G7 sammiti: hədəfdə Rusiya, Çin və nüvə təhlükəsidir
Tarix: 18-05-2023 14:25 | Bölmə: Slayd
G7 sammiti: hədəfdə Rusiya, Çin və nüvə təhlükəsidir

Sabah Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində Rusiya və Çin məsələsi əsas müzakirə predmeti olacaq.

Reyting.az
xəbər verir ki, G7 sammitində Rusiya-Ukrayna savaşı və qlobal ABŞ-Çin rəqabəti ilə yanaşı nüvəsiz dünya üçün danışıqlar da aparılacaq.

Hazırda dünyanın diqqəti Xirosima şəhərində başlayacaq G7 Liderlər Zirvəsinə yönəlib. Sammitin əsas mövzuları Rusiyanın Ukraynaya qarşı müharibəsi və Çinin Sakit okeanda artan təsiri olacaq.

Sammitdən əvvəl Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, G7 status-kvonu güc yolu ilə dəyişdirmək cəhdlərinə qarşı sərt mesaj verəcək.

Sammitdə Rusiya və Çinə təzyiqlərin artırılması ilə bağlı qərarların qəbulu da gözlənilir.

Sammitin digər mühüm mövzusu nüvəsiz dünya olacaq. Əslində sammit üçün Xirosima şəhərinin seçilməsi də bu istiqamətdə atılan addım kimi qiymətləndirilir. G7-nin nüvə silahı olmayan dünya üçün güclü mesaj verəcəyini ifadə edən Kisida, bu istiqamətdə daha konkret səylərlə irəliləyəcəklərini bildirib.

Yaponiya Xarici İşlər Nazirliyi paytaxt Tokioda sammitdən öncə mətbuat nümayəndələri ilə görüş keçirib. Görüşdə vurğulanıb ki, Xirosima şəhərinin sammit üçün seçilməsi nüvə müharibəsinin bir addım daha yaxınlaşdığı dünyada sülhün qorunmasına mühüm mesajdır.

Yaponiya Xarici İşlər Nazirliyinin Nüvə Silahlarının Yayılmaması, Elm və Nüvə Enerjisi Departamentinin direktoru İşii Hideaki və Beynəlxalq Nüvə Əməkdaşlığı Bölməsinin direktoru İdeta Tsuyoşi Tokionun “Xirosima” ilə sülhün qorunması üçün mühüm addım atdığını bildiriblər. Baş nazir Fumio Kişida tərəfindən 2022-ci ildə dərc edilən fəaliyyət planında Yaponiyanın nüvə silahından istifadə etməmək və təhlükəsiz dünya yaratmaq üçün həyata keçirməyi planlaşdırdığı 5 tədbirin əhəmiyyətinə diqqət çəkilib.

Bundan əlavə, 2023-cü ilin aprelində Yaponiyada G7 ölkələrinin xarici işlər nazirləri səviyyəsində keçirilən görüşdən sonra dərc olunan birgə bəyanatda nüvə enerjisindən təhlükəsiz istifadənin vacibliyi vurğulanıb və nüvə enerjisinin inkişafı üçün sınaqların aparıldığı bildirilib.



Yaponiya rəsmiləri nüvə faciəsinin təkrarlanmaması və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinə çalışdıqlarını bəyan edərək bildiriblər ki, bu sahədə digər ölkələrlə əməkdaşlıq da vacibdir.

Digər tərəfdən, mayın 19-21-də baş tutacaq G7 sammitində Yaponiyadan başqa Fransa, ABŞ, Kanada, Almaniya, İtaliya və İngiltərə liderləri də iştirak edəcəklər. Bundan başqa, sammitdə Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Şarl Mişelin də iştirakı gözlənilir.

Sammitə G7 ölkələrindən başqa, Avstraliya, Braziliya, Hindistan, İndoneziya, Cənubi Koreya və Vyetnam da qonaq qismində dəvət olunub.

Onu da qeyd edək ki, ABŞ prezidenti Co Bayden ölkəsi defolt riski ilə üzləşdiyi üçün iş qrafikini dəyişib. Bu mövzuda ölkədə danışıqlar aparacağı gözlənilən Bayden bu danışıqlara diqqəti yönəltmək üçün Asiya turu çərçivəsində Papua Yeni Qvineya və Avstraliyaya səfərini ləğv edib. O, G7 sammitinə getməzdən əvvəl Senatın qrup liderləri, xüsusilə Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşüb.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}