Ukrayna Rusiya ilə sülh danışıqlarına məcbur edilə bilər
Tarix: 24-11-2023 10:11 | Bölmə: Slayd
Ukrayna Rusiya ilə sülh danışıqlarına məcbur edilə bilər

Müttəfiqləri Kiyevi müharibədə qalib gəlmək üçün lazım olan silah və sursatla tam təmin etməsələr, Ukrayna istəmədən Rusiya ilə sülh danışıqlarına cəlb olunmaq riski ilə üzləşəcək.

Reyting.az
xəbər verir ki, belə bir iddia ilə Litvanın xarici işlər naziri Gabrielius Landsbergis çıxış edib.

Nazirin sözlərinə görə, Kiyevin raket sistemləri və döyüş sursatlarının olmaması, eləcə də AB-nin aylarla davam edən qərarvermə prosesi Ukraynanı sülh üçün başqa çarəsi olmayan vəziyyətə sala bilər, amma bu, Ukraynanın seçimi olmayacaq.

G. Landsbergis daha sonra əlavə edib:

“Bizim tanıdığımız Ukrayna və nəfəs aldıqca kömək edəcəyimiz Ukrayna heç vaxt terrorçularla danışıqlar aparmayacaq, lakin reallıq belə ola bilər”.


G. Landsbergis

O, ABŞ-ın yardımının respublikaçılar tərəfindən əngəlləndiyini və Avropa İttifaqının Kiyevi kifayət qədər sursatla təmin edə bilməməsindən məyus olduğunu deyib: “Avropa İttifaqının Ukraynaya kömək etməsindən daha çox Koreya Xalq Demokratik Respublikası Rusiyaya kömək edəndə bu, gülməli görünür”.

Xatırladaq ki, bir neçə gün əvvəl Landsbergis Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasında Ukraynada atəşkəs çağırışlarını “utancverici təklif” adlandırıb.

Məlumat üçün bildirək ki, bundan əvvəl media ABŞ və Avropa İttifaqı nümayəndələrinin Ukrayna ilə Rusiyanın sülh danışıqlarının aparılması imkanlarını müzakirə etməyə başladığı barədə məlumat yayıb. Qeyd olunub ki, Ukraynanın sülh danışıqları ilə bağlı daha aktiv və təcili müzakirələrə başlamasına çox güman ki, ilin sonuna qədər vaxt veriləcək. ABŞ Dövlət Departamenti isə Rusiya ilə hər hansı sülh danışıqlarından xəbərdar olmadığını bildirib və danışıqların Ukraynanın işi olduğunu vurğulayıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər