17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Mərkəzi Bank valyuta bazarına nəzarəti itirir; Manatın məzənnəsi kəskin şəkildə aşağı düşə bilər
Tarix: 07-06-2016 15:11 | Bölmə: Slayd

Mərkəzi Bank həftə sonu və bazar ertəsi üçün manatı bir az da ucuzlaşdırdı.

Qeyd edək ki, ötən həftə dünya bazarındakı tendensiya ilə müqayisədə valyuta bazarımızda tam əks proses müşahidə edildi. Xatırlayırsınızsa, bir həftə əvvəl dollar dünya bazarında möhkəmlənsə də, bizdə ucuzlaşdı. Yəni, qlobal birjalarla "yola getmədik". Ötən həftə dünya bazarında dollar üçün uğurlu olmasa da, Azərbaycanda tam əksinə olaraq möhkəmləndi. Bu gün qlobal bazarda Avropa puluna nisbətən 2 faizə yaxın dəyər itirib 1 avro 1.1344 dollaradək ucuzlaşan ABŞ valyutası Bakıda möhkəmlənə bildi. Deməli, nə qədər təəccüblü olsa da, Mərkəzi Bankın siyasəti bəllidir: dollar dünya bazarında ucuzlaşanda bizdəbahalaşmalı, möhkəmləndikdə isə bizdə dəyər itirməlidir.

Mərkəzi Bank məzənnə siyasətini dəyişəcək


Tanınmış iqtisadçı Vüqar Bayramov "Reytinq"ə deyib ki, Mərkəzi Bank milli valyutanı ucuzlaşdırmağa başlayıb.

V.Bayramovun sözlərinə görə, ötən həftə ərzində manat hər gün əvvəlki günə nisbətən dəyər itirib: "Dolların dünya bazarında möhkəmlənməsi fonunda Mərkəzi Bankın milli valyutanı uzun müddət gücləndirə bilməyəcəyi bəlli idi. Möhkəm dollar bütün hallarda valyuta bazarımıza təsirsiz ötüşəbilməz. Doğrudur, Mərkəzi Bank bazarda təklif formalaşdırmaq üçün manatın kursunu müəyyən günlər möhkəmləndirmə siyasətini həyata keçirir. Bununla belə, idxalın artması müşahidə edilməkdədir ki, bu da xarici valyutaya tələbi artırır. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2016-cı ilin birinci rübündə xarici ticarət dövriyyəsi 3.6 milyard dollar olub. Ticarət dövriyyəsinin 1780,6 milyon dollarını və ya 49,4 faizini ölkədən ixrac olunmuş məhsullar, 1825,9 milyon dollarını isə idxal məhsulları təşkil etmiş, idxalın ixracı üstələməsi nəticəsində 45,3 milyon dollar məbləğində mənfi saldo yaranıb. Xarici ticarətdə mənfi saldo da dollara tələbin artmasına səbəb olur”.

V.Bayramov deyib ki, bankların biznes kreditləşməsini bərpa etməsi də xarici valyutaya tələbi artırır. Digər tərəfdən, FED-in gözlənilən yığıncağı fonunda manata psixoloji təzyiqlərin artacağı proqnozlaşdırılan idi:

"Bu (keçən həftə nəzərdə tutulur-red.) həftənin məzənnəsinin təhlili göstərir ki, Mərkəzi Bank kursu mövcud dəhliz çərçivəsində qoruyub saxlamağa çalışsa da, bazardakı tələb milli valyutamızın mövqelərinə təsir etməkdədir. Bu isə Mərkəzi Bankın məzənnə siyasətinə yeni korrektələri qaçılmaz edir. Hər halda, Mərkəzi Bankın heç də uzun müddətdə inzibati rıçaqlarını qoruyub saxlaya bilməyəcəyini proqnozlaşdırmaq elə də çətin deyil".

Onu da nəzərə çatdıraq ki, Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankı FED-in uçot dərəcəsini qaldırması ilə bağlı ehtimalları getdikcə artır. Qurumun Sent-Luis sədri Ceyms Bullardın bir neçə gün öncə verdiyi açıqlamalar da belə deməyə əsas verir.

Bullard bildirib ki, yay aylarında faiz (%) artımının olması tam qanunauyğundur. Hazırda dünya iqtisadiyyatı tədricən stabilləşməyə doğru gedir. Digər valyutalara nisbətdə dolların dəyəri artsa da, manata təsiri hiss olunmur.

Maraqlıdır, yay aylarında qəbul olunması gözlənilən bu qərarın manatın taleyinə təsiri olacaqmı?

Dolların bahalaşması xammal bazarına təsir edəcək


Bu barədə "Reytinq"ə açıqlama verən iqtisadçı Samir Əliyev bildirib ki, uçot dərəcəsinin qaldırılması dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxaracaq:

"FED bu addımı atarsa, dollar bahalaşacaq. Dolların bahalaşması isəxammal bazarına təsir göstərəcək. Bu, həm də inkişaf etməkdə olan ölkələrdəki kapitalın Amerikaya axınına zəmin yaradacaq. Təsadüfi deyil ki, Çin uçot dərəcəsinin artımının fəsadlarını azaltmaq üçün öz milli valyutası olan yuanı bir neçə dəfə devalvasiya etdi. Təbii ki, uçot dərəcəsinin artırılması Azərbaycana da təsirsiz ötüşməyəcək. Yəni, ən azı nəzəri cəhətdən bunun təsiri olmalıdır. Amma praktiki baxımdan Azərbaycana təsiri çox zəif ola bilər. Ona görə ki, əgər manat real olaraq "üzən məzənnə" kursunda olsaydı, FED-in qərarı manatı ucuzlaşdıracaqdı. Amma Azərbaycanda manatın məzənnəsi inzibati yolla müəyyən edildiyindən FED-in bu addımı Azərbaycanda hiss olunmayacaq".

S.Əliyev qeyd edib ki, Azərbaycanda yaxın dövrdə, xüsusiylə də yay aylarında manatın güclü ucuzlaşması ehtimal olunmur. Onun fikrincə, manat üçün 1.50-1.60 məzənnəsi ən azı yay aylarında qorunub saxlanacaq.

"Baha dollar - ucuz əmtəə" formulu işə düşə bilər

Tanınmış iqtisadçı-ekspert, Real Hərəkatının icra katibi Natiq Cəfərli isə qarşıdakı dövrlə bağlı gözləntilərini bizimlə bölüşərkən deyib ki, iyun ayı dünya iqtisadiyyatına, o cümlədən bizim primitiv, bir borudan asılı qalan iqtisadiyyatımıza təsir edəcək çoxsaylı hadisələrlə zəngin olacaq:

"Avropa Mərkəzi Bankının da toplantısı var, "Super Marionun" (AMB rəhbəri Mario Dragi) kəskin qərarlar verməsi gözlənilmir, ən yaxşı halda bu günə qədər alınmış qərarlar qüvvədə qalacaq. Bazarlar Draginin mətbuat konfransında deyəcəyi cümlələrə, səs tonuna, vurğularına köklənəcək.

İyun ayının 14-15-də isə ABŞ-da FED-in toplantısı olacaq, bütün dünyanın maraqla gözlədiyi hadisə, məhz budur. Çox güman ki, FED uçot dərəcəsini 0,25 faiz artıracaq. Əgər bu baş verərsə dünyada dolar indeksi yüksələcək, dolların digər valyutalara nisbətən bahalaşmasını görəcəyik. "Baha dollar - ucuz əmtəə" formulu da işə düşəcək, qızıldan, əlvan və sənaye metallarından tutmuş, neftə qədər - qiymətlərdə korreksiya, ucuzlaşma müşahidə ediləcək.

Bizim şanlı Mərkəzi Bank rəhbəri Elman Rüstəmov bu yaxınlarda dedi ki, "FED-in qərarının bizə heç bir təsiri yoxdur, manata əsas neft qiymətləri və qonşu ölkələrin valyutalarının məzənnələrinin ucuzlaşması təsir göstərir”.

Elman müəllimin qəribə məntiqinin olması artıq heç kəsə sirr deyil. Yaxşı, tutalım, FED qərarı manata təsir göstərməyəcək, amma qonşu ölkələrdə məzənnənin və neft qiymətlərinin ucuzlaşması təsir göstərəcəksə, FED uçot dərəcəsini artırsa, qonşu ölkələrdə dollar bahalaşacaq, neft də ucuzlaşacaq. Yəni, Keçəl Həsən, ya Həsən Keçəl - nə fərqi var ki?! Başqa sözlə, əgər FED-in qərarı neftə, qonşu ölkələrə təsir edəcəksə, bu da manatın məzənnəsində öz əksini tapacaqsa, "FED-in bizə aidiyyatı yoxdur",- demək hansı mənanı dayışır?".

Reyting.az





Bölməyə aid digər xəbərlər