yazır ki, Tramp ikinci prezidentlik müddətinə amerikalıların 47 faizinin dəstəyi ilə başlayıb. Onun hazırkı reytinqi isə birinci müddətindəki ən aşağı göstəriciyə yaxındır.

Respondentlər digər məsələlərlə yanaşı, ABŞ prezidentinin yaşayış xərcləri siyasətindən və cinsi cinayətə görə məhkum olunmuş Ceffri Epsteynin istintaqının gedişatından narazılıqlarını ifadə ediblər.

Amerikalıların yalnız 26 faizi Trampın yaşayış xərcləri ilə bağlı yaxşı iş gördüyünü düşünür - bu, ayın əvvəlindəki göstəricidən üç bənd azdır.

Həmçinin amerikalıların yalnız 20 faizi, o cümlədən Respublikaçıların 44 faizi Trampın “Epsteyn işi” ilə bağlı addımlarını bəyənir.

Respondentlərin təxminən 70 faizi (Demokratların 87 faizi və Respublikaçıların 60 faizi daxil olmaqla) administrasiyanın bu məsələ ilə bağlı məlumatları gizlətdiyinə inanır.

Qeyd edək ki, sorğu onlayn formada keçirilib və ölkə üzrə 1017 yetkin iştirakçı arasında aparılıb. Sorğunun xəta payı təxminən üç faizdir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər