Qubadlının başçısı problemə biganə yanaşır; Köçkünlər prezidentdən kömək istəyir
Tarix: 04-12-2017 13:05 | Bölmə: Cəmiyyət
Qubadlının başçısı problemə biganə yanaşır; Köçkünlər prezidentdən kömək istəyir

Sumqayıt şəhəri, 20/21-ci mikrorayon ərazisindəki ev 777-də məskunlaşan məcburi köçkünlər Azərbaycanın dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıblar.

40-a yaxın məcburi köçkün tərəfindən edilən müraciətə səbəb onların üzləşdiyi ciddi problemdir.

Reyting.az-ın xəbərinə görə, Yadulla Fətulla oğlu Cümşüdov, Şəkər Əyyub qızı Cümşüdova, Mələknisə Həmid qızı Ələkbərova, Vüqar Fətulla oğlu Cümşüdov, Bəhlul Fətulla oğlu Cümşüdov və digərlərinin dövlət başçısına müraciətində deyilir:

“Hörmətli cənab Prezident!

Məcburiyyət qarşısında qalıb Sizə təcili olaraq son ümid yerimiz kimi müraciət edirik.

1993-cü ildən Qubadlı rayonundan 40-a yaxın məcburi köçkün olaraq Sumqayıt şəhəri, 20/21-ci mikrorayon, ev 777-də məskunlaşmışıq. Bir qrup məmur, eyni zamanda Sumqayıtda qanunsuz torpaq alveri ilə məşğul olan Elvin və Elçin Əhmədov qardaşları və onlara havadarlıq edən Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, Sumqayıt İcra İdarəsinin rəisi Fuad Nəbiyevin təşkilatçılığı və himayəsi ilə vəzifə səlahiyyətlərini aşıb, erməni işğalçılarının etdiyi əməlləri təkrarlayaraq ikinci dəfə biz məzburi köçkünləri (müharibə veteranlarını) öz evimizdən çıxarırlar”.

Məcburi köçkün ailələri dövlət başçısından xahiş edirlər ki, onlara qarşı keçirilən silsilə məhkəmə proseslərinin qanunsuz və ədalətsiz qətnamələrinin icrasının dayandırılmasında köməklik göstərsin: “İşin Sizin nəzarətinizlə yenidən araşdılmasına, Ali Məhkəmənin Plenumuna verdiyimiz şikayət məktubunun icrata qəbul olunmasına və dövlətimizin bu gərgin dönəmində bizim üçün süni şəkildə yaranmış problemin ədalətlə həll olunmasına köməklik göstərməyini xahiş edirik”.

Reyting.az-ın məlumatına görə, Qubadlı rayonundan məcburi köçkün düşmüş digər bir qrup şəxs isə sosial şəbəkələr vasitəsi ilə Azərbaycanın rəhbər şəxslərinə müraciət ediblər.

Onların müraciətində bildirilir ki, problemlə üzləşən təkcə Sumqayıtdakı adıçəkilən ünvanda məskunlaşanlar deyil.

Sakinlər müraciətlərində qeyd edirlər ki, Qubadlı rayonunun icra başçısı Malik İsaqov məcburi köçkün həyatı yaşayan qubadlıların probleminə biganə yanaşır:

“Malik İsaqovun problemlə üzləşmiş Qubadlı sakinlərini vaxtlı-vaxtında qəbul edib dinləmək istəməməsi xeyli sayda insanı çətinliklə üzləşdirib. Təəssüf ki, icra başçısına edilən müraciətlərimiz cavabsız qalıb”.

Müraciət müəllifləri Reyting.az-a bildiriblər ki, Malik İsaqov rəhbəri olduğu rayon sakinlərinin problemlərinin həllinə ciddi dəstək vermək əvəzinə karyerada digər sevdaya düşüb.

Onlar, M.İsaqovun laqeyd münasibətindən yaranmış problemlər səbəbindən, Reyting.az vasitəsi ilə dövlət başçısına və ictimaiyyətə ətraflı şəkildə müraciət edəcəklərini bildiriblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}