Çin dünyanın ən güclü 7 ölkəsinə xəbərdarlıq edib
Tarix: 21-05-2023 10:52 | Bölmə: Slayd
Çin dünyanın ən güclü 7 ölkəsinə xəbərdarlıq edib

Yaponiyanın Xirosima şəhərində keçirilən G7 ölkələrinin sammitində Tayvan, Şərqi və Cənubi Çin dənizi, Honq-Konq, Sincan, Tibet, nüvə silahları və “iqtisadi təzyiq” kimi mövzularda Çinə edilən təzyiqlərə rəsmi Pekin sərt reaksiya verib.

Reyting.az
-ın xəbərinə görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyunq deyib ki, G7 dünyada sülh, sabitlik və rifahı təşviq etmək iddiasında olduğunu bildirsə də, əslində beynəlxalq sülhə, regional sabitliyə zərər verir və digər ölkələrin inkişafına mane olur.

Xarici İşlər Nazirliyinin sözçüsü bəyan edib ki, G7 Çinlə bağlı məsələlərdən Çini ləkələmək, Çinə hücum etmək və onun daxili işlərinə qarışmaq üçün istifadə edir. Çin rəsmisi bu münasibəti pislədiklərini, sammitə ev sahibliyi edən Yaponiyaya və digər tərəflərə etiraz etdiklərini bildirib.

“Bir ovuc Qərb dövlətinin daxili işlərə müdaxilə edərək qlobal məsələləri manipulyasiya etdiyi günlər artıq başa çatıb”, - deyən XİN sözçüsü əlavə edib.

Çinin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq hüquq və normalara əsaslanan beynəlxalq sistemdən asılı olduğunu bildirən X. Çunyunq G7-yə çağırış edib:

"Ölkələr arasında qarşıdurma yaradaraq digər ölkələrin mühasirəyə alınmasına və təzyiqlərə son qoyun!"

G7 liderlərinin “Tayvanda status-kvonu birtərəfli şəkildə dəyişdirmək cəhdlərinə qarşı olduqları” barədə bəyanatını tənqid edən H. Çunyunq qeyd edib ki, “Böyük yeddilik" Tayvan boğazında sülhün qorunmasından danışır, lakin Tayvanın müstəqilliyinə qarşı çıxmaqdan danışmır: "Bununla o, Tayvanın müstəqilliyini müdafiə edən qüvvələri dəstəkləyir və onlarla ortaq olur”.

Rəsmi Pekin bəyan edib ki, Tayvan Çinin bir parçasıdır və Tayvan problemini çinlilər həll etməlidir: "Heç kim Çin xalqının Çinin suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini və qabiliyyətini qiymətləndirməməlidir"

XİN rəsmisi Honq-Konq, Sincan və Tibetlə bağlı məsələlərin Çinin daxili işləri olduğunu və heç bir xarici qüvvənin “insan haqları bəhanəsi ilə” bu işlərə qarışmasını qəbul etməyəcəklərini bildirib və G7 ölkələrini Çini ittiham etməyi dayandırmağa çağırıb.

Çinin dənizdə beynəlxalq hüququn qorunmasının tərəfdarı olduğunu vurğulayan rəsmi, Şərqi Çin dənizi və Cənubi Çin dənizində vəziyyətin "ümumiyyətlə sabit" olduğunu bildirib.
O, deyib ki, aidiyyəti dövlətlər region ölkələrinin sülh və sabitliyin təmin edilməsi üzrə səylərinə hörmətlə yanaşmalı, dənizdəki problemlərdən region ölkələri arasında münaqişə və qarşıdurma yaratmaq üçün istifadə etməməlidir.

Çinin "iqtisadiyyatdan təzyiq aləti kimi istifadə etmək" ittihamına gəlincə, diplomat deyib ki, ABŞ iqtisadiyyatı siyasiləşdirən tərəfdir, əvvəlcə ticarət əlaqələri yaradır, sonra ondan silah kimi istifadə edir.

Çinin nüvə strategiyasının sırf müdafiə xarakterli olduğunu və nüvə silahına sahib ölkələr arasında ondan ilk istifadə etməyəcəyinə dair öhdəlik götürən yeganə ölkə olduğunu xatırladan XİN sözçüsü, ölkənin nüvə potensialını minimum səviyyədə saxlayacağını qeyd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}