











Tarix: 20-06-2016 15:08 | Bölmə: Slayd
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məsələni Reyting.az-a şərh edərkən deyib ki, son dövrlər Azərbaycan danışıqlara danışıq naminə getmək siyasətindən imtina edir.
Onun sözlərinə görə, Ermənistan tərəfi ilə həyata keçirilən çoxsaylı görüşlər onların məsələnin konstruktiv həllində maraqlı olmadıqlarını göstərir: "Ermənistan tərəfi dəfələrlə danışıqlarda əldə edilmiş müəyyən nəticədən növbəti dəfə müxtəlif bəhanələrlə imtina edib. Aprel döyüşlərindən sonra isə situasiya kökündən dəyişib. Belə ki, Ermənistanın hərbi gücünün zəif olması, işğal etdiyi əraziləri öz ərazisi adlandırması beynəlxalq ictimaiyyətdə apardıqları təbliğatı sıfıra endirib.
Həmçinin, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü pozmasına dözmək fikrində olmadığını açıq bildirir. Buna görə də danışıqlarda ancaq nəticə olacağı təqdirdə görüşlərə razılıq verir. Vyana görüşü də bu cür qiymətləndirilə bilər”.
A.Mirzəzadə qeyd edib ki, Rusiya tərəfinin görüşdə prezident səviyyəsində iştirak etməsi danışıqları ciddiləşdirir: "Azərbaycan bu görüşə getməklə Ermənistana bir daha şans verir. Hər halda, bu görüş Qarabağla bağlı danışıqlar siyasətini müəyyənləşdirəcək".
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu isə əməkdaşımızla söhbətində deyib ki, prezidentlərin budəfəki görüşlərindən də hər hansı nəticə gözlənilmir. Onun sözlərinə görə, nə qədər ki, Azərbaycan bu danışıqlarda geopolitik üstünlük əldə etməyib, arxasında Rusiyanın dayandığı Ermənistana qalib gələ bilməyəcəyik: "Aprel döyüşləri bunu bir daha sübut elədi. "Hərbi büdcəmiz Ermənistanın ümumi büdcəsindən çoxdur",- kimi bəyanatların əhəmiyyəti olmadı. Azərbaycan hakimiyyəti gərək dünya gücləri tərəfindən dəstəklənsin, əks təqdirdə heç bir nəticə əldə edə bilməyəcəyik".
Azərbaycanın Qarabağ məsələsində tam haqlı olduğunu deyən T.Yaqublunun fikrincə, indiki hakimiyyət bizi haqlı ola-ola haqsız duruma salıb: "İnsan haqları, azad seçki, mülkiyyət hüququ və digər məsələlərlə bağlı bütün "qara siyahı"larda Azərbaycanın adı var. Tənqid olunan, dünyanın çağırışlarına məhəl qoymayan, ikili standartlarla məşğul olan, beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyən və onlara hücum çəkən bu hakimiyyəti heç kəs dəstəkləməyəcək. Bu gün onlar Ermənistanı birmənalı şəkildə müdafiə eləmirlər ona görə ki, Azərbaycan bu məsələdə çox haqlıdır. Sadəcə, bizi haqsız duruma bu rejim salıb. Ölkədə nə qədər siyasi məhbuslar var, nə qədər seçki saxtakarlığı baş verir...
Bəziləri geopolitikanı başqa cür qəbul edirlər. Bilirsiniz, dünyanın hörmətini qazanmaq lazımdır. İstəyirsən ki, səni dəstəkləsinlər, mütləq hörmətə layiq olmalısan. Azərbaycan hakimiyyəti isə bu istiqamətdə tam əksinə yol tutur və əlindən gələni edir ki, Qarabağ problemi həll olunmasın. Hesab edirəm ki, bu dəfə də növbəti bir görüş olacaq, danışacaqlar, mininci dəfə eyni fikirləri səsləndirib dağılışacaqlar".
Qeyd edək ki, tərəflər əvvəlki mövqelərindən geri çəkilmək niyyətində deyillər. Azərbaycan tərəfi heç bir kompromisə gedilməyəcəyini qəti şəkildə bildirib.
Belə ki, iki gün öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan prezidenti İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.
Maraqlı məqamlardan biri də odur ki, münaqişənin nizamlanmasına çalışan əsas tərəflərdən biri olan Rusiya da analoji mövqeyindədir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov iki gün öncə Müstəqil Dövlətlər Birliyindəki (MDB) münaqişələrdən danışarkən deyib ki, MDB məkanındakı münaqişələr yalnız sülh yolu ilə həll oluna bilər. "Bu, Rusiya-Ukrayna, Dağlıq Qarabağ, Dnestryanı və digər problemlərə aiddir. Əsas məsələ isə tərəflər arasında əldə olunan razılaşmalara əməl olunmasıdır. Əminik ki, bütün bu böhran vəziyyətlərində əldə olunan razılaşmalara əməl edilsəydi, ümumavropa əməkdaşlığı sahəsində qüsurların öhdəsindən gəlmək daha asan olardı",- deyə S.Lavrov bildirib.
Politoloq Zərdüşt Əlizadə isə Azərbaycan və Ermənistan dövlət başçılarının Qarabağ münaqişəsi ilə bağlı Sankt-Peterburqda gözlənilən görüşünü Reyting.az-a şərh edərkən bildirib ki, bu görüşdən müsbət bir şey gözləmir. Onun fikrincə, bu görüş əvvəlki danışıqlardan fərqlənməyəcək: "Obrazlı desək, burada bir məşqçi var ki, oyunu öz istədiyi kimi qurur, idarə edir. Yəni, Qarabağ münaqişəsini gah qızışdırır, gah dondurur. Bu, Rusiyadır. Həmin məşqçinin dediklərini yerinə yetirən də iki oyunçu var. Biri Ermənistan, digəri Azərbaycandır.
Rusiya nüvə silahına malik olduğu və özünü ədəbsiz apardığı üçün heç kəs ona baş qoşmur. Odur ki, problemi öz maraqlarına uyğun yönəltməyə çalışırlar".
Z.Əlizadə deyib ki, Qarabağ münaqişəsində format, tələblər, yanaşma bucaqları dəyişə bilər. Amma problemin mahiyyəti dəyişməyəcək: "Ola bilsin, təklif edilsin ki, bir neçə rayon qaytarılsın, bunun əvəzində sakitlik olsun və ya rus qoşunları bölgəyə dəvət edilsin və ya başqa təkliflər verilsin. Yəni burada variantlar çoxdur".
Politoloqun fikrincə, danışıqlar Azərbaycana müsbət nəsə vəd eləmir: "Qarabağ nə Azərbaycana qaytarılacaq, nə də Ermənistana veriləcək. Qarabağ həm Ermənistanı, həm də Azərbaycanı Rusiya itaətində, daimi təzyiq altında saxlamaq üçün Kremlin əlində qarmaq kimi qalacaq".
Reyting.az
Bölməyə aid digər xəbərlər