09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Ankaraya qəfil səfər: ABŞ Türkiyəyə təzyiq göstərir - Foto
Tarix: 27-11-2023 13:07 | Bölmə: Slayd
Ankaraya qəfil səfər: ABŞ Türkiyəyə təzyiq göstərir

ABŞ Maliyyə Nazirliyinin Terrorla Mübarizə və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brayan Nelson Türkiyənin Rusiya və HƏMAS-a qarşı sanksiyalara qoşulmasını müzakirə etmək üçün Ankaraya səfər edəcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Bloomberg”ə məlumatlı mənbələr danışıb.

Nelson türkiyəli həmkarları ilə görüşəcək və Ankaradan ABŞ-ın bir sıra Rusiya təşkilatlarına və HƏMAS-ın maliyyə fəaliyyətlərinə qarşı sanksiyalarına əməl etməyi xahiş edəcək.

Mənbələr “Bloomberg”-ə bildiriblər ki, ABŞ, həmçinin bir sıra türk şirkətlərinə onların Qərb maliyyə sistemi ilə əlaqələrini poza biləcək mümkün sanksiyalar barədə xəbərdarlıq edib.


Brayan Nelson

Onlar bildiriblər ki, Türkiyə limanlarına səfər edən Rusiya gəmilərinə və Türkiyə hava limanlarında yerüstü xidmət alan aviaşirkətlərə qarşı ABŞ-ın birtərəfli sanksiyalarını Türkiyənin dəstəkləməkdən imtina etməsi ABŞ-ı təşvişə salıb.

Brayan Nelsonun səfəri Türkiyə ilə ABŞ arasında onsuz da gərgin olan münasibətlərin üzləşdiyi yeni çağırışları vurğulayır. Türkiyə hökuməti HƏMAS-ı terror təşkilatı hesab etmir və bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan bu qruplaşmanı Fələstin xalqının azadlığı uğrunda mübarizə aparan təşkilat kimi xarakterizə edib.

Yeri gəlmişkən, Türkiyə ABŞ ilə münasibətlərini bərpa etmək və prezident Co Baydendən “F-16” döyüş təyyarələri almaq və donanmasını modernləşdirmək üçün dəstək qazanmaq istəyir.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiyaya hərbi istehsal üçün texnologiya tədarükünə kömək edən 130 fiziki və hüquqi şəxsə qarşı genişləndirilmiş sanksiyalar paketini açıqlayıb.

Birləşmiş Ştatlar HƏMAS adından investisiya portfellərini idarə etdiklərinə və ya Rusiyaya sanksiyalardan yayınmağa kömək göstərdiklərinə görə təxminən onlarla türk firması və bir neçə şəxsə sanksiya tətbiq edib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər