12:42 / 23-05-2025
Sabah yağış yağacaq
Professor: “Tehran görüşü beynəlxalq təhlükəsizliyə töhfə verməyəcək”
Tarix: 20-07-2022 17:11 | Bölmə: Slayd
Professor: “Tehran görüşü beynəlxalq təhlükəsizliyə töhfə verməyəcək”

“Tehranda Türkiyə, Rusiya və İran rəhbərləri arasında sammit keçirildi. Dünya bu görüşə xüsusi diqqət ayırmışdı. Açığı, mən bu görüşün beynəlxalq sülhə, təhlükəsizliyə töhfə verəcəyini düşünmürəm. Çünki harada İran və Rusiya varsa, orada beynəlxalq hüquqa hörmətsizlik olur, beynəlxalq təhlükəsizlik sisteminə təhlükə yarada biləcək hərəkətlər baş verir. Odur ki, mən bu görüşdən xüsusi nəticələr gözləmirəm”.

Bunu Reyting.az-a professor Qabil Hüseynli Tehran şəhərində üç ölkə prezidenti -Ərdoğan, Putin və Rəisi görüşünü şərh edərkən deyib.

Professor bildirib ki, üç ölkənin rəhbəri “Astana prosesi” çərçivəsində bir araya gəlib. Onun sözlərinə görə, Astana prosesi əslində Yaxın Şərq, xüsusilə Suriya probleminin həllinə yönəlib: “Amma bu zirvə görüşü əvvəlkindən fərqlənmədi. Astana prosesi hələ ki Suriyaya əmin-amanlıq və sülh gətirə bilmir. Əvəzində təhdidlər müşahidə olunur. Məsələn, Rusiya özündən min kilometrlərlə kənarda olan Fərat çayı, onun suyunun bölünməsi, habelə Suriyanın suverenliyinin bərpası ilə bağlı bəyanat yayıb. Hazırda Rusiya Avropa qitəsini də bir-birinə vurub”.

Q. Hüseynli qeyd edib ki, Tehran görüşü zamanı yersiz atmacalar da olub, Türkiyə prezidenti Ərdoğana qarşı nəzakətsiz davranışlar sərgilənib: “Bu, istər Putinin, istərsə də İranın dini lideri Xomeneinin qəbulu zamanı baş verib”.

Professor İranın Ali dini liderinin Türkiyə və Rusiya prezidentlərini qəbul edən zaman ortaya çıxan mənzərəni də qiymətləndirib:

“Ərdoğan Ali liderin qəbuluna gəlib. Əslində dini liderin konstitusiya ilə təsbit olunan gerçək səlahiyyətləri yoxdur. Dini lider əsasən dini məsələlərə cavabdehdir. Nə olsun ki, İslam rejiminin modeli var. Amma bu məsələlər konstitusiyada öz əksini tapmır. Ancaq sən öz bayrağını başının üzərinə qoyursan, dünya siyasətinə təsir edən, NATO-nun üzvü olan bir ölkənin prezidenti ilə məsafə saxlayırsan. Üstəlik, onun bayrağını danışıqlar masasına gətirmirsən. Guya bu protokol qaydasıdır. Əlbəttə, sizin öz protokolunuz ola bilər. Amma bu protol qaydası beynəlxalq hüquqdan irəli gələn qayda-qanunların əleyhinədirsə, onu tənqid etmək hüququ da meydana gəlir. Bu baxımdan, Tehran görüşünün uğurlu olacağına, beynəlxalq təhlükəsizlik sisteminə töhfə verəcəyinə inanmıram”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
21-05-2025, 08:22 NATO parçalana bilər