Tarix: 18-01-2016 16:27 | Bölmə: Şou-biznes / Xəbərlər
Qazaxıstan və Ukraynaya səfərini başa vurub vətəninə qayıdan müğənni Aslan Hüseynov səfər çərçivəsində klip çəkdirməyi də bacarıb. Amma müğənni həmin klipini yayımlamaq üçün maliyyə vəsaiti tapmır.
Klipin ərsəyə gəlməsinə görə dostlarına təşəkkür edən müğənni "Reytinq”ə deyib ki, dostları ona türk mahnıları yazdırmaqda və klip çəkdirməkdə təmənnasız olaraq köməklik ediblər.
Qazaxıstan səfərini başa vurub Ukraynaya gedən Aslan Hüseynovun köməyinə bu ölkədə də dostları çatıb: "Dostlarımın sayəsində orada daha bir musiqi roliki hazırladım. Lirik bir mahnıya klip çəkdirdim. Amma bu klip hələ tamaşaçılarıma tədqim olunmayıb. Çünki bunun üçün hansı telekanala getsən, pul lazımdır. Heç bir kanal klipi ödəniş olmadan yayımlamır. Onları da anlamaq lazımdır. Elə bir müğənni yoxdur ki, hansısa televiziyada klipi pulsuz yayımlansın. Dövlət televiziyaslarında isə vəziyyət başqa cürdür. Düzü, mənim onların qayda və tələblərindən xəbərim yoxdur. Çünki neçə illərdir ki, dövlət televiziyalarının qapısının səmtini belə tanımıram. Həm AzTV, həm də İTV mənə yasaq qoyub. Deyirlər ki, səni bu kanallara buraxan deyilik”.
Müğənni iddia edir ki, AzTV-nin sədri Arif Alışanov ona qarşı qisasçılıq yolu tutub: "İctimai Televiziyaya isə əvvəllər dəvət etsələr də, Alışanovun müavini ora rəhbər təyin ediləndən sonra onun da qapısı üzümə bağlandı. Bunun səbəbini öyrənməyə çalışsam da, heç nə əldə edə bilmədim. Xalqın bir sənətkarına qarşı niyə belə yol tutduqlarını anlamıram. Axırda məcbur olub məsələni dövlət səviyyəsində həll etmək istədim”.
Bu səbəbdən də A.Hüseynov dövlət başçısına, Heydər Əliyev Fonduna, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edib. Müraciətindən bir az keçdikdən sonra onu Mədəniyyət və Turizm Nazirliynə çağıraraq deyiblər: "Təəssüflər olsun ki, televiziya nazirliyin balansında deyil və biz qurum olaraq onlara heç nə deyə bilmərik. Bu, səlahiyyətimiz xaricindədir. Bu məsələyə MTRŞ-nın rəhbəri Nüşirəvan Məhərrəmli baxır, haqqınızı orada arayın”.
Azərbaycan Milli Televiziya və Radio Şurasından isə müğənniyə bu cavabı veriblər: "Televiziyalar kommersiya xarakterlidir. Nüşirəvan müəllim deyir ki, mən heç bir kanala deyə bilmərəm ki, Aslanı göstər, ya göstərmə”.
Beləcə, müğənninin telekanallarla bağlı problemi həllini tapmayıb.
Bəzi telekanalların artıq baxımsız olduğunu qeyd edən A.Hüseynov bildirib ki, heç kəs həmin efirlərdə görünmək istəmir. Onun sözlərinə görə, "Bizim kanal baxımlıdır, reytinqlidir”,-demək hələ həqiqəti əks etdirmir: "Hər kanala baxmırlar, tamaşaçılar kanallardan uzaq düşüb. Sadəcə, bir neçə kanallarda bəzi verilişlər var ki, onlar nəinki Azərbaycanda, hətta ondan kənarda da baxımlıdir. Məsələn, mən Xəzər TV-də "5/5” proqramına çıxdım, dünyanın əksər ölkələrindən mənə zəng etdilər. Belə proqramlara bircə kərə çıxmağın kifayətdir. Bəzi kanallar da var ki, ora 100 dəfə çıxsan da, sənə baxan olmur. Elə kanala çıxmağın nə mənası? Məsələn, götürək elə mənə qadağa qoyan kanalları, nə yaxşı ki, məni o kanallara buraxmırlar. Orda məni kim görəcək? O kanallara özlərindən başqa heç kim baxmır. Müğənniyə isə tamaşaçı baxımı, "gözü olan” kanal lazımdır ki, onun sənətini kimsə görsün”.
Azərbaycanda reytinqli telekanallara gəlincə, müğənni bildirib ki, reytinqli kanal yox, proqramlar var. Həmin proqramlara bircə dəfə çıxmaq yetər: "Qismət Məmmədzadə də mənim kimi, ona da televiziyalar yasaq qoydu. Dözdü, axırda ağzına gələni dedi və Azərbaycandan getdi. Çünki müğənniyə efir və tanınmaq lazımdır. Camaat müğənniyə qulaq asmırsa, dinləmirsə, o, nə etməlidir? Mənim özümə 3 kanal qadağa qoyubsa, 4-ü də hörmətlə yanaşır. Onları bir-birinə qarışdıra bilmərəm. Ona görə də hələlik dözürəm ki, görüm, bunun sonu necə olacaq. Tamaşaçı "5/5”, "Mikayıl-şou” və s. kimi proqramların hər birinə baxır”.
Bölməyə aid digər xəbərlər