11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Seçki bitdi: İvanişvili istəyinə çatsa da, Saakaşvili xalqı üsyana səsləyir - Ekspertlər
Tarix: 29-11-2018 22:46 | Bölmə: Slayd
Seçki bitdi: İvanişvili istəyinə çatsa da, Saakaşvili  xalqı üsyana səsləyir

Noyabrın 28-də Gürcüstan Respublikasında keçirilən prezident seçkiləri başa çatsa da, bu proses sözügedən ölkə ilə yanaşı Azərbaycanda da geniş müzakirələrə səbəb olub.

Reyting.az
-ın məlumatına görə, Gürcüstanda prezident seçkilərinin ikinci turunda iqtidarın dəstəklədiyi xanım namizəd Salome Zurabişvili səslərin 59,52 faizini qazanıb.

Sabiq prezident Saakaşvili və tərəfdarlarının dəstəklədiyi Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 40,48 faiz səs toplaya bilib.

Seçkilərin ikinci turu ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində yaradılmış üç seçki məntəqəsi üzrə səsvermənin nəticələri maraq doğurmaya bilməz.

Birinci turda olduğu kimi, ikinci turda da Bakıda yaşayan və diplomatik nümayəndəlikdə səs vermiş Gürcüstan vətəndaşlarının əksəriyyəti müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni dəstəkləyib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata əsasən, Bakıda fəaliyyət göstərmiş üç seçki məntəqəsi üzrə nəticələr belədir:

4 saylı seçki məntəqəsi: Q. Vaşadze 96 səs, Salome Zurabişvili 13 səs.

5 saylı seçki məntəqəsi: Q. Vaşadze 91, Salome Zurabişvili 16 səs.

6 saylı seçki məntəqəsi: Q. Vaşadze 63, Salome Zurabişvili 12 səs.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarında hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili səs çoxluğu ilə qalib gəlib.

Belə ki, Qardabani rayonunda 63 seçki məntəqəsində S. Zurabişvili 55,08 faiz, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 44,92 faiz səs qazanıb.

Marneuli rayonunda 90 seçki məntəqəsində seçicilərin 58,08 faizi S. Zurabişvilini, 41,92 faizii isə Q. Vaşadzeni dəstəkləyib.

Bolnisi rayonunda 62 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, S. Zurabişvili 64,12 faiz, Q.Vaşadze 35,88 faiz səs toplayıb.

Dmanisi rayonundakı 50 seçki məntəqəsində seçicilərin 67,2 faizi S. Zurabişviliyə, 32,8 faizi isə Q. Vaşadzeyə səs verib.

Seçkinin ilkin nəticələri açıqlandıqdan dərhal sonra sabiq prezident Saakaşvili xalqı küçələrə səsləyib.

O, "Seçkilərin nəticələrinə baxmayaraq, sabahdan kütləvi itaətsizliyə başlayırıq”, - deyə bəyanat verib. Bildirib ki, Gürcüstan cəmiyyəti təhlükələri anlamalı və ölkəni qorumalıdır:

"Mən Gürcüstan polisini və ordusunu cinayətkar və mafiya dəstəsindən uzaq durmağa çağırıram. Bir yerdə olmalı və Gürcüstanın taleyi barədə düşünməliyik. Mən birliyə çağırıram və biz mütləq qalib gələcəyik”.

M. Saakaşvili xalqı Gürcüstanda növbədənkənar parlament seçkiləri tələbi ilə aksiyalara səsləyib.

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) prezidentliyə namizədi Qriqol Vaşadze seçkilərin ikinci turu ilə bağlı keçirilmiş "exit-poll”un nəticələri elan olunan kimi, ilk açıqlamasını verib.

O, Saakaşvilidən fərqli olaraq, "Biz mütləq yekun nəticələri gözləyəcəyik, çünki seçicilərin böyük əksəriyyəti saat 17:00-dan sonra səsvermədə iştirak edib”, - dedi.

Q. Vaşadze qeyd edib ki, Gürcüstanda bu vaxta qədər bu cür seçkilər olmayıb:

"Hakimiyyət bacardığı qədər hamını – bütün cinayətkarları, rüşvətxorları, narkotik alverçilərini səfərbər etmişdi”.

Lakin rəsmi nəticələr elan olunduqdan sonra Vaşadzenin susqunluğu, daha dəqiqi, lideri Saakaşvili kimi sərt davranmaması ortaya maraqlı nüanslar çıxarıb.

Görünür, xaricdə olan liderindən fərqli olaraq, sabiq xarici işlər naziri Vaşadze sərt qarşıdurmanın tərəfdarı deyil.

Haşiyəyə çıxaraq qeyd edək ki, seçki günü Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun İmir kəndindəki 59 saylı seçki məntəqəsində səslərin sayılmasından sonra qarşıdurma baş verib.

Belə ki, Vaşadzenin tərəfdarları seçki məntəqəsinin protokolunun hakim partiya nümayəndələri tərəfindən götürüldüyünü iddia ediblər.

Partiyanın üzvü, deputat Azər Süleymanov 59 saylı seçki məntəqəsində Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzenin qalib gəldiyini deyib:

"Hakim partiyanın nümayəndələri polis nəfərləri ilə birgə məntəqədən protokolu aparıblar. Sənəd qaytarılmayana qədər tərəfdarlarımız məntəqədən uzaqlaşmayacaq”.

Hadisə yerinə polis cəlb olunub. Müxalif partiya tərəfdarları və polis arasında mübahisə və qarşıdurma yaşansa da, Vaşadze tərəfindən buna reaksiya verilməyib.

Onu da qeyd edək ki, həm soydaşlarımızın kompakt yaşadığı rayonlarda, həm də digər bölgələrdə polis gücləndirilmiş rejimdə işləyib. Bu isə iqtidarın qarşıdurma, hətta qanlı hadisələrdən ehtiyatlandığnı göstərir.

Vaşadzedən fərqli olaraq, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili qələbəsini hələ ilkin rəsmi nəticə açıqlanmamış qeyd edib.

O, "Gürcüstan xalqı bu gün sülhlü, azad və bərabər vətəndaşların ölkəsinə səs verib”, - deyərək, seçkilərdə cəmiyyətin onu dəstəkləməyən hissəsi, məsləkdaşları olmayanlarla dialoqun qurulacağını bildirib:

"Biz hamımız kiçik ölkənin vətəndaşlarıyıq. Bir yerdə yaşayırıq və gələcəkdə də birgə yaşamalıyıq. Sizə söz verirəm ki, bizim birləşməyimiz üçün bütün gücümü sərf edəcəyəm. Hamımızın məqsədi müasir, inkişaf edən və firavan Gürcüstana nail olmaqdır”.

S. Zurabişvili seçkilərin dinc şəraitdə keçdiyini deyib və bunun önəmini qeyd edib.

"Gürcüstandakı seçkilərdə Bidzina İvanişvili qalib gəldi. Müxalifətə yaxın "Rustavi-2" telekanalının sifarişi ilə ABŞ-ın "Edison Research" şirkətinin keçirdiyi "exit-poll"un nəticələrinə əsasən Salome Zurabişvili prezident seçilib. Əgər müxalifətin sifarişi ilə keçirilən sorğu iqtidar namizədinin qalib gəldiyini göstərirsə, deməli, kütləvi saxtakarlıqdan danışmaq doğru deyil".

Reyting.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli deyib. O bildirib ki, əlbəttə, qanun pozuntuları, ən müxtəlif əyintilər kifayət qədər olub:

"Bunlar zatən 1-ci turda da var idi. Amma İvanişvili ilk turdakı uğursuzluqdan sonra çox ciddi işlədi, özünün bütün maddi və siyasi resurslarını, eyni zamanda inzibati resursları işə saldı və öz namizədinin lazımi miqdarda səs yığmasını təmin etdi. Gürcüstan kimi demokratiyanın oturuşmadığı, bu istiqamətdə hələ kövrək addımlar atmaqda olan bir ölkədə Avropa demokratiyaları səviyyəsində seçki gözləmək yanlışdır. Hakimiyyətdəki qüvvənin, kim olursa-olsun, böyük üstünlüyü var, pul və güc mühüm amildir. İkinci tur ərəfəsində problemli kreditlərin silinməsi, maaş, müavinət artımı kimi populist addımlar öz rolunu oynadı".

Politoloq qeyd edib ki, ən mühüm faktor Saakaşvili dönəmindən narazı qalan, onun qayıtmasını istəməyən təbəqənin hərəkətə gətirilməsi olub: "Belələrinin sayı Gürcüstanda kifayət qədərdir. İqtidarın seçkini şüurlu şəkildə "Saakaşvili gəlsin, gəlməsin?" referendumuna çevirməsinin müxalifətin əleyhinə işləyəcəyini yazmışdım".

Şahin Cəfərli bildirib ki, "Rusiya qalib gəldi" şəklində reaksiyalar mənasızdır:

"Gürcü Arzusu" 2012-ci ildən hakimiyyətdədir və ötən müddətdə Avroatlantik inteqrasiya yönündə ciddi məsafə qət edilib. Qərb də maraqlıdır ki, radikal və impulsiv Saakaşvilinin iqtidara qayıtmasındansa, indikilər bir müddət də qalsın".

Politoloq Elxan Şahinoğlu da qonşu ölkədəki seçkini təhlil edib. Onun sözlərinə görə, Gürcüstanda prezident seçkisinin birinci turundan sonra müxalifətin namizədi Qriqol Vaşadzenin ikinci turda qələbə çalma ehtimalı yüksək olub:

“Birincisi, o, hakimiyyətin namizədi Salome Zurabişvili ilə faktiki eyni nəticə göstərmişdi. Birinci turda üçüncü yeri tutan müxalifətin digər namizədi David Bakradze ikinci turda tərəfdarlarını Vaşadzeyə səs verməyə çağırmışdı.

Digər müxalif namizədlər də Vaşadzeni seçmişdilər. Bakradze 10 faiz səs toplamışdı. Riyazi olaraq tək Bakradzenin səsləri Vaşadzenin ikinci turda qələbəsini təmin etməli idi, amma etmədi. Vaşadze gözlənilənin əksinə olaraq kifayət qədər böyük fərqlə Zurabişviliyə məğlub oldu”.

Politoloq məğlubiyyətin əsas səbəblərinə belə şərh verib:

“Birincisi, Bidzina İvanişvili administrativ resurslardan istifadə edərək bütün gücünü və enerjisini Salome Zurabişvilinin qələbəsinə yönəltdi. Çünki Vaşadze qələbə çalsaydı, İvanişvilinin ağır günləri başlayacaqdı. Vaşadzenin qələbəsindən sonra keçmiş prezident Mixail Saakaşvili vətənə qayıdacaq və növbədənkənar parlament seçkisi tələb edəcəkdi. Bundan başqa, Saakaşvili İvanişvili ilə ölüm-dirim mübarizəsinə başlayacaqdı və bu mübarizədə İvanişvilinin qələbə çalmaq ehtimalı yüksək deyildir. Bu təhlükəli ssenarini önləmək üçün İvanişvili qısa vaxt ərzində Zurabişvilinin populyarlığının artırılması istiqamətində var gücüylə çalışdı və nəticə göz qabağındadır.

İkincisi, İvanişvilinin gürcülərin banklara olan 600 milyon dollar borcunun qaytarılması vədi nəticəsini verdi. Bu bir vəddir, hələ yerinə yetirilməyib, yaxın aylarda yerinə yetiriləcəyi də sual altındadır. Ancaq vədin özü insanları düşünməyə vadar etdi və birinci turda Vaşadzeyə səs verənlər ikinci turda şirnikləndirici təklif qarşısında mövqelərini dəyişə bilərdilər.

Üçüncüsü, Vaşadzeyə birinci turda səs verənlər ikinci turda fəal olmadılar. Hətta onların bir hissəsi ikinci turda ümumiyyətlə, səsvermə məntəqəsinə yollanmadılar. Gələn xəbərlərə görə, birinci turda Bakradze və Vaşadzeyə səs verən Gürcüstan azərbaycanlılarının da bir hissəsi ikinci turda fəallıq göstərməyiblər. Yəni, Vaşadze elektoratını fəallaşdıra bilməyib.

Dördüncüsü, İvanişvili gürcüləri növbəti Rusiya müharibəsi ilə də qorxuda bilərdi. Yəni guya Saakaşvili qayıtsaydı, yenidən Rusiya ilə müharibənin başlanması mümkündür. Digər tərəfdən, Azov dənizində son insident də İvanişvilinin işinə yaradı. Yəni, gürcülər növbəti Rusiya-Ukrayna qarşıdurmasının Gürcüstanla baş verə biləcəyindən ehtiyat etdilər. 2008-ci il müharibəsi gürcülərin gözünü qorxudub. Bu amilin də ikinci turdakı nəticəyə təsiri oldu”.

E. Şahinoğlu bildirib ki, Saakaşvilidən fərqli olaraq, Vaşadze üçün qərar vermək çətindir:

“Saakaşvili tərəfdarlarını küçəyə etiraza və inqilaba səsləyir. Saakaşvili rahatdır, tapşırıqlarını Hollandiyadan verir. Vaşadze üçün isə qərar vermək çətindir. Əlbəttə, o, baş verən saxtakarlıqlara qarşı müvaqimət göstərəcək, ancaq mübarizəni vətəndaş qarşıdurmasına qədər inkişaf etdirəcəkmi? Bu, onun üçün çətin sualdır. Çünki polislə qarşıdurmanın uzanması ölüm hallarına, bu isə öz növbəsində vətəndaş müharibəsinə gətirib çıxara bilər. Ona görə də Saakaşvilidən fərqli olaraq, Vaşadze tələsik qərar verməyəcək”.

Politoloq erməni tərəfdarı olduğu iddia edilən Zurabişvilinin qələbəsinin Azərbayaca necə təsir edəcəyinə də aydınlıq gətirib. Onun fikirincə, xanım Salomeninin qələbəsi ölkəmizə mənfi təsir göstərə bilməz:

“Açıq demək lazımdır ki, çoxumuzun rəğbəti Vaşadzenin tərəfində idi. Çünki Vaşadze Saakaşvilinin tərəfdarıdır və Azərbaycanla strateji əməkdaşlığa, o cümlədən Gürcüstandakı azərbaycanlılara önəm verir. Ancaq Zurabişvilinin prezident seçilməsindən də narahat olmağa dəyməz. Gürcüstanda prezident və baş nazir kim olursa-olsun, Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək məcburiyyətindədir. Çünki Azərbaycanın iqtisadi dəstəyi olmadan Gürcüstan ayaqda dura bilməz. Bunu İvanişvili və onun tərəfdarları da anlayırlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}