Üç dövlət nüvə silahlarının sayını artırır
Tarix: 17-11-2025 12:50 | Bölmə: Slayd
Üç dövlət nüvə silahlarının sayını artırır

Yeni nüvə silahlanma yarışı başlayıb. “Soyuq müharibə” dövründən fərqli olaraq, ABŞ bu dəfə iki bərabər rəqiblə - Çin və Rusiya ilə qarşıdurmaya hazırlaşmalıdır.

Reyting.az
“The Wall Street Journal”a istinadən bildirir ki, uzun müddət yalnız kiçik nüvə arsenalına malik olan Çin bu mübarizədə sürətlə ABŞ-a yaxınlaşır, Rusiya isə Amerika şəhərlərini hədəfləyən yeni nəsil sistemlər hazırlayır.

Rusiya və ABŞ fevral ayında müddəti başa çatacaq Yeni START müqaviləsi çərçivəsində müəyyən silah nəzarəti məhdudiyyətlərinə əməl etsələr də, bu sahədə öhdəliyi olmayan Çin sürətlə irəliləyir. ABŞ-ın hesablamalarına görə, Pekin 2030-cu illərin ortalarınadək yerləşdirilmiş nüvə başlıqlarının sayına görə ABŞ-la təxmini bərabərliyə çatacaq.

“Hazırkı tendensiya nüvə arsenallarını azaltmaq deyil, artırmaqdır”, - deyə Pentaqonun keçmiş rəsmisi Metyu Kroeniq bildirib. Onun fikrincə, dünya üçüncü nüvə dövrünə qədəm qoyur ki, bu da 1990-2000-ci illərdən daha çox “Soyuq müharibə” atmosferinə bənzəyəcək.

Amerika Alimləri Federasiyasının məlumatına görə, 1992-ci ildən bəri partlayıcı nüvə sınağı keçirməyən ABŞ hazırda 5117 nüvə başlığına malikdir, onların 3700-ü istismardan çıxarılıb.

Rusiyanın nüvə arsenalı 5459 başlıqdan ibarətdir. Çinin arsenalı isə 600 başlıq təşkil edir. Bundan əlavə, ötən il Rusiya ilə rəsmi hərbi ittifaq bağlayan və nüvə klubunun yeni üzvünə çevrilən Şimali Koreyanın təxminən 50 döyüş başlığı mövcuddur və ölkə ABŞ-a zərbə endirə biləcək qitələrarası raketlərə və sualtı qayıqlara fəal şəkildə investisiya yatırır.

“Bütün nüvə modernləşdirmə proqramımız Rusiya ilə hərbi xərcləri azaltmaqda davam edəcəyimiz, Çin və Şimali Koreyanın isə ABŞ-ın mövqeyinə real təhlükə yaratmayacağı fərziyyəsinə əsaslanırdı. Lakin bu fərziyyələrin hamısının yanlış olduğu sübut olundu”,- Massaçusets Texnologiya İnstitutunun Nüvə Təhlükəsizliyi Siyasəti Mərkəzinin direktoru Vipin Naranq bildirib.

Eyni zamanda, Çin hazırda silah nəzarəti üzrə danışıqlarda maraqlı deyil, çünki ABŞ və Rusiyaya çatmağa çalışır və iki ən böyük nüvə gücünün əvvəlcə arsenallarını azaltmalı olduğunu bildirir.

“Çin öz arsenalını o qədər artırmalıdır ki, ABŞ-ın Çinə qarşı nüvə silahından istifadə ehtimalı heç ağlına belə gəlməsin. O zaman Çin ənənəvi müharibədə üstünlük qazana bilər”, -deyə Çin Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlıq Mərkəzinin sabiq direktoru, təqaüddə olan polkovnik Çjou Bo bildirib.

Qərb rəsmisi isə qeyd edib ki, Rusiya Qərbin Kiyevə dəstəyini məhdudlaşdırmaq üçün nüvə təhdidlərindən istifadə edir: “Rusların vəziyyət əlverişsiz olduqda nüvə kartından yararlanmaları hər kəsə məlumdur. Bu, onların strateji kommunikasiya vasitəsidir”.

Bununla belə, bütün narahatlıqlara rəğmən, Oslo Universitetinin nüvə silahları və raket texnologiyaları üzrə eksperti Fabian Hoffmanın sözlərinə görə, Rusiyanın “Burevestnik” və “Poseidon” tipli “möcüzə silahları” tam işlək vəziyyətdə deyil və hərbi dəyərdən daha çox psixoloji təsir məqsədi daşıyır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər