Çirkli hava il ərzində Avropada yarım milyon insanı öldürüb
Tarix: 24-11-2023 17:19 | Bölmə: Slayd
Çirkli hava il ərzində Avropada yarım milyon insanı öldürüb

2021-ci ildə Avropa Birliyində yarım milyon insan havanın çirklənməsi səbəbindən həyatını itirib.

Reyting.az
“The Guardian”a istinadla bildirir ki, bunu Avropa Ətraf Mühit Agentliyinin tədqiqatçıları bildirib.

Tədqiqatçıların sözlərinə görə, ölümlərin təxminən yarısının qarşısını çirklənməni həkimlərin tövsiyə etdiyi hədlərə qədər azaltmaqla almaq mümkün idi.

Tədqiqatçılar deyirlər ki, 253.000 ölüm PM2.5 kimi tanınan incə hissəciklərin tövsiyə olunan maksimum konsentrasiyasını aşması nəticəsində baş verib.

Daha 52.000 insan həddindən artıq azot dioksidindən, 22.000 nəfər isə həddindən artıq ozona qısamüddətli məruz qalmadan həyatını itirib.

“Bu gün açıqlanan rəqəmlər bizə xatırladır ki, havanın çirklənməsi hələ də Avropa İttifaqında bir nömrəli sağlamlıq problemidir”, - deyə Avropanın Ətraf Mühit üzrə Komissarı Virqiniyus Sinkyaviçyus əlavə edib.

Həkimlər deyirlər ki, havanın çirklənməsi dünyanın ən böyük qatillərindən biridir, lakin ölkələr öz iqtisadiyyatlarını təmizləsə, ölümlərin sayı sürətlə azalar.

Qeyd olunur ki, 2005-2021-ci illər arasında Avropa İttifaqı ölkələrində PM2.5-in həddindən artıq konsentrasiyası nəticəsində ölənlərin sayı 41 faiz azalıb. Avropa İttifaqı onilliyin sonuna qədər bunu 55 faizə çatdırmağı hədəfləyir.

2021-ci ildə havanın keyfiyyəti ilə bağlı təlimatları sərtləşdirən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edir ki, havanın çirklənməsinin heç bir səviyyəsi təhlükəsiz sayıla bilməz, lakin təşkilat müəyyən çirkləndiricilər üçün yuxarı hədd müəyyən edib.

Sentyabr ayında Avropa Parlamenti Avropa İttifaqı hava keyfiyyəti qaydalarını ÜST standartlarına uyğunlaşdırmaq üçün səs versə də, sonradan bunu 2035-ci ilə qədər təxirə salıb.

"Yaxşı xəbər odur ki, təmiz hava siyasəti işləyir və havanın keyfiyyəti yaxşılaşır. Lakin biz daha çox iş görməliyik və çirklənməni daha da azaltmalıyıq", - deyə Sinkeviçyus əlavə edib.

Bildirilir ki, qalıq yanacaqların yandırılması, avtomobil sürmək və mal-qara yetişdirmək çoxlu miqdarda zəhərli qazlar və zərərli hissəciklər çıxarır ki, insanlar da onunla nəfəs almalı olurlar. PM2.5 kimi tanınan bu hissəciklərin ən kiçiyi qan dövranına daxil ola bilir, burada bütün bədəni gəzir və beyindən reproduktiv orqanlara qədər zərər verir.

“The Guardian”ın hazırkı araşdırması göstərib ki, Avropada insanların 98 faizi o qədər çox çirklənmiş hava ilə nəfəs alır ki, bu da ÜST-nin göstərişlərinə ziddir.

Y. QACAR




Bölməyə aid digər xəbərlər