17:08 / 12-06-2025
Paşinyan Türkiyəyə gedir
Ölkədə iqtisadi böhran kritik həddə yaxınlaşır
Tarix: 28-08-2016 17:20 | Bölmə: Slayd


Artıq iki ilə yaxındır ki, Azərbaycan iqtisadi böhran dövrünə qədəm qoyub. Manatın devalvasiyasından sonra sürətlənən bu proses kritik həddə doğru irəliləyir.

Onu da qeyd edək ki, Azərbaycanda iqtisadi durumun acınacaqlı olduğunu nüfuzlu beynəlxalq təşkilatlar da vurğulayıblar. Beləki, "Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanla bağlı növbəti proqnozunu açıqlayıb.

Agentlik büdcə xərclərinin ixtisar edilməsinin real ÜDM-in azalmasına gətirib çıxaracağını qeyd edib.

"Moody's" 2016-cı ilin yekununda borcun ÜDM-dəxüsusi çəkisinin 31,6 faizəyüksələcəyini proqnozlaşdırır.

Manatın son zamanlar mövqe itkilərinə məruz qalması və bankların dollar satışına məhdudiyyət qoyması da gündəmin əsas mövzularından biridir.

Amma manatın dollar qarşısında günü-gündən zəifləməsi və qarşıda kəskin devalvasiyanın yaranma ehtimalı insanları narahat etməyə başlayıb.

 

Tanınmış iqtisadçı alim Qubad İbadoğlu son həftələr sürətlə ucuzlaşan manatı gözləyən təhlükə və bu təhlükədən xilas yolları ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, manatın devalvasiyası yenidən gündəmə gəlib, artıq bir sıra ekspertlər manatın növbəti devalvasiyasının tarixi, eləcə də dollara nəzərən məzənnəsi ilə əlaqəli rəqəmlər də səsləndirirlər:

"Əslində, Azərbaycan manatı ABŞ dollarına nisbətdə hər gün devalvasiyaya uğrayır, yəni kiçik templərlə olsa da, gündən-günə dəyərini itirir. Baxmayaraq ki, Azərbaycan Mərkəzi Bankının son məlumatlarına görə, manatın dollara nisbətən hazırkı məzənnəsi bu ilin yanvar ayının orta aylıq məzənnəsi ilə müqayisədə 2,9 faiz ucuzlaşıb”.

Q.İbadoğlunun fikrincə, son 6 ay ərzində iqtisadiyyatda baş verənlərə nəzərən manatın məzənnəsindəki 2,9 faizlik ucuzlaşmanı adekvat hesab etmək olmaz. Çünki, ilk 7 ayın makro-iqtisadi nəticələrinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM-in bütövlükdə 3 faiz, qeyri-neft bölməsinin ÜDM-i 5,4 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 29,7 faiz , eləcə də tikinti-quraşdırma işləri 31,7 faiz , kredit qoyuluşları 9,1 faiz azalıb, istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,0 faiz bahalaşıb:

"Gömrük məlumatına görə, bu ilin ilk yarısında keçən ilin müvafiq dövrünə nisbətən ixrac əməliyyatları 13,9 faiz , o cümlədən qeyri-neft ixracatı 27 faiz aşağı düşüb, ticarət dövriyyəsində 225,7 milyon dollarlıq mənfi saldo yaranıb, bütün bunlara rəğmən şübhəsiz ki, həmin dövrdə tədiyə balansının kəsiri də çoxalıb".

Q.İbadoğlu bildirib ki, monetar-fiskal göstəricilər də pisləşib. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 75,6 faiz, cəmi depozit bazasının valyutalar üzrə strukturunda dollarla əmanətlər 80,2 faiz təşkil edib. İndiyədək 9 bank bağlanıb:

"AzərbaycanƏmanətlərin Sığortalanması Fondu tərəfindən bağlanan 9 bank üzrə 218 milyon manatdan artıq kompensasiya ödənilib. Nəticədə də ADİF texniki defolt vəziyyətinə düşüb.

Kommersiya banklarının xarici öhdəlikləri 6 milyard 625,8 milyon manata çatıb. Bütün bunlarla yanaşı, 2016-cı ilin yanvar-iyul aylarında 2015-ci ilin eyni dövrünə nisbətən dövlət büdcəsinin gəlirləri 25,3 faiz azalıb. Yəni, bu ilin 7 ayında ötən il dövlət büdcəsinə yönələn vəsaitin hər 4 manatına 1 manat azalıb".

İqtisadçı alim qeyd edib ki, bu ilin ilk yarısında Dövlət Neft Fondunun (DNF) büdcəsinə 4 milyard manata və ya 2,5 milyard dollara qədər vəsait yığılıb. Nəticədə, DNF-in dollarla ifadə olunan 6 aylıq büdcəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 milyard dollar və 36,4 faiz azalıb: "Beləliklə, Valyuta bazarının əsas iştirakçısı olan DNF-in hər həftə keçirilən 2 hərrac üzrə 100 milyon dollar satması dollara artan tələbatın müqabilində yetərli deyildir. Deməli, valyuta bazarında bir tərəfdən azalan təklif, digər tərəfdən isə artan tələb problemi mövcuddur".

Mərkəzi Bankın iyun ayına olan son məlumatına görə, həmin ayda yalnız nağd xarici valyuta ilə mübadilə əməliyyatları üzrə satışın həcmi dollarla 321 milyon 916 min, avro ilə 59 milyon 158 min avro, ingilis funt sterlinqi ilə 3 milyon 97 min dollar təşkil edib. Cari ilin iyun ayında may ayı iləmüqayisədə hər 3 sərbəst dönərli valyuta üzrə satışın həcmi orta hesabla 2 dəfəyədək artıb. Q.İbadoğlu hesab edir ki, bu göstəricilər nağd xarici valyuta ilə mübadilə əməliyyatları olan vəziyyəti xarakterizə edir: "Çox güman ki, iyul və avqust aylarında bu tendensiya davamlı olub. Eyni zamanda, nəzərə alaq ki, dollara və digər valyutalara tələbatı həm də nağdsız xarici valyuta ilə mübadilə əməliyyatları yaradır".

İqtisadçı alim həm də nəzərə çatdırıb ki, valyuta bazarında gərginlik artıb. Onun sözlərinə görə, bunu şərtləndirən amillər sırasına bankların sürətlə bağlanmasından sonra bu sistemə olan etibarın, hər gün dəyərini itirdiyinə görə manata olan inamın azalması, eləcə də son vaxtlar sabit artım nümayiş etdirən kənd təsərrüfatında məsrəfləri manatla olan təsərrüfat adamlarının əldə etdikləri qazanclarını dollara dəyişdirməsi, yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq xaricdə təhsil haqlarının ödənilməsi, yay məzuniyyətləri zamanı xaricə gedənlərin sayının atması, ən başlıcası isə, kommersiya banklarının valyuta ilə əməliyyatları üzrə manipulyasiyaları, son dövrlər ölkədən kapitalın çıxarılmasının sürətlənməsi ilə izah etmək olar: "Bu şərtlərlə manatın məzənnəsinin yaxın zamanlarda sabitləşəcəyini gözləməyə dəyməz.

Odur ki, Mərkəzi Bankın 3 seçimi var:

1) hazırkı ssenari üzrə manatın məzənnəsini kiçik, lakin artan templərlə,

2) fasiləli kəskin devalvasiya,

3) manatı çevik və "üzən məzənnə" siyasəti ilə azad bazarın öhdəsinə buraxmaq.

Bu üç yolun hamısı manatı dəyərini itirməsinə aparır. Hər 3 yolun sonu manatın gerçək məzənnəsinin formalaşmasında bitir. Birinci yol uzun, ikinci yol orta, üçüncü yol isə qısadır. Seçim hüququ da AMB-dədir, qərar qəbuletmə səlahiyyəti isə yenicə yaradılmış Maliyyə Sabitliyi Şurasındadır".

 

İqtisadçı alim Nemət Əliyev isə "Reytinq"ə vəziyyətin daha kritik olduğunu deyib. Onun fikrincə, ötən il 21 fevral qərarı ilə Mərkəzi Bank manatı birdən-birə 34 faizə yaxın dəyərdən salıb: "İl başa çatmamış, 21 dekabr qərarının nəticəsində manat növbəti dəfə 48 faizə yaxın dəyərdən düşdü. İl ərzində 2 qərarla milli valyuta 2 dəfəyə yaxın dəyər itirdi. Bu, çox böyük itkidir. Təəssüflər olsun ki, hərtərəfli götür-qoy edilməmiş, tələsik qərarlara imza atıldı. Bununla da ölkənin, əhalinin millli valyutada olan bütün varidatı dəyərdən salındı, xarici valyutada kredit borcu olanların borc yükü süni şəkildə artırıldı, milli valyutaya inam sürətlə zəiflədi, bank sektoru çökdü, kreditlər iqtisadiyyatdan geri çəkildi. Nəticədə iqtisadi şərait daha da pisləşdi, ehtiyatlar "əridi", ölkəmizin reytinq göstəriciləri düşdü, xarici ölkələrə kapital axını sürətləndi, sürətli bahalaşma baş verdi, alıcılıq qabiliyyəti zəiflədi, yerli istehsal azaldı, sosial vəziyyət ağırlaşdı və s. Hazırkı şəraitdə istehsal, idxal və ixrac göstəriciləri o dərəcədə pisləşib, gəlirlər o dərəcədə azalıb, itkilər o dərəcədə böyüyüb ki, dövlətin büdcəsini doldurmaq bu gün əməlli-başlı problemə çevrilib”.

N.Əliyev təəssüfləqeyd edib ki, qeyri-neft sahələrinin inkişafında əməli nəticələrə nail ola bilməyən hökumət büdcəni doldurmaq üçün, yəni nisbətən az xarici valyuta qarşılığında daha çox manat kütləsinə yiyələnmək üçün devalvasiya prosesinin davam etdirilməsində çox maraqlıdır: "Elə bu üzdən də manatın dəyərdən salınması prosesi bu gün də davam edir və son iki ayda rəsmi məzənnəyə görə 8 faizdən çox ucuzlaşma qeydə alınıb. Bankların real satış qiymətinə görə ucuzlaşma 13 faizdən çoxdur və bu prosesin hələ bir müddət davam edəcəyi şəksizdir. Çünki, ortada alternativ imkanlar hələ ki yoxdur. Ölkəmizə xarici valyuta qazandıran qeyri-neft mallarımız çox azdır. Bu sahələr zamanında inkişaf etdirilməyib. Əgər bahalı neftin hesabına 2014-cü ildə xarici ticarətdən 8,3 milyard dollar valyuta qazancımız olmuşdursa, 2015-ci ildə bu göstərici 2,2 milyarda düşdü. Bu ilin yanvar-iyul aylarında xarici ticarətdən nəinki qazancımız olmayıb, əksinə, 167 milyon dollardan çox kəsir əmələ gəlib. Proseslərin bu yöndə davam etdiyi müddətdə devalvasiya da davam edəcək".

N.Əliyev onu da nəzərə çatdırıb ki, "devalvasiya və bahalaşma gözlənilir", - demək olmaz, çünki hər iki proses bu gün yaşanmaqdadır. Onun qənaətincə, bu proses 2015-ci ildə baş verən iki devalvasiyadan fərqli olaraq nisbətən "sakit" baş verir:

"Artıq yuxarıda qeyd etdiyim kimi, son iki aya yaxın müddətdə dolların manata nəzərən məzənnəsi 1,4900 manatdan 1,6202 manata qədər bahalaşıb. Bankların satış qiymətləri isə bu müddətdə 1,5 manatdan 1,7 manata qədər artıb. Manatın hər gün dəyər itirməsi ilk növbədə idxal mallarının qiymətlərinin artması, sonrakı mərhələ də isə yerli malların bahalaşması ilə müşahidə olunur. Əgər marketlərdə qiymətləri əvvəlki qiymətlərlə tutuşdursanız, buna əmin ola bilərsiniz. Şəkər tozu bir müddət əvvəl 80-90 qəpiyə satılırdısa, bu gün 1 manat 15 qəpiyə, 1 manat 20 qəpiyə satılır. Diqqət edirsinizmi, bu "sakit” gedişatla şəkər tozu 40 faizə yaxın bahalaşıb. Deməli, həm devalvasiya, həm də bahalaşma davam etməkdədir.

Devalvasiyanı və bahalaşmanı zəruri edən şərtlər qaldığına və bu gün daha çox fəallaşdığına görə, bu prosesin ilin sonunadək davam edəcəyi, hətta sürətlənəcəyi istisna olunmur.

Hətta, ilin sonunadək dolların manata məzənnəsi 2 manata da yüksələ bilər. Neftin qiymətinin düşəcəyinə dair açıqlamalar da bu istiqamətdə işini görür".

 

İqtisadçı ekpert Rövşən Ağayev isəmövcud vəziyyəti başqa istiqamətdə dəyərləndrib. Bildirib ki, Mərkəzi Bank ilk devalvasiyadan sonra bütövlükdəbank sektorunun fəaliyyətinin maliyyə nəticələrinə dair ətraflı məlumatlar açıqlayıb: "2015-ci ildə bank sektoru üzrə 345 milyon manatlıq zərər yaranıb. Faizlərdən təxminən 2,5 milyard manatdan çox qazanıb. Faizlərə görə isə, müştərilərə 1,147 milyard manat ödəyib. Nəticədə xalis faiz mənfəəti 1,4 milyard manata yaxın olub".

R.Ağayev deyib ki, bank sektorunun məcmu kapitalı 600 milyon manatadək azalmaqla 3,6 milyard manata enib:

"Bank aktivlərinin həcmi 34,9 milyard manata çatıb. Devalvasiyadan öncəki dövrənisbətən aktivlərin strukturunda diqqət çəkən əsas dəyişikliklər bunlardır: nağd vəsaitlərin və bankların Mərkəzi Bankdakı resusrslarının həcmi 2 dəfədən çox artıb və 4,9 milyard manata çatıb. 2014-də bu göstərici 2 milyard manatdan bir az çox idi. Bankların qiymətli kağızlara yönəltidiyi resurs 50 faizədək artaraq 3 milyard manatı ötüb".

Passivlərin strukturunda baş verən əsas dəyişikliklərə gəlincə, iqtisadçı bunları qeyd edib: "Mərkəzi Bankdan cəlb edilmiş vəsaitlərin həcmi 1 milyard manatdan çox artaraq 2,5 milyard manatı ötüb; xaricdən alınan resursların həcmi 4,7 milyard manatdan təxminən 7 milyard manata yüksəlib. Böyük ehtimalla bu, daha çox devalvasiya ilə əlaqədar əvvəlki dövrdə xarici valyutada alınan resursların yeni məzənnə ilə qiymətləndirilməsi ilə bağlı olub".

R.Ağayevin sözlərinə görə, 5 bankın aktivlərinin bank sektorunda payı 58 faizə yüksəlib. 2014-cü ildə bu göstərici 55 faiz olub. Nəticə olaraq durum budur: devalvasiya bank sektorunda təmərküzləşməni bir az da gücləndirib, sektor maliyyə ilini itki (zərər) ilə başa vurub, bank kreditlərinin aktivlərdə payı azalıb, durum bankları məcbur edib ki, işgüzar fəallığı resursla dəstəkləməkdən daha çox yüksək likvidli vəsaitləri saxlamağa diqqət yetirsin.

Reyting.az





Bölməyə aid digər xəbərlər