Rusiya Ermənistandakı indiki vəziyyətə normal yanaşır - Professor
Tarix: 21-06-2021 14:26 | Bölmə: Siyasət
Rusiya Ermənistandakı indiki vəziyyətə normal yanaşır

“Ermənistanda seçkilərin nəticəsi ortadadır. Erməni xalqı Nikol Paşinyana - sabitliyə, müharibəsiz yaşamağa səs verdi. Baxmayaraq ki, son aylar bu ölkədə “Gallap” sorğu mərkəzi əhalinin fikirlərini öyrənirdi. Sonradan məlum oldu ki, bu mərkəz hansısa varlı erməniyə məxsus olub və onlar düşünülmüş formada erməni xalqının rəyini manipulyasiya etmək istəyiblər. Sonradan “Gallap” mərkəzi bəyan etdi ki, İrəvanda fəaliyyət göstərən saxta “Gallap”ın onlara heç bir aidiyyəti yoxdur. Bu saxta mərkəzin sorğularında Nikol Paşinyanın səsləri aşağı düşür, əvəzində Köçəryanın nüfuzu qalxırdı. Artıq Paşinyan seçkilərdə 50 faizlə qalib gəlib”.

Bunu Reyting.az-a professor Əli Abbasov Ermənistandakı seçkidən sonrakı durumdan danışarkən bildirib.

O, əlavə edib ki, həm erməni parlamenti, həm də yeni hökumət Paşinyanın nəzarətində olacaq: “Belə də olmalı idi. Amma aydındır ki, Paşinyana qarşı böyük müxalifət də formalaşdırıldı. Köçəryan tərəfindən hansı təxribatların olub-olmayacağı bəlli deyil. Ehtimal edirəm ki, indiki vəziyyətə Moskva da normal yanaşır. Çünki onlar bilirdi ki, Köçəryan hakimiyyətə gəlməyəcək. Ortada Ermənistan ermənilərinin mövqeyi var. Həm də bəlli idi ki, Köçəryanın gəlməsi müharibə deməkdir. Odur ki, əhali Paşinyana səs verdi”.


Ə. Abbasov

Əli Abbasov qeyd edib ki, indi Ermənistan parlamentində siyasi qüvvələr arasında konfiqurasiyanın necə olacağına diqqət yetirilməlidir: “Bunun üçün bir ay vaxt lazımdır. Məncə, rusların da maraqları təmin olundu. Əvvəla, Köçəryan parlamentə daxil oldu. Amma aydındır ki, 10 noyabr razılaşmasını Köçəryan deyil, Paşinyan imzalamışdı.

İkincisi, Köçəryanın müharibə istəkləri ruslar üçün o qədər də maraqlı deyil”.

Professor bundan sonra ölkə daxilində Paşinyana qarşı etiraz və mitinqlərin başlayacağını mümkün saymır: “10 noyabrdan bu yana keçən müddət göstərdi ki, Paşinyana qarşı mitinq və küçə hərəkətləri alınmır. Ancaq bu müxalifət rusların maraqlarına uyğun addımlar atacaq.

İndi Ermənistan parlamentində üç partiya var. Konstitusiyaya görə, azı üç partiya olmalıdır. Üstəlik, parlamentə düşən 4 milli azlığın nümayəndəsi daha çox Nikol Paşinyana meyil edəcək. Bir sözlə, Paşinyan mövqelərini gücləndirdi və məncə, daha qətiyyətli addımlar atmaq üçün xalqından mandat aldı”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}