09:22 / 13-06-2025
Yardımlıda traktor aşıb
Baydenin Yaxın Şərq səfəri başlayıb - Qara qovluqda nələr var?
Tarix: 13-07-2022 10:18 | Bölmə: Slayd
Baydenin Yaxın Şərq səfəri başlayıb - Qara qovluqda nələr var?

ABŞ prezidenti Co Bayden İsrail və Səudiyyə Ərəbistanına ilk turuna çıxıb. Bu gün İsrailin Ben Qurion hava limanına enəcək Baydeni altı il əvvəl vitse-prezident kimi gəldiyi vaxtdan fərqli bir Yaxın Şərq gözləyir. O dövrdə ərəb dünyasında İsrailin yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri var idi. Bundan sonra İsrail, ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüsü sayəsində region ölkələri ilə normallaşma sazişləri imzalayıb.

Reyting.az
-ın məlumatına görə, hətta indi iş o yerə çatıb ki, İsrailin maliyyə naziri Aviqdor Liberman ötən gün “Twitter”-də Yaxın Şərqdə ortaq bazarın yaradılması çağırışını edib: “İsrail, Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri arasında yeni birgə bazar yaratmağın vaxtı çatıb. Bütün ölkələr quru, dəmir yolu və hava nəqliyyatı ilə bir-birinə bağlanmalıdır”.

Liberman bunun təhlükəsizlik və iqtisadiyyatda yaradacağı imkanlara işarə edib. Amma bir neçə il əvvəl belə bir çağırış mümkünsüz görünürdü.

Baydenin İsraillə təmaslarında əsas gündəm İrandır. Bayden Trampın geri çəkildiyi nüvə razılaşmasına qayıtmaq istəyir, lakin Tehranın hərbi fəaliyyətini artırdığı bir vaxtda İsraili razı salmaq asan görünmür.

Məlumata görə, C. Bayden cümə günü səhər İordan çayının qərb sahilinin Beytlehem şəhərində Fələstin prezidenti M. Abbasla da görüşəcək. Onun Fələstinə 100 milyon dollar yardım elan edəcəyi gözlənilir.

Ekspertlərin fikrincə, İsrailin seçki dövrünə qədəm qoyması Fələstinlə bağlı konkret addımlar atmağı çətinləşdirir, fələstinlilər isə ən azı 4G internet şəbəkəsi investisiyaları kimi layihələr üçün dəstək gözləyirlər.

Cümə günü İsraildən Səudiyyə Ərəbistanına getməyi planlaşdıran Bayden bu uçuşu “normallaşmanın simvolu” kimi qiymətləndirib. İnsan haqları təşkilatları tərəfindən şiddətlə tənqid olunan Bayden İstanbulda öldürülən Camal Qaşıqçının işlədiyi “Washington Post” qəzeti üçün “Niyə Səudiyyə Ərəbistanına gedirəm” başlıqlı məqalə yazaraq özünü müdafiə etməli olub: “Səfərimlə bağlı çoxlu tənqidlər var. İnsan haqları ilə bağlı fikirlərim dəyişməyib. Səyahətlərim zamanı əsas azadlıqlar gündəmdə olacaq”.

Baydenin gündəmində yer alan əsas məsələlərdən biri neftin qiyməti ilə bağlıdır. ABŞ lideri Səudiyyə Ərəbistanını qiymətləri aşağı salmağa inandırmağa çalışacaq.

Bayden Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, İraq, İordaniya və Misir liderlərinin bir araya gəldiyi Ciddədə keçiriləcək Körfəz Əməkdaşlıq Şurasının sammitində də iştirak edəcək. Baydenin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla da görüşü gözlənilir.

Baydenin Yaxın Şərq səfərinin əsas məqsədi neftlə zəngin ərəb ölkələrini qiymətlərin endirilməsinə razı salmaq və beləcə, Ukraynada savaş aparan Rusiyanı küncə sıxışdırmaqdır.

Onu da qeyd edək ki, ABŞ-da Baydenin prezidentlik üçün çox qoca olub-olmaması ilə bağlı mübahisələr gedir. Məlum olur ki, kobud səhvlərə yol verən və nitqini çaşdıran Baydenin köməkçilərinin ətraflı təlimatına ehtiyacı var. 2024-cü ildə yenidən seçilməyə ümid edən Bayden, görünür, yaşayış xərclərinə görə hətta öz partiyasını da inandırmaqda çətinlik çəkir. “New-York Times”-ın demokratlar arasında keçirdiyi sorğuya görə, partiya üzvlərinin 64 faizi 2024-cü ildə prezident seçkilərində başqa namizəd görmək istəyir.

Reyting.az




Bölməyə aid digər xəbərlər