17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Beynəlxalq terror şəbəkələri Azərbaycanı təhdid edir
Tarix: 04-07-2016 15:06 | Bölmə: Slayd



Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovnik-leytenantı İlham İsmayıl İstanbulda - "Atatürk" Hava Limanında terror hücumunun səbəbləri, terrora qarşı qlobal mübarizə və Azərbaycanda təhlükəsizlik tədbirlərindən danışarkən maraqlı məqamlara toxunub. Keçmiş MTN polkovniki bildirib ki, terrordan heç bir dövlət, o cümlədən də Azərbaycan sığortalanmayıb. İ.İsmayılın fikrincə, Azərbaycan qlobal terrorun hədəfində olmasa da, zaman-zaman terrora məruz qalıb. Bu səbəbdən də ekspert hesab edir ki, həmişə ehtiyatlı olmaq lazımdır, kampaniya xarakteri daşımayan tədbirlər görmək lazımdır.

Əslində, xüsusi xidmət orqanının yüksək rütbəli mütəxəssisinin bu açıqlamasına ötəri yanaşmaq olmaz. Həqiqətən də son dövrlər ətrafımızda baş verənlərin Azərbaycana bu və ya digər formada təsiri var və analoji hadisələrin ölkəmizdə yaşanma təhlükəsi də mövcuddur. Belə olan təqdirdə, Azərbaycan tərəfi nə etməlidir? Bir sıra geopolitik maraqların kəsişdiyi bir məkanda yaşadığımızı nəzərə alaraq, hansı önləyici tədbirlər həyata keçirilməlidir?

Bu və ya digər məsələlərə aydınlıq gətirmək üçün araşdırmaçı ekspertlərlə söhbətləşdik.

 

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış araşdırmaçı-kriminalist İlqar Altay fikirlərini "Reytinq"lə bölüşərkən məsələyə daha geniş spektrdən yanaşmağın vacibliyini bildirdi. Müsahibimiz dedi ki, uzun müddət dünyada terror hadisələri baş verir və bunlar arasında sərnişin dolu təyyarələr, gəmilər - ələ keçirmədən tutmuş, ictimai və dövlət xadimlərinin qətlləri, məktəb və uşaq bağçalarındakıların girov götürülmə hallarına rast gəlinir.

İ.Altay deyib ki, bu hadisələri törətməkdə motiv separatizm, milli qisas, dini ekstremizm və fanatizm, maddi maraq və yaxud həbs olunmuş kimlərəsə azadlıq tələb etmə zəminində olub: "İcra mexanizmi baxımından bütün bu terrorlarda da "kamikadze partlayışı" - deyilən metoda demək olar, rast gəlinmirdi. Düşünülmürdü ki, kimsə terror etmək üçün şüurlu surətdə özünü də qurban verər. Məsələn, qeydiyyatdan keçib təyyarəyə minən sərnişinin baqaj yükü yoxlanmırdı. Özü uçaq salonuna minmirdisə, onda şübhə yaranırdı ki, baqaj yükündə partlayıcı ola bilər və dərhal çıxarılıb kənara qoyulurdu. O fikirlə ki, təyyarəyə minən sərnişin baqaj yükünə bomba qoyub hamı ilə birlikdə özünü də partlatmaz. Amma indi, bütün yüklər yoxlanır. Çünki özünü də partlatmağa hazırlıqlar indi çoxdur.

Müasir terrorizmin təhlükəli inkişafı bundadır ki, keçmişdə bir kamikadze hazırlamaq müşkül iş olduğu halda, indi "kütləvi namizəd kamikadze" hazırlamağı bacarırlar. Deməli, terrorizmdə inkişaf psixoloji, ideoloji fanatizm müstəvisində gedib. İnsanları mənəvi cəhətdən ölüm üçün hazırlamaq kimi. Xüsusilə din amilindən, bu həyatın boş, ölümün mükafat və əsil həyatın da ölümdən sonra olması inancından istifadə edilir. Bu səbəbdən də, əksər "bomba-intiharçı"ların dini ekstremizm mənsubu olduğu üzə çıxır".

Mərkəz rəhbərinin sözlərinə görə, terror hədəfi baxımından da, dəyişiklik baş verib. Son illər belə dəhşətli terrorlar daha da genişlənib, siyasi və geosiyasi vüsət alıb: "Dövlətlərin mövqeyinə, siyasətinə təsiretmə, yönləndirmə xarakterli və məqsədli terrorlar qeydə alınmağa başlayıb. Xüsusilə, kütləvi ictimai yerlərdə, hərbi və hökumət obyektlərinin yaxınlığında "canlı bomba"lar vasitəsilə partlayışları müşahidə edirik. Bunu sifariş və ya təşkil edən mərkəzlər, mənbələr təbii ki, çox imkanlı və güclüdürlər. Törətdikləri terror hadisələri də öz gücü, təşkili, samballı obyekt seçimi, həyata keçirmə mexanizmi, zərərin miqyasına görə fərqlidir".

Ekspert düşünür ki, bunlar o qədər güclüdürlər ki, məqsədlərini həyata keçirmək üçün özləri birbaşa öz arsenalından yox, həmin o separatçı, kriminal, dini ekstremist və sair mənbələrdən, qruplaşmalardan, mərkəzlərdən istifadə etmək imkanındadırlar. Onun qənaətincə, bir güclü terror mərkəzi ikinci terror mərkəzi, qruplaşmasından istifadə edir: "Bu qruplaşmalarda həmin terrorların təşkili və icrası üçün həm müxtəlif formalı maraq oyada, həm də təzyiq göstərib məcbur edə bilirlər".

Türkiyəyə gəldikdə, müsahibimiz qeyd etdi ki, biz uzun illər bu dövlətin ərazisində, şəhər və əyalətlərində terrorun müxtəlif formalarını müşahidə etmişik. Və bu hadisələr əsasən Türkiyədən separat tələbi olan kürdlərin PKK-sı, Türkiyəyə qarşı qisas aksiyaları təşkil edən ermənilərin ASALA-sı və ya İranyönlü "Hizbullah" tərəfindən törədilib: "Bu terrorlar da əsasən ucqar əyalətlərdə hərbi və əmniyyət qüvvələrinə basqı, yaxud da, hansısa ictimai-siyasi insanlara sui-qəsd formasında olub. Ancaq son dövrlər Türkiyənin vacib əhəmiyyətli şəhərlərində, ondan da vacib obyekt və ictimai yerlərində törədilən cürət və qətiyyətli terrorlar fərqlidir.

Əslində hər bir terroru düzgün analiz edəndə sanki bir şou-səhnə müşahidə olunur. Sanki bu səhnəni yazan "ssenarist" bu aksiya ilə öz sözünü deyir, öz tələbini irəli sürür. Yəni, Türkiyə dövlətinə qarşı açıq saymamazlıq və təzyiq ifadə edən bomba partlayışları kimi terror aksiyaları tamam başqadır və geosiyasi məna daşıyır".

İ.Altay onu da nəzərə çatdırdı ki, Azərbaycan da öz yeni tarixində terrordan, kütləvi qanlı qırğınlardan kənar olmayıb. Onun sözlərinə görə, ölkənin yüksək ranqlı vacib rəhbər şəxsləri ilə dolu vertolyotun vurulmasından tutmuş, Bakıda - metroda 200-dən çox insan tələfatlı partlayışlaradək çox qırğınlar törədilib: "Bir ekspert-kriminalist kimi, 1990-cı ildə Rustavidə ASALA-nın Gəncəyə gedən avtobusda qoyduğu bombanın Şəmkir ərazisində partlayışı və onlarca vətəndaşımızın həlak olmasını və bu kimi terror hadisələrini araşdırmışam. Sadəcə, son 20 ildə təhlükəsizlik orqanlarımızın peşəkarlıq artımının və həm geosiyasi baxımdan Azərbaycana qarşı terror maraqlarının bir qədər azalmasının nəticəsi olaraq, ölkəmizdə bu cür dəhşətli hadisələr səngiyib. Ancaq bu, o demək deyildir ki, biz arxayınlaşıb terroru heç bir halda gözləməməliyik. Əgər on gün, bir ay, hətta bir il yanğın baş vermirsə, bu o demək deyil ki, yanğınsöndürənlər yığışdırılmalıdır. Hadisə hər zaman baş verə bilər və bizdən soruşmur. Bu baxımdan, ölkəmiz hər zaman özünün terror təhlükəsizliyi üçün ayaqda olmalıdır.

İkincisi, regionda sürətlə gedən geosiyasi dəyişikliklər, fövqəlgüclərin siyasi, iqtisadi, hərbi qarşıdurmasının gəlib Cənubi Qafqaz üzərində cəmləşməsi Azərbaycanın da kəskin dartışma poliqonuna çevrilməsi ilə müşaiyət olunur. Üstəlik, dini qütblərin, təriqətlərin dartışması da kəskin qarşıdurmaya, oradan da ekstremizmə keçməklə ölkəmiz üçün böyük təhlükə yarada bilir. Müşahidələr göstərir ki, Azərbaycan sabit və kifayət qədər sərt rejimli dövlət olsa belə, dini ekstremizm burada kök atmaq və hətta terror hesabına üstünlük əldə etmək niyyətindən əl çəkmir. Bütün bunların üstünə qonşu Ermənistanla müharibə düşmənçiliyini, ermənilərin milli zəmində Türkiyə və ümumi türklərə olan qisasının da Azərbaycana yönəlməsini gəlsək, Azərbaycan üçün kifayət qədər təhlükəli mənzərə hasil olur. Məsələn, 25 il əvvəl ASALA bizdə milli qisas zəminində terror törədirdi. İndi isə, bu terror aktları Qarabağın erməni işğalından azad edilməsi mərhələsində Azərbaycanın uğurlu siyasətinə, onun bu yöndə Rusiya və digər dövlətlərlə anlaşmasına təsir zəminində törədilə bilər. Yəni, vəziyyət bizim uzun müddət sabit, terrorsuz dövr yaşamımıza və bundan doğa bilən arxayınlığımıza rəğmən xeyli ciddidir".

Ekspert sonda vurğulayıb ki, ölkəmizdə terrorizmlə və xüsusən də onun indi dəbdə olan "intihar partlayışı" növü ilə mübarizəyə hazırlıq ilk mövqedə dayanmalıdır. "Hüquq-mühafizə və xüsusi xidmət orqanları bu cür spesifik təhlükəyə qarşı spesifik hazırlıqlı ixtisaslı bölmələrini hazır vəziyyətdə saxlamalıdır. Media orqanları və terrorizm sahəsi üzrə ixtisaslı, aidiyyətli ictimai insanlar bu mövzuda cəmiyyət üçün dövri olaraq mətbuatda xatırlatma etməlidirlər. Cəmiyyət, vətəndaşlar bilməlidir ki, heç bir zaman terror təhlükəsinə qarşı ayıqlığı itirmək olmaz və kütləvi insan yığımı yerlərində hansı əlamətlərinə görə "canlı bomba" ayırd edilə bilər. Bu barədə təlimatlar verilməli, ictimai maarifləndirmə işləri aparılmalıdır", - deyə İ.Altay fikrini tamamlayıb.

 

Din işlər üzrə təhlilçi, şərqşünas-alim Vüsal Hətəmov isə deyib ki, İslam dini təhlükəli alətə çevrilməkdədir. Onun sözlərinə görə, Türkiyədə baş verən son məlum olay bir daha sübut edir ki, İslam dini dünyada qorxulu və təhlükəli alətə çevrilib: "Dünyada baş verən terror aktlarının əksəriyyətinin altından radikal din daşıyıcıları olan İŞİD üzvlərinin adı çıxır. Lakin bir həqiqət var ki, terrorçunun nə dini var, nə də milliyyəti. Heç bir din, heç bir insani qanunlar terroru dəstəkləmir.

Amma əfsuslar olsun ki, İslam düşmənləri son zamanlar Allahın müqəddəs dinini dünyaya terrorçu din kimi tanıtmağa nail olublar. Bunun nəticəsidir ki, haqlı olaraq ictimaiyyətdə belə bir sual yaranır: "Bəs deyirdiniz İslam dini sülh, barış dinidir? Ramazanda qan tökmək olar?! Din deyir ki, terror pisdir, bəs müsəlmanlar niyə belə edir?! Deməli, ya din terrordan ibarətdir, ya da dünya düzgün yaşanmır".

Əslində, mövzu gün kimi aydındır. İslam dinini gözdən salmağa çalışan super güc dövlətləri tərəfindən layihələr cızılır, din adı altında gənclərin beyni "yuyulur", cihad adı altında terrora sövq edilirlər.

Halbuki İslam dini terroru lənətləyir. İslam dininə görə bir günahsız şəxsi öldürmək, bütün bəşəriyyəti öldürmək kimidir. Terror zamanı isə, əsasən, dinc sakinlər həlak olur. Bu isə birbaşa İslam dininin əsaslarına ziddir.

İslam dininə görə, döyüş şəraitində nəinki dinc insanları, hətta heyvanları, ağacları belə, məhv etmək olmaz. Terror aktları isə ən çox dinc əhali arasında, döyüş olmayan şəraitdə törədilir.

Terrorun nə qədər ağır cinayət, ağır günah olduğu elə onun mahiyyətindədir. Terror dinc insanları qorxutmaq, dövlətləri, hakimiyyətləri şantaj etmək üçündür. Bunun dinlə heç bir əlaqəsi ola bilməz".

Terrordan heç bir ölkənin sığortalanmadığını deyən V.Hətəmovun qənaətincə, Azərbaycana da belə təhdidlər hər zaman olub, olacaq: "Türkiyə kimi dövlət öz ölkəsində sabitliyə təminat verə bilmirsə, bu sahədə elə də təcrübəsi olmayan Azərbaycan çox da arxayın olmamalıdır, artıq bu barədə ölçü götürməliyik. Nəzərə alsaq ki, Suriyada, Əfqanıstanda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarında, həmçinin İŞİD, "Əlqaidə" kimi terror şəbəkələrində azərbaycanlı "dindarlar" da vuruşur, o zaman təhlükənin nə qədər aktual olduğu göz önündə canlanmalıdır. Həmin beynəlxalq terror təşkilatlarına qoşulan vətəndaşlarımız qeyri-ənənəvi, radikal din daşıyıcılarıdır.

Sual yaranır: Bəs qeyri-ənənəvi din-təriqətə məxsus ideologiya ölkəmizdə necə rəvac tapır? Deməli, beynəlxalq terror şəbəkələrinin ölkəmizə də çıxışı var".

V.Hətəmov profilaktik addımların atılmasını da zəruri hesab edir. Onun fikrincə, terror aktlarından qorunmaqdan ötrü çıxış yolu üçün təkcə hüquq-mühafizə orqanlarının işi əsas götürülməməlidir: "Radikal din daşıyıcılarına qarşı öncə profilaktik addımlar atılmalı, onlarla psixoloji söhbətlər aparılmalıdır. Ola bilsin ki, hansı yolda olduqlarının fərqini anlasınlar".

Reyting.az





Bölməyə aid digər xəbərlər