YAP üzvünün evi başına uçur – Müraciət
Tarix: 31-03-2018 07:21 | Bölmə: Cəmiyyət
YAP üzvünün evi başına uçur

Göyçay rayonunun Xəlitli kənd sakini, Yeni Azərbaycan Partiyasının üzvü Gülməmməd Piri oğlu Fətəliyev “Reytinq” vasitəsi ilə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

G. Fətəliyev müraciətində bildirir ki, 3 nəfəlik ailəsi ilə Göyçay rayonu Xəlitli kəndində qəzalı vəziyyətdə, hər an uçma təhlükəsi olan evdə yaşamağa məcbur qalıb:

“Hörmətli Mehriban xanım, inanın, hər axşam kəlmeyi-şəhadətimizi deyib yatırıq ki, yuxuda olan zaman ev uçar, ölə bilərik. Dam örtüyü tam yararsız olduğu üçün yağış otaqların içinə yağıb deyə evimiz tam yararsız və qəzalı vəziyyətdədir. Birotaqlı evimi köhnə tikinti materialı ilə tikmişdim. Buna görə də ev tezliklə yararsız vəziyyətə düşdü. Himayəmdə olan azyaşlı məktəbli qızım evə qorxa-qorxa daxil olur ki, ev uça bilər. Evimizə yağış suları yağdığı üçün özüm də, həyat yoldaşım da, azyaşlı qızım da xəstəliyə düçar olmuşuq. Bəlkə də Azərbaycanda ikinci belə bir acınacaqlı vəziyyətdə yaşayan ailə yoxdur. Ailəmizdə heç kəs işləmir. Kəndə işsizlikdir. Çıxılmaz vəziyyətdə qalmışıq”.

G. Fətəliyev yazır ki, qəzalı vəziyyətdə olan evinin təmir edilməsinə köməklik göstərilməsi üçün dəfələrlə rayonun icra başçısı Mehdi Səlimzadənin qəbulunda olub: “Dəfələrlə ona ərizələrlə də müraciətlər etmişəm. Ancaq heç bir faydası olmayıb. İcra başçısı qəbulda mənim evimin təmir edilməsi üçün işlənmiş köhnə tikinti materialları veriləcəyini desə də, buna da əməl etmədi. Bütün bu çətinliklərə, dözülməz yaşam tərzinə baxmayaraq, yenə də ümidimizi üzməmişik. Ona görə ki, Azərbaycanın Mehriban Əliyeva kimi humanist, mərhəmətli və qayğıkeş Birinci vitse-prezidenti var. İnanıram və ümid edirəm ki, Sizin köməkliyinizlə evim təmir ediləcək və mən də ailəmlə birlikdə xoşbəxt yaşayacam.

Sizə yalvarıram, ailə vəziyyətimizi, qəzalı evdə yaşamağımızı nəzərə alıb mənzil şəraitimizin yaxşılaşdırılması üçün bizə yaxından köməklik edin”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}