Sabiq spikerin qətlində şübhəli şəxs saxlanılıb
Tarix: 01-09-2025 14:57 | Bölmə: Xəbərlər
Sabiq spikerin qətlində şübhəli şəxs saxlanılıb
Andrey Parubiy

Ukrayna Ali Radasının sabiq spikeri Andrey Parubiyin qətli ilə bağlı şübhəli şəxs saxlanılıb. Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski məlumat verib.

Reyting.az
bildirir ki, Daxili İşlər Nazirliyi və Təhlükəsizlik Xidmətinin açıqlamasına görə, şübhəli 1 sentyabr gecəsi Xmelnitsk vilayətindəki bir ərazidə saxlanılıb. İctimaiyyətə hələlik onun şəxsiyyəti açıqlanmır.

Zelenskinin sözlərinə görə, saxlanılan şəxs ilkin ifadə verib, lakin əlavə təfərrüatlar haqqında məlumat verilməyib.

Ukrayna milli polisinin rəisi İvan Viqovski bu qətl işində "Rusiya izi"-nin olduğunu bildirib. Polis saxlanılma anından çəkilmiş fotoları dərc edib.

Qeyd edək ki, zamanında Avromaydanın keçmiş komendantı olan, 2016–2019-cu illərdə Ali Radanın sədri seçilmiş Andrey Parubiy avqust ayının 30-da Lvovda qətlə yetirilib. Naməlum şəxs siyasətçiyə təxminən səkkiz dəfə atəş açıb və sonra hadisə yerindən qaçıb. Parubiy yerindəcə dünyasını dəyişib.

Ukrayna DİN-nin verdiyi məlumata əsasən, bu qətl əvvəlcədən planlaşdırılıb və cinayətkar mərhumun hərəkət qrafikini izləyib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər