Orban: Tramp seçkidə qalib gəlsə, sülh erası başlayacaq
Tarix: 19-07-2024 16:18 | Bölmə: Slayd
Orban: Tramp seçkidə qalib gəlsə, sülh erası başlayacaq

Macarıstanın baş naziri Viktor Orban Ukrayna münaqişəsinin həlli ilə bağlı əsas ümidlərini ABŞ-da keçiriləcək seçkilərdə mümkün qələbəyə və keçmiş prezident Donald Trampın Ağ evə qayıdışına bağlayır.

Reyting.az
-ın xəbərinə görə, baş nazir bunun Ukraynada sülh tərəfdarlarının üstünlüyü əldə etməsinə imkan verəcəyini bildirib.

“Noyabr ayından (ABŞ seçkilərindən) sonra sülh tərəfdarlarının dövrü gələcək və Avropa gələcək haqqında düşünməlidir”, - V. Orban deyib.

Onun sözlərinə görə, Macarıstanın Avropa İttifaqı Şurasına sədrliyinin əsas vəzifələrindən biri sülhün əldə edilməsidir və bu, onun Kiyev, Moskva, Pekin, Vaşinqton, eləcə də Trampın Floridadakı malikanəsinə səfəri zamanı qarşısına qoyduğu məqsədlərdir.

Orban həmçinin Ukrayna və Rusiyaya səfərlərindən çıxardığı əsas nəticələri təkrarlayıb və Macarıstan hökuməti tərəfindən iyulun 18-də dərc olunan Avropa Şurasının Prezidenti Şarl Mişelə məktubunda qeyd edib. Onun fikrincə, münaqişə tərəfləri “sülh istəmir və bu müharibədə qalib gələ biləcəyinə inanırlar”. Eyni zamanda, hər bir tərəf ümid edir ki, zaman onun tərəfindədir və sülh danışıqları başlamazdan əvvəl üstünlük əldə edəcək.

Bu baxımdan, Macarıstanın baş naziri hesab edir ki, münaqişənin həlli aparıcı dünya güclərinin, ilk növbədə ABŞ, Avropa İttifaqı və Çinin vasitəçilik səylərini tələb edəcək.

Orban əmindir ki, Baydenin rəhbərlik etdiyi ABŞ-nın hazırkı administrasiyasına ümid etmək olmaz, çünki o, Ukraynada Rusiyaya qarşı hərbi əməliyyatları dəstəkləmək siyasətini dəyişməyəcək. Bunun əksinə olaraq, Macarıstanın baş naziri hesab edir ki, Tramp sülh tərəfdarıdır və noyabrın 5-də keçiriləcək seçkilərdə qalib gələrsə, dərhal vasitəçilik səylərinə əl atacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
27-10-2024, 09:59 İki rayona qar yağıb