











Tarix: 05-07-2016 14:02 | Bölmə: Slayd
Avropa Birliyinin ali icradedici orqanı olan Avropa Komissiyası Gürcüstan və Moldova ilə "Assosiyasiya haqqında" Anlaşmanın iyulun 1-dən qüvvəyə mindiyini bəyan edib.
Anlaşmanın qüvvəyə minməsi Tbilisi və Kişinyovda sevinclə qarşılanıb. Bu isə səbəbsiz deyil. Çünki Gürcüstan və Moldova bu Anlaşmanın qüvvəyə minməməsi ilə yaxın prespektivdə Avropa Birliyinə inteqrasiya imkanı, bu günün özündə isə Avropa bazarlarına maneəsiz çıxış, Brüsellin maliyyə yardımları və viza rejiminin ləğvinin sürətlənəcəyi imkanını qazanıblar.
Avropa Birliyinin xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib ki, Anlaşmanın qüvvəyə minməsi Gürcüstanla Birlik arasında əməkdaşlığı daha da genişləndirəcək.
Brüsseldə hesab edirlər ki, Anlaşmanın qüvvəyə minməsi Gürcüstan müəssisələri üçün biznes imkanlarının artmasına və digər sahələrin inkişafına yardım edəcək. Eyni zamanda Gürcüstanın öz üzərinə götürdüyü öhdəliklər, insan hüquqları və əsas azadlıqlar, qanunun aliliyi, bazar iqtisadiyyatı və dayanaqlı inkişafla bağlı önəmli addımların atılmasının vacibliyi də qeyd olunur.
Avropalı rəsmilər eyni ilə Moldovanın da Avropa Birliyi ilə iqtisadi və siyasi əməkdaşlığının genişlənəcəyini bildiriblər.
Qeyd edək ki, Anlaşmanın bəzi maddələri 2014-cü ilin sentyabrından tətbiq olunurdu və statistika bu müddətdə Gürcüstan və Moldovadan Avropa Birliyinə ixracın artdığını göstərir.
Anlaşmanın qüvvəyə minməsi ən çox bu ölkələrin gənclərini sevindirir. Çünki onların Avropanın ali təhsil müəssislərində təhsil almaq imkanları çox genişlənib.
Bütövlükdə isə gömrük tariflərinin ləğvi Gürcüstan və Moldovanın iqtisadi inkişafına və vahid Avropa bazarına inteqrasiyasına səbəb olacaq.
Anlaşmanın qüvvəyə minməsi Gürcüstan və Moldovada sevinclə qarşılansa da, rəsmi Moskva qısqanclığını gizlətmir. Rusiya mətbuatı Anlaşmanın qüvvəyə minməsi ilə Avropa mallarının Gürcüstan və Moldovada yerli malları rəqabətdə üstələyəcəyini və bununla da istehsalın aşağı düşəcəyini, iş yerlərinin bağlanacağını iddia edirlər. Həqiqətdə isə "Assosiyasiya haqqında" Anlaşmada xüsusi müqavilə var ki, Avropa Birliyi Gürcüstan və Moldovaya məhsulların keyfiyyətinin Avropa standartları səvəyyəsinə yüksəldilməsinə yardım etməlidir. Bundan başqa, Avropa Birliyindən fərqli olaraq, Gürcüstan və Moldova gömrük tariflərini tədricən aradan qaldıracaq ki, bu da ilk dövrlər yerli istehsalı qorumağa imkan verəcək.
Anlaşmanın qüvvəyə minməsi həm də Avropa Birliyinin Gürcüstan və Moldovaya maliyyə dəstəyini artıracaq. Məsələn, artıq Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstana sahibkarlığın inkişafı məqsədilə 50 milyon dollar verib. Bundan başqa, AYİB Gürcüstana güzəştli şərtlərlə 380 milyon avro kredit verəcək. Ümumiyyətlə, həm Gürcüstan, həm də Moldova bundan sonra Avropanın və bütövlükdə Qərbin maliyyə qurumlarının dəstəyini hiss edəcəklər.
Gürcüstan və Moldova ilə Anlaşma qüvvəyə minsə də, Niderlandın müqavilənin ratifikasiyasını dayandırması ukraynalıların eyni sevinci yaşamasına mane olub. Baxmayaraq ki, Ukrayna ilə Anlaşmanı Avropa Parlamenti və bütün üzv ölkələr təsdiq etmişdilər, Niderland son anda sənədin ratifikasiayasını dayandırdı.
Niderlandın baş naziri Anlaşmada bəzi hüquqi dəyişikliklərin olmasını tələb edir və yalnız bundan sonra sənədi imzalayacaqlarını bildirir. Belə görünür ki, Ukrayna ilə "Assosiyasiya haqqında" Anlaşmanın qüvvəyə minməsi üçün Brüsseldəki diplomatlar Kiyevlə Amestradm arasında yeni körpü yaratmalıdırlar. Bu prosesin Brüsseldəki təcrübəli diplomatlar üçün çətin olmayacağını, Ukraynanın da tezliklə Gürcüstan və Moldova kimi eyni sevinci yaşayacağını proqnozlaşdırmaq olar. Bu isə bütün postsovet məkanın maraqlarına uyğundur.
Xəqani CƏFƏRLİ,
Politoloq,
Reyting.az
Bölməyə aid digər xəbərlər