09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Sülhəddin Əkbər: “Bu problemi ən uzağı 96 saata həll etməyə hazır olmalıyıq”
Tarix: 29-04-2022 17:06 | Bölmə: Slayd
Sülhəddin Əkbər: “Bu problemi ən uzağı 96 saata həll etməyə hazır olmalıyıq”

“Qarabağ məsələsində aktivliyə geopolitik və geostrateji inkişaf kontekstində baxılmalıdır. Azərbaycan Türkiyə və Böyük Britaniya ilə birlikdə hərəkət edir. Mən deyərdim ki, bu, doğru hərəkətdir və düzgün addımlar atılır. Dövlət başçısının Şuşa şəhərində verdiyi bəyanatı da dəstəkləyirəm”.

Bunu Reyting.az-a Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər Qarabağ mövzusunda danışıqların fəallaşmasından danışarkən deyib.

S. Əkbər bir müddət əvvəl Azərbaycanın üç potensial müharibəyə hazır olmasının vacibliyini dediyini də xatırladıb:

“Birincisi, hələlik bizim nəzarətimizdə olmayan ərazilər üzərində suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasıdır. Bu gün yaxınlaşır. Azərbaycan bu prosesə hazır olmalıdır. Biz 72 saat, ən uzağı 96 saat ərzində bu məsələni həll etməliyik. Buna hazırlaşmalı, şərait yetişən kimi maksimum dörd sutkaya problemimizi həll etməliyik”.

Partiya sədri əlavə edib ki, belə bir şərait sürətlə yaranmaq üzrədir: “Məsələn, təxminən iyun ayında belə vəziyyət yarana bilər. Hesab edirəm, dünyada və ətrafda baş verənləri də nəzərə alaraq siyasi-hərbi mənada yay fəsli çox tez gələcək və çox qızmar olacaq. Mən bunu həm də geostrateji və geosiyasi mənada deyirəm. Hesab edirəm ki, buna da hazır olmalıyıq”.

S. Əkbər əmindir ki, Azərbaycan yanlışlığa yol verməsə, cəsarətli hərəkət etsə, ölkəmizə yeni fürsətlər yaranacaq. “Avropanın enerji təhlükəsizliyi üçün, alternativ ticarət-nəqliyyat yolları baxımından Azərbaycana ehtiyac var. Azərbaycan bundan istifadə etməlidir. Enerji mənbələri, alternativ enerji yolu, enerji təhlükəsizliyi baxımından”,- deyə S. Əkbər əlavə edib.




Bölməyə aid digər xəbərlər