Azad İsazadə: “Danışıqlar prosesini dayandırmaq meylləri var”
Tarix: 19-05-2023 12:58 | Bölmə: Slayd
Azad İsazadə: “Danışıqlar prosesini dayandırmaq meylləri var”

“Danışıqlar ərəfəsində Ermənistan və Xankəndi şəhərindəki separatçılar tərəfindən Azərbaycana qarşı təxribatların törədilməsi ilk hadisə deyil. Danışıqlar prosesinə nəzər salsaq görərik ki, hətta 2020-ci il müharibəsindən əvvəlki 30 il müddətində də real danışıqlar imkanı olan kimi ermənilər təxribatlar törədib, vəziyyəti gərginləşdirməyə çalışıblar. Yenə belə təxribatları müşahidə edirik. Həm danışıqlar gedir, həm də Azərbaycana qarşı təxribatlar törədilir”.

Bunu Reyting.az-a hərbi analitik Azad İsazadə deyib.

A. İsazadə iddia edir ki, hansısa qüvvələr belə təxribatlarla danışıqlara mane olmağa, onu gündəmdən çıxarmağa çalışırlar: “Bu qüvvələrin adını dəqiq deyə bilmərik. Çünki informasiyalı deyilik. Amma bu günün şərtlərində danışıqların aparılmasında və sülh sazişinin əldə edilməsində maraqlı olmayan tərəf kimi daha çox Rusiya görünür. Ola bilsin ki, başqa qüvvələr də var. Amma aydındır ki, Ermənistan ordusunun daxilində, xüsusilə zabit korpusunda Rusiyaya bağlı kifayət qədər kadr var. Onlar belə təxribatları asanlıqla edə və bunun üçün yuxarı komandanlıqdan əmr gözləməyə bilərlər”.

Hərbi analitik əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyan da belə təxribatlarda maraqlı ola, təxribatlara göz yuma və ya bunu etmək üçün addım ata bilər. “Qısası, vəziyyət qəlizdir. Ermənistanda bu təxribatların konkret kim tərəfindən təşkil edildiyi bizə məlum deyil. Məlum olan budur ki, danışıqlar prosesini dayandırmaq və pozmaq meylləri var”,- deyə A. İsazadə əlavə edib.

Müsahibimizin fikrincə, təxribatlara baxmayaraq, danışıqlar prosesinin davam etməsi müsbətdir: “Unutmayaq ki, hətta sülh sazişi imzalansa belə, erməni təxribatlarını müşahidə edəcəyik. Amma bir şeyi dəqiq bilirik, Ermənistan ordusunun nəinki müharibə, hətta genişmiqyaslı əməliyyat keçirmək imkanı yoxdur. Nə silah-sursat, nə də insan resursu baxımından. Heç iqtisadiyyatları da buna imkan vermir. Yalnız kiçik təxribatlar edirlər, amma bununla prosesi gecikdirə bilsələr də, dayandırmaq mümkünsüzdür”.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}