











Tarix: 18-08-2016 12:51 | Bölmə: Slayd
Rusiya son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıb. Rusiya prezidenti Vladimir Putinin ötən həftə Bakıya səfəri, bu səfər çərçivəsində Rusiya, İran və Azərbaycan prezidentlərinin münaqişənin həlli istiqamətində apardıqları görüş də diqqətdən qaçmamalıdır.
Bununla yanaşı, Rusiyanın dövlət başçısı Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə də Qarabağ problemi müzakirə predmeti olmuşdur.
Bəzi ekspertlər isə iddia edir ki, Rusiya, eləcə də münaqişənin həllində "açar” rolunu oynayan digər güclər bu məsələdə ədalətli mövqe tutmaq fikrində deyillər və ətrafdakı yeddi rayonun (əvvəlcə beş rayondan söhbət gedirdi-red.) azad edilməsi müqabilində Dağlıq Qarabağın işğalçıların xeyrinə itirilmə təhlükəsi var.
Rusiyanın siyasi elitasına yaxınlığı ilə tanınan hüquq elmləri doktoru, professor İlham Rəhimov isə "Sputnik”ə müsahibəsində deyib ki, şimal qonşumuz, Ermənistana hərbi-siyasi cəhətdən daha yaxın olsa da, Dağlıq Qarabağ məsələsində neytral mövqe tutacaq.
İ.Rəhimov həm də qeyd edib ki, Azərbaycan tərəfi perspektiv əhəmiyyəti olan bir sıra prinsipial məsələlər üzrə mövqeyini müəyyənləşdirməlidir:
"Əvvəla, ondan çıxış etmək lazımdır ki, yeddi rayon yox, məhz Dağlıq Qarabağ müzakirə predmeti olmalıdır. Çünki biz öz diqqətimizi, dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətini bu ərazilərin azad edilməsinə cəmləşdirəndə Dağlıq Qarabağ məsələsində mövqeyimizi zəiflədirik. Hesab edirəm ki, Ermənistan bundan uğurla istifadə edir və diqqətimizi əsas müzakirə predmetindən yayındırır”.
İ.Rəhimov bildirib ki, erməni tərəfinin məqsədi işğaldakı ətraf rayonlar yox, Dağlıq Qarabağdır:
"Əgər bu gün Ermənistan, hətta söhbət ona əslində lazım olmayan 5 rayonun azad edilməsindən gedəndə belə, çətinliklə və minnət qoyaraq danışıqlar masasına oturursa, onda sual yaranır: söhbət bizim üçün prinsipial olan Dağlıq Qarabağın statusundan gedəndə masaya oturacaqmı? Məhz buna görə "5+2, sonra status" formulu bizim üçün məqbul deyil”.
İlham Rəhimovun bu mövqeyinə, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə Reyting.az saytına deyib ki, Dağlıq Qarabağ münaqişəsinə hakimiyyətin münasibəti köklü surətdə dəyişməlidir.
Əli Əliyevin fikrincə, təmas xəttində formalaşmış status-kvo Azərbaycanın xeyrinə deyil:
"Hazırda işğal olunmuş ərazilər tam olaraq ermənilərin nəzarətində olduğundan, onlar torpaqların bir hissəsini Dağlıq Qarabağın müstəqilliyi müqabilində qaytarmağı düşünürlər. Əslində hayları başa düşmək olar. Onlar mərhələnin "qalibidirlər” və çalışırlar ki, üstünlüklərini maddiləşdirsinlər”.
Partiya sədrinin sözlərinə görə, bugün beynəlxalq səviyyədə müzakirə olunan bütün tənzimləmə variantlarının hər birində xeyrimizə olmayan nəticələr əksini tapıb:
"Hakimiyyət mətbuat inhisarı şəraitində danışıq masasında baş verənləri əsasən ictimailəşdirmir. YAP iqtidarı bu illər ərzində konstitusion vəzifəsini - suverenliyin və ərazi bütövlüyünün qorunması, vətəndaşların təhlükəsizliyini təmin etmək yerinə, biznes və hakimiyyət maraqlarının təminatı ilə bağlı işlərlə məşğul olub”.
Ə.Əliyev təəssüflə qeyd edib ki, Azərbaycanın əsas kozırı - karbohidrogen resurslarının istifadəsi beynəlxalq güclərə Qarabağın əvəzində deyil, saxta seçkilərin tanınması üçün bəxşiş edilib:
"Ötənləri çox dənəmək mümkündür. Ancaq bu, rasional yanaşma olmaz. Zatən hər iş bəllidir. Vəziyyətdən çıxış yolu aramaq lazımdır.
Fikrimcə, iqtidar bir sıra vəzifələri yerinə yetirməlidir:
- İlk növbədə bu günkü status-kvo ilə anlaşma imzalanmamalı, təmas xəttindəki dəngəni xeyrimizə dəyişmənin zamanını gözləmək lazımdır;
- daxili resursları - ictimai-siyasi mühiti təmərküzləşdirmək, vahid ümummilli platforma yaradılmalıdır;
- II Dünya müharibəsi təcrübəsindən istifadə edərək, o bölgə sakinlərinin partizan hərəkatı formalaşdırmasına mane olunmamalıdır;
- Dağlıq Qarabağ əhalisinə stimullaşdırıcı təkliflər verilməli, onların özlərini Azərbaycan vətəndaşı kimi duymaları üçün işlər görülməli, belə mövqedə olan Qarabağ əhalisini şirnikləndirməyin yolları tapılmalı, 5-ci kolonun formalaşdırılmasına sistemli yanaşılmalıdır;
- ölkədə demokratik islahatlar həyata keçirilməli, beynəlxalq səviyyədə bizə qarşı irəli sürülən "antidemokratik, avtoritar cəmiyyətdə yaşamağın mümkünsüzlüyü” bəhanəsi qarşı tərəfin əlindən alınmalıdır;
- Azərbaycan tərkibində muxtariyyatdan savayı erməni tərəfinə heç bir vəd verilməməlidir;
- Türkiyənin imkanlarından, artmaqda olan Türkiyə-Rusiya əlaqələrindən yararlanmağın yolları axtarılmalıdır;
- bütün tədbirlər Ordu və Əsgərin ruhunun, təchizatının, təcrübəsinin yüksəldilməsi ilə müşayiət etdirilməlidir.
Unutmaq lazım deyil ki, döyüş teatrında müvazinat xeyrimizə dəyişdiyi şəraitdə erməni başbilənləri barışmaq üçün paytaxtımıza heyət yollayacaqlar”.
Ə.Əliyev qeyd edib ki, istəklərimizin həyata keçməsinin yolu həm də münasib beynəlxalq konyukturun meydana çıxması ola bilər:
"Biz mübarizəni, əməliyyatları Dağlıq Qarabağ coğrafiyasına keçirməyənə qədər danışıq masasında müzakirə predmeti 5 yoxsa 6 rayon, Laçınımızın hansı nisbətdə bölünüb erməni ayağının altına sərilməsi, Azərbaycanın dilbər guşəsi Qarabağımızın ermənilərin xeyrinə rəsmiləşməsinin zamanı, təbiətimizin tacı Şuşamızın birdəfəlik bizdən qoparılamsı kimi yaramaz detallar olacaq. Bu cinayətkar mövzuları birdəfəlik qapamağın yolu isə millət olaraq toparlanmamızdan, təşkil olunmağımızdan, hamımızın bir zindana vurmağımızdan keçir”.
Partiya sədri torpaqları qaytarmağın başqa alternativinin olmadığını deyib.
"Səlahiyyətli şəxslər bu barədə ciddi düşünməlidir. Əks halda tarix bu səhvi onlara bağışlamayacaq. Bu taleyüklü məsələdə həlledici məsuliyyət iqtidarın üzərindədir. Azərbaycan adlı dövlətin gələcəyi və mövcudluğu təkcə verilən bəyanatlardan asılı deyil, həm də əməli fəaliyyətdən qaynaqlanır. Ona görə də iqtidar tarixi vəzifəsini layiqincə dərk etməlidir”,-deyə Ə.Əliyev fikrini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər