Ölən gözün qurtarmayan göz yaşları...
Tarix: 03-12-2018 16:13 | Bölmə: Cəmiyyət
Ölən gözün qurtarmayan göz yaşları...

Anama dünyadan köçməsinin bir illiyinə yeni məktub yazmağı planlaşdırırdım. Bu bir ildə altı nəticəsi dünyaya gəlmişdi. Nəsil 4 oğlan, iki qız artmışdı. Amma o məni qarşıladı.

Iki həftə əvvəl onu yuxuda gördüm. Qara mərmərə köçürülmüş gözlərindən yaş axırdı. Səslədim, cavab gəlmədi. Bilmədim, niyə bir gözündən göz yaşı, o birindən qan axırdı.

Öz səsimə ayıldım. Kənddən xəbərim vardı, hamı sağ-salamat idi.

Müşviqin Samaraya xəstəxanaya qayıdşından iki gün əvvəl idi. Rövşən məndən soruşdu: “Sən Azərbaycana Qazaxıstan yolu ilə gedəcəksən?” Mən fikirli idim. Hələ axşam oxuduğum şeri ürəyimdə təkrarlayırdım.

Daha nə olur gec,

nə gəlir gecdi,

bütün sabahlar da gecəyə düşür.

ayrılıq sən olan küçədi sanki,

payızlar elə o küçəyə düşür.

Rövsən mənim cavabımı gözləmədən dilləndi:

-Ciyimin ilinə, hamımız gedəcəyik,- deyib mənim cavabımı eşitmədən yoluna davam edir.

Müşviq iki gündür Samarda Yerşov adına göz xəstəxanasında idi. Tərs kimi xəstəxanaya qəbulu şənbə gününə düşmüşdı. Növbətçi həkimlərin gücü ağrı boğucu iynə vurmağa çatmışdı.

Birinci günü günorta üstü xəstəxanaya gəldim. Aşağıdan zəng edib həkimlə görüşmək istədiyimi bildirdim. Bir azdan məni çağırdılar. Həkimi Leyla Nuriyeva bir az gözləməyi təklif etdi.

“Gözünün vəziyyəti necədir”, - soruşdum. - Hələ soyuqdəyməsini müalicə edir və bakteriyaların gözün içinə keçməsinin qarşısını alırıq. Bəbəkdə deşik açılıb!

Müşviq birinci dəfə bu xəstəxanadan qayıdanda vəziyyəti pis deyildi. Həkim gözün 94 faiz bərpa olunduğundan danışırdı.

Bir yerdə kəndə qayıtdıq. Üçüncü gün Müşviq ağrılar içində Qluşitsaya gəldi. Göz ağrılarından nə yata, nə də bir yerdə dura bilirdi. Ağrıkəsici iynələr ağrının iki-üç saat qarşısını alırdı.

Leyla şöbə müdirini dəvət edir. Müşviqi aparıb bir də gözünə baxırlar. Xeyli müzakirədən sonar Leyla Nuriyeva deyir: “Bəbək köçürülməsi gözün xilasının yeganə yoludur”.

Sonra şöbə müdiri əlavə edir: “Biz hələlik pərdəni diyişib, bakteriya keçidinin qarşısını məyyən dərəcədə ala bilərik. Yaxud dörd-beş dəfə əməliyyatdan keçirilməsi lazım gələr. Siz də fikirləşin, biz də müalicəni davam etdirək”.

Müşviq gecə-gündüz ağrıların azalmadığını deyir.

Mən qərara gələ bilmirəm. Rovşənə, Elmana zəng edirəm. Bakıya, yaxud Türkiyəyə uçmağa həkim icazə vermir. Gözün çox zəif olduğunu, bəbəyin təzyiqdən dağıla biləciyini söyləyir. Gözləməyə vaxt yoxdur. Gecdi. Bir yol qalır. Maşınla Dneprə çatdırmaq.

Səhər 7-yə maşın sifariş verirəm. Sürücü gözləyə bilmədiyini deyir. İkinci sürücü saat 16:00-da gələcəyini bildirir. Axşam saat altıda maşına minirik.

Elə bil təbiət də bizə qarşıdı. Küləklidir, qar yağır, yol görünmür. Sürücü yolun yarısını belə gedir. Gecəyarısı Tambova qarlı-qüləkli havada yetiişirik. Yalnız Voronej yolunda qar və külək kəsilir. Saat 11-də Belqoroda çatırıq. Təcili taksi ilə Rusiya-Ukrayna sərhəd keçid məntəqəsinə gəlirik. Hamı bizim dərdimizi anlayır, hər kəs əlindən gələn köməyi göstərir. Taksi ilə Xarkova yollanırıq. Müşviq ağrıların heç azalmadığını deyir.

Xarkovda ağrıkəsici iynə alırıq. Nəhayət,çox axtarışdan sonra avtovağzalın istirahət otağında bir qadın bu iynəni vurmağa razı olur. Ağrılar bir az sakitləşir.

Sonra Dnepre yola düşürük. Bu iki yüz kilometr mənə çox uzun görünür. Onun ömürlüyünü vərəqləyirəm. 6 il hərbi xidmətdə olub. İki ilini sovet ordusunda xidmət edib, 4 ilini Birinci Qarabağ müharibəsində vuruşub. Ailəmizin sonbeşiyidir.

Axşam Elmangildə söhbət edirik. Həkim səhər 10-da xəstəxanada bizi gözləyəcək. Gecə yata bilmirəm. Nə baş verdiyi mənə aydındır. Gözümü yumuram. Dədəmi yuxuda görmək, dərdləşmək istəyirəm. Mənim dədəm də, anam da bu xəstəxanada gözlərindən əməliyyat olunmuşdular. Hər şey yaxşı qurtarmışdı. Ömürləri boyu bir kimsəyə möhtac olmamışdılar. İndi ən kiçik oğlu bura gəlmişdi. Ümidlərlə dolu.

Səhər mən xəstəxana pilləkənlərini sayıram. Beşinci mərtəbəyə qalxmalıyıq. İçimdən qəribə suallar keçir. Bədənimi üşütmə tutur. Gözün artıq olmadığı ağlıma belə gəlmir.

Nəhayət, beşinci mərtəbəyə çatıram. İçimdən 4 il Birinci Qarabağ müharibəsinin ağrı-acılarını keçmiş Müşviqin sağ-salamat qayıtması düşür, indi isə müharibəsiz bir gözünümü itirəcək, fikirləşirəm. Bəlkə qayıdaq, gedək, - fikirləşirəm.

Elmanla Müşviq həkimin otağına keçir. Mənsə dəhlizdə həkimin rəyini gözləyirəm. Həkim bir neçə dəqiqə susur, sonradan elə bərkdən danışır ki, mən də dəhlizdə bütün deyilənləri eşidirəm.

“Dostlar, mənim dediklərim, ürəyinizcə olmayacaq, amma deməliyəm. Bəbək artıq dağılıb, gözün arxası irinlə doludur. Bu ağrını verən də o irin-qandır. Nə qərara gəlsəniz, mən sizi eşitməyə hazıram! Amma bu gözü nə vaxtsa qəlpəmi, ağacmı çızıb. Sağalıb və yaddan çıxıb. İndi bu gözə toz, qılpınmı, göbələcikmi düşüb”.

Özümə sual verirəm: “Dörd illik müharibədə cızılmayn yer qalardımı? İnsan, əsgər sağ qaldığına görə sevinir. O kiçik ağrılar Vətənə sipər olan əsgər üçün çox kiçikdir”.

Həkim dilinə gözü çıxartmaq sözünü gətirmir. Amma, inciməyək deyə, “Hara getsəniz, son anda bu fikirə gələcəksiniz.”, - deyir.

Elmanla Müşviq dəhlizə çıxır. Həkim də onların arxasınca gəlir. Elman Rövşənə zəng edir, mənsə Müşviqin üzünə baxa bilmirəm.

Xəstəxanaya qoymaq qərarına gəlirik. Həkim özü gözü gücü çatan qədər çirkdən təmizləyir. Bir neçə iynə vurur. Səhər 12-də həkimlə görüşmək razılığına gəlib evə qayıdırıq.

Yolboyu ömrümün illərini, aylarını xatırlayıram. Anam bizi heç vaxt qarğımazdı. Bəlkə heç qarğış da bilmirdi. Bizə heç vaxt “korsan, ayağının altına bax da “ deməzdi.

Səhəri gözlədik… Bu dünyanın bir insanın bir gözünü işıqsız qoyan bir gecə, açılan bir səhər olacaqdı. Həkimin “bu gözü vaxtında çıxarmasaq, o birinə də keçə bilər”! - deyimi mənə rahatlıq vermirdi.

O gözün nə qədər yaş axıtdığını mən hər gün görürdüm. Kimi ağlayırdı bu göz? Sahibini, yoxsa özüylə apardığı işığını? Bəlkə son işıq damlaları ilə sahibinə Tanrıdan uzun ömür diləyirdi?

Saat 10-da istirahət günü xəstəxanada idik. Müşviq ağrıların heç azalmadığını söylədi.

Bu ağrılar içərisində alışıb yanmaq da olmurdu? Qərar çıxartmaq lazım idi. Heç kimi gözləmədən Müşviq dillənir: “Tanrıdan qismətim bu imiş. Dörd il hər tərəfdən güllələlər uçdu. Amma Tanrı məni qorudu. Amma taledən qaçmaq olmur. Bir gözü qorumağın özü də Allahın mənə, anama, yoxsa atama töhfəsidir”.

Saat 16-00-a əməliyyat təyin olunur. Biz yolboyu susuruq. Nədən danışaq? Nə desek, gecdir, Nə planlasaq, biz kecikmişik.

Bir saatdan sonra Müşviqi palataya gətirirlər. O göz ömrünü bir saat əvvələ gədər yaşadı.

Müşviqin üzünə baxa bilmirəm. Bundan sonra onun bir gözü güləcək, bir gözü ağlayacaq.

Həm özünü, həm də o itirilmiş göz qardaşını.

Yadıma düşəcək çox xatirələr var. Hamısın danışmağa vaxt yoxdur…

Beləcə, anamın ilinə gedə bilmədim. Qardaşımsa bir gözünü itirdi.

Müşviq mənə hər gün deyirdi: “Ciyim gözümü yuman kimi yuxuma girir. Əlini ağrıyan gözümün üstünə qoyur. Çox ağrıyır”,- soruşurdu. Mənsə, ona itirdiyim gözümün qurtarmayan yaşları ilə cavab verirdim.

Surxay Huseynli,

Dnepr, Ukrayna 30 noyabr 2018.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}