09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Ərdoğan ciddi təhdidlə üzləşib
Tarix: 07-07-2022 11:26 | Bölmə: Slayd
Ərdoğan ciddi təhdidlə üzləşib

İnflyasiya, yanlış pul siyasəti və türk lirəsinin xarici valyuta qarşısında dəyər itirməsi ilə Türkiyədə başlayan iqtisadi böhran beynəlxalq ictimaiyyətin gündəmindən düşmür.

Reyting.az
xəbər verir ki, İngiltərənin “Financial Times” qəzeti gələn il Türkiyədə keçiriləcək prezident seçkilərindən və Ərdoğanın qələbəsinin qarşısını alacaq ən böyük təhlükənin haradan gəldiyini yazıb.

Ölkədəki son iqtisadi böhrana diqqət çəkilən məqalədə qeyd olunur ki, prezident Ərdoğanın Türkiyəsindəki inflyasiya onun yenidən seçilməsini təhlükə altına alıb.

Bildirilir ki, prezidentin variantları tükənib və bu, müxalifət partiyalarına gücləndirir.

Ərdoğanın iqtisadi siyasət baxımından ənənəvi olaraq qəbul edilən addımları atmaq əvəzinə başqa yola üstünlük verdiyini və bu vəziyyətin inflyasiyaya səbəb olduğunu yazan qəzetə bəzi vətəndaşlar da açıqlama veriblər. Ankaranın Keçiören səmtində alış-veriş edən şəxs deyib ki, bazardakı bahalıq səbəbindən meyvələrə yaxınlaşa bilmir. Həmin şəxs dövlət işçisi olduğu üçün özünü təqdim etmək istəməyib.

Təhlildə yazılır ki, prezident və ümumi seçkilər 2023-cü ilin iyununda keçirilməlidir, lakin Ərdoğan öz şansının yüksək olduğunu hiss edərsə, erkən seçkilərə gedərək rəqiblərini pat vəziyyətə sala bilər.

Qeyd edək ki, son sorğularda Ərdoğan və müttəfiqlərinin səsvermə nisbəti 32 faiz olub. Bu sorğuda müxalifət blokunun HDP-siz 37 faiz səs aldığı, HDP-nin də daxil olması ilə bu rəqəmin 48 faizə yüksələ biləcəyi qeyd edilib.

Ərdoğanın müxalifət blokunun kövrək birliyini pozmağa çalışacağı da proqnozlaşdırılıb.

Digər tərəfdən, yazıda Ankarada yaşayan 43 yaşlı AKP-çi Ayşə Arslanın da sözləri yer alıb. Arslan qazanı qaynadığına görə minnətdarlıq etdiyini diqqətə çatdırıb, çox az ət, ucuz paxla və taxıl məhsulları aldığını deyib.

“Hazırda müxalifətin iqtisadiyyatı düzəldəcəyinə əmin deyiləm, amma ölkədəki vəziyyətə reaksiya vermək üçün bu seçkidə səs verməməyi də düşünürəm. Mən ölkənin bu vəziyyətinə görə çox təəssüflənirəm”,- A. Arslan bildirib.

Brityaniya mediasının təhlili öz yerində, prezident Ərdoğan artıq real təhlükəni hiss edərək hərəkətə keçib. Bunu onun seçkilər və inflyasiya haqqında fikirləri də ortaya qoyur.

“Son 2019-cu ildə keçirilən yerli idarəetmə seçkilərində böyük şəhərlərin yüzdə 52-si, digər əyalətlərin isə yüzdə 55-ni qazanaraq yerli idarələrdə gücümüzü bir daha nümayiş etdirdik. Ölkəmizin ən böyük iki şəhəri olan İstanbul və Ankaranın əldən getməsi təbii ki, məni çox üzür. Baxın, mən “seçkiləri uduzduq”,- demirəm. Çünki həm Ankara, həm də İstanbul məclislərində qalib gəldik”,- Ərdoğan deyib.

Prezident qeyd edib ki, Türkiyə 2023-cü ilin iyununda keçiriləcək yaxın tarixinin ən mühüm seçkilərindən birinə hazırlaşır:

“Qəyyum qüvvələrlə, terror təşkilatları ilə, siyasi və iqtisadi zərbələrlə mübarizə apararaq gəldiyimiz yer o qədər önəmlidir ki, təkcə bizim deyil, ölkənin, millətin gələcəyini müəyyən edəcək. Siyasi həyatımızın hər günü milli iradənin aliliyinin bərqərar olması uğrunda qızğın mübarizə ilə keçdi. Bu gün Türkiyənin demokratik standartları və infrastrukturu ilə inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Təbii ki, bəlalar, ödədiyimiz qiymət var. Biz çox yaxşı bilirik ki, son vaxtlar iqtisadiyyatda yaranan yaşayış minimumu insanımıza ziyan vurur. İqtisadiyyatımızı məhv etmək təhlükəsi ilə böyük bir hücumla üzləşdiyimiz 2018-ci ildə yol ayrıcında tarixi seçim etdik. Bu, maliyyə illüziyaları deyil, məşğulluğu artırmaq üçün imkanlarından istifadə etmək ölkəmizin seçimidir”.

Ərdoğan əlavə edib ki, bəlkə də inflyasiya yüksək olduğundan insanların alıcılıq qabiliyyəti bir az azalıb: “Amma heç kimi işsiz, ac qoymamışıq. İnşallah, gələn fevral və mart aylarına qədər inflyasiyanı nəzarətdə saxlayaraq yolumuza davam edəcəyik. Şübhəsiz ki, iqtisadiyyat insanların siyasi seçimlərində mühüm müəyyənedici amildir, lakin heç vaxt yeganə təyinedici deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər