ABŞ-Çin gərginliyi yenidən təhlükəli həddə çatır
Tarix: 31-05-2023 11:50 | Bölmə: Slayd
ABŞ-Çin gərginliyi yenidən təhlükəli həddə çatır

Son dəfə “casus şarı” böhranında üz-üzə gələn ABŞ və Çin arasında gərginlik yenidən artıb.

Reyting.az
xatırladır ki, dünən ABŞ Müdafiə Nazirliyi rəsmi Pekinin ABŞ və Çin müdafiə nazirlərinin görüş təklifini rədd etdiyini bildirib. Bu gün isə məlum olub ki, Çinin döyüş təyyarəsi Cənubi Çin dənizi üzərində ABŞ kəşfiyyat təyyarəsinin yaxınlığından uçub. Hətta Pentaqon bununla bağlı görüntülər də yayıb.

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin kokpitindən çəkilmiş görüntülər bu gün Qərb mediasının əsas yazısı olub. Qısa müddətdə sosial mediada yayılan görüntülərdə Çin döyüş təyyarəsinin ABŞ təyyarəsinə təhlükəli şəkildə yaxınlaşdığı və təyyarənin silkələndiyi bildirilir.



ABŞ Hərbi Hava Qüvvələrinin açıqlamasında qeyd olunur ki, Çinin “J-16” təyyarəsi lüzumsuz aqressiv manevr edib və bu, ABŞ-a məxsus “RC-125” döyüş təyyarəsinə problemlər yaradıb.

“Birləşmiş Ştatlar beynəlxalq hüququn icazə verdiyi hər yerdə təhlükəsiz və məsuliyyətli şəkildə uçmağa, üzməyə və fəaliyyət göstərməyə davam edəcək”, - deyə Pentaqonun Çinə xəbərdarlığında bildirilir.

Çin ABŞ-ı bölgədəki hava və dəniz kəşfiyyatı ilə milli təhlükəsizliyini təhlükə altına almaqda ittiham etsə də, ABŞ mediası hadisəni “Cənubi Çin dənizi üzərində Çin döyüş təyyarələri ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin son döyüşü” kimi qiymətləndirib.



Qeyd edək ki, Çin-ABŞ münasibətləri ticarət rəqabəti, habelə Pekinin Tayvan və Cənubi Çin dənizində artan hərbi fəaliyyəti ilə gərginləşir. Sonuncu dəfə bu ilin əvvəlində yaşanan “casus şarı” böhranı gərginliyi pik həddə çatdırıb və ABŞ Dövlət katibinin Pekinə planlaşdırılan rəsmi səfəri ləğv edilib. Həmçinin, ABŞ və Çinin döyüş təyyarələri dekabr və fevral aylarında da üz-üzə gəliblər. ABŞ hərbi rəsmiləri bildiriblər ki, təhlükəli manevrlər Çinin ABŞ təyyarələrini təqib etmək üçün koordinasiyalı səylərinin bir hissəsidir.

Onu da diqqətə çatdırırıq ki, ABŞ-ın qırıcı və kəşfiyyat təyyarələri Rusiya ilə də anoloji problem yaşayır və tez-tez üz-üzə gəlirlər. Sonuncu dəfə mart ayında rus qırıcıları ABŞ-ın kəşfiyyat dronunu Qara dənizə salıblar.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}