Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur - Professor
Tarix: 30-04-2025 13:57 | Bölmə: Slayd
Azərbaycan-İran münasibətlərinin üst səviyyəyə qaldırılmasına maneə yoxdur

“İran prezidenti Məsud Pezeşkianın Azərbaycana dövlət səfəri yüksək qiymətləndirilməlidir. Bu səfər böyük əhəmiyyətə malikdir”.

Bunu professor Qabil Hüseynli İran prezidenti Məsud Pezeşkianın Azərbaycana dövlət səfərini “Reytinq” qəzetinə şərh edərkən deyib.

Qabil Hüseynli xatırladıb ki, Azərbaycan 1991-ci ildə Müstəqillik Bəyannaməsi ilə çıxış edərək müstəqilliyini bərpa edib: “Üstəlik, bunun ardınca Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa edib. Bütün bunlar bizim üçün qürur mənbəyidir, ən böyük sərvətdir.

İkincisi, prezident Pezeşkian İran dövlətinin rəhbəridir, bu dövlətin əhalisinin yarıdan çoxu bizimlə eyni soy-kökdəndir, azərbaycanlıdır. Pezeşkianın özü də türkdür və indi İran prezidentidir. Bu mənda milliyyətcə iki türk prezidentin görüşməsi, münasibətləri müzakirə etmələri, əlaqələri möhkəmləndirmək və irəli aparmaq niyyəti, eləcə də iki dövlət adından bəyanat vermələri çox əhəmiyyətlidir, qürurvericidir”.


Qabil Hüseynli

Professor qeyd edib ki, İran prezidenti M. Pezeşkianın Azərbaycana səfəri zamanı bir sıra dövlət sənədləri imzalanıb, bu sənədlər iki ölkə arasında əlaqələri möhkəmləndirmək və inkişafa xidmət edir: “Buna qədər iki dövlət arasında müəyyən problemlər yaşanıb, o cümlədən İranda bəzi qüvvələr anti-Azərbaycan mövqeləri ilə seçiliblər. Bu da istər-istəməz münasibətlərə mənfi təsir göstərib. Prezident Pezeşkianın səfəri bu baxımdan böyük əhəmiyyət daşıyır, çünki o, Azərbaycanla əlaqələri yüksək səviyyəyə qaldırmaq niyyətindədir. Azərbaycan dövləti bu niyyətini hər zaman səsləndirib, lakin bu qarşılıqlı olmalıdır. İndi bunun baş verməsi üçün tarixi imkan yaranıb”.

Q. Hüseynli hesab edir ki, indi Azərbaycan-İran münasibətlərinin inkişaf etdirilməsi, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün maneə yoxdur: “Tərəflər arasında bir sıra sənədlər imzalandı, bir sıra dövlət qurumlarının məsləhətləşmələr aparması nəzərdə tutulub. Prezidentlərin verdiyi bəyanatda da əlaqələrin üst səviyyəyə daşınması üçün maneənin olmadığı görünür”.

Professor sonda əlavə edib ki, İran Azərbaycanın ən yaxın qonşusudur və əlaqələri daha yüksək səviyyəyə qaldırmaq üçün yaranmış tarixi imkanlar qiymətləndirilməlidir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
25-04-2025, 10:13 Kibertəhlükə artır - Video