Professor: “İrəvan Qərbə doğru hərəkət edir, amma...”
Tarix: 25-11-2023 18:51 | Bölmə: Slayd
Professor: “İrəvan Qərbə doğru hərəkət edir, amma...”

“Baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarması çox çətin olacaq. Nəzərə almaq lazımdır ki, Moskva bütün gücü ilə İrəvanın üzərinə gəlmir. Əgər var gücü ilə Kreml İrəvanın üzərinə gəlsəydi, Paşinyan duruş gətirə bilməzdi. Həm də belə bir hal olsaydı, ən azından Rusiyanın üç televiziya kanalı sinxron formada fəaliyyət göstərərdi. Amma hələ ki, bunu müşahidə etmirik”.

Bu sözləri Reyting.az-a professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, hazırda Rusiyadan Ermənistana qarşı informasiya müharibəsinə başlanıldığı hiss edilmir. Əgər belə bir hücum baş versəydi, Ermənistanın hansı addımlar atdığını da müşahidə edərdik.

Ermənistan ilə Rusiya arasında informasiya müharibəsinin başlamama səbəbinə toxunan C. Nuriyevin fikrincə, hazırda Rusiyanın başı daha çox Ukrayna müharibəsinə qarışıb, siyasətçilər də, hərbçilər də əsas vaxtını Ukraynaya sərf edir.

Professor əmindir ki, artıq Ermənistanın “qatarı” gedib: “Bəli, həqiqət budur ki, Ermənistanı, ümumiyyətlə, “erməni toplumu” deyilən cəmiyyəti məhz Rusiya 195 ildir ki, saxlayıb. İndi isə ruslar görür ki, ermənilər Rusiyanın bütün maraqlarını satır”.

C. Nuriyev xatırladıb ki, gələn həftə Avropa İttifaqının (Aİ) müşahidəçiləri Ermənistana gələcək: “Mümkündür ki, gələn həftə İrəvan-Moskva xəttində münasibətlər daha da gərgin olsun. Ehtimal edirəm ki, müşahidəçilərin gəlişinə paralel olaraq Rusiyanın da hərəkətə keçməsini müşahidə edəcəyik. Ruslar Ermənistanda hərbçiləri, müxtəlif dairələri və qrupları fəallaşdıra bilərlər. Qısası, Rusiya hələ dövlət kimi gücünü saxlayır, indiyə qədər Ermənistanla bağlı rıçaqlarını tam işə salmayıb”.

Professor qeyd edib ki, baş nazir N. Paşinyan Ermənistanı xilas etmək və Qərbə aparmaq istəsə də, bunu bacarıb-bacarmayacağı qeyri-müəyyəndir. Çünki Qərb müttəfiqləri hər an onu yarı yolda qoya bilərlər. “Tarixə baxsaq görərik ki, Amerika Vyetnamı, Kubanı, Koreyanı ruslara uduzub, indi də Ukraynanı yarı yolda qoymaq kimi niyyətlər səsləndirilir. Odur ki, bu, məsələ bir qədər çətindir. Amma hər halda Paşinyan və komandasının niyyəti və məqsədi ortadadır, bunu icra edirlər”, - deyə professor əlavə edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər