Professor: “Qanunsuz silahlı dəstələr ya təslim olmalı, ya da...”
Tarix: 20-09-2023 13:05 | Bölmə: Slayd
Professor: “Qanunsuz silahlı dəstələr ya təslim olmalı, ya da...”

“Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı yüksək dəqiqliklə və mülki insanlara zərər vermədən aparılır. Bizə aydın idi ki, belə əməliyyat olacaq, çünki təxribatlar dayanmırdı. Ötən ilin sentyabrında da təxribatlar oldu, layiqli cavablarını aldılar. Bu ilin sentyabrında da xaincəsinə minalanma səbəbindən polislərimiz, ərazidə işləyən vətəndaşlarımız həyatlarını itirdilər. Bütün bunlar bizim səbr kasamızı daşdırdı və Azərbaycan antiterror əməliyyatlarına başlamağa məcbur oldu”.

Bunu Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

C. Nuriyev qeyd edib ki, Azərbaycan Ordusu yüksək dəqiqliklə əsas hərbi obyektləri vurur:

“Ruben Vardanyan elan edib ki, yüzdən çox itkiləri var, saxta qurumun ombudsmanı isə 32 itki olduğunu bildirir. Yəni qarşılıqlı yalan xəbərlər yayırlar. Amma bir nəfər uşaq və mülki insan ölməyib. Əvəzində 30-dan çox hərbi obyekt ordumuz tərəfindən vurulub. Bu qədər hərbi obyekt orada nə gəzir? Qanunsuz silahlı qurumlar, bndit dəstələri ya təslim olmalı, ya da məhv edilməlidir”.

Professorun sözlərinə görə, Rusiya tərəfi elan edib ki, iki minə qədər insanı təxliyə edərək təhlükəsiz yerə aparıb və onların çoxu uşaqlardır. “Yəni mülki insanlarla iş yoxdur. Adətən ermənilər mülki azərbaycanlıları soyqrıma məruz qoyub. Xocalı və Başlıbel hadisələri bunun əyani göstəricisidir”, - deyə C. Nuriyev əlavə edib.

Professor bildirib ki, Azərbaycan dövlətinin və onun liderinin mövqeyini prezidentin köməkçisi Hikmət Hacıyev açıqlayıb: “Çox qanunu və hüquqi şərtlər irəli sürülür. Azərbaycan dövləti ərazisində silahlı dəstələrdən silahı yerə qoymaq, saxta qurumun özünü buraxması tələb olunur. Bu haqlı tələbdir. Bir neçə dəfə onlara danışıqlar təklifi etmişik. Amma rədd cavab verilib. Hələlik son tələblərə də erməni separatçıların reaksiyası yoxdur. Amma orada çoxlu sayda erməni var ki, Azərbaycan vətəndaşlığını qəbul etmək, yaşamaq istəyir. Həmin ermənilər də separatçı qurum tərəfindən əsir götürülüb. İndi onlar da xilas olunur.

Digər tərəfdən, dövlətimizin mövqeyini BMT Baş Assambleyasında Türkiyə prezidenti Ərdoğan da elan edib. Ərdoğan təsadüfi siyasi fiqur deyil. Dünyanın iyirimi inkişaf etmiş iqtisadiyyatına, son illər ən çox silah satan on ölkədən birinin lideridir. Yəni bizim mövqeyimiz aydındır”.

C. Nuriyev qeyd edib ki, xarici reaksiyalara dərindən fikir verməyə ehtiyac yoxdur: “Azərbaycan ərazi bütövlüyünü təmin edir, öz ərazisi daxilində baş qaldıran qanunsuz və cinayətkar şəxslərə qarşı ölçü götürür. Yəni Azərbaycan BMT Nizamnaməsinin 51-ci imaddəsinə uyğun olaraq addımlar atır. Əlbəttə, insan haqları mövzusunda kimlərsə nələrsə deyə bilər və deyəcəklər də. Amma daha vacibi Azərbaycan xalqının və Azərbaycan prezidentinin nə deməsidir. Bizə vacib olan Azərbaycanın maraqlarıdır. Odur ki, kənar reaksiyalara diqqət etməyin tərəfdarı deyiləm”.

Y. QACAR

P.S. Ermənistan silahlı qüvvələrinin Qarabağdakı hərbi birləşmələri artıq təslim olub və bölgədə yaşayan ermənilərin nümayəndələri sabah Yevlax şəhərinə Azərbaycan nümayəndələri ilə danışıqlara gələcək.




Bölməyə aid digər xəbərlər