Həbsdəki bankir maliyyəçılərlə üzləşmə tələb edir
Tarix: 04-02-2016 15:05 | Bölmə: Cəmiyyət


Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifovla üzləşdirilməsini tələb edir. Məlumata görə, C.Hacıyevin hər iki maliyyəçi ilə üzləşdirilməsi baş tutarsa, böyük maliyyə cinayətləri ilə bağlı həbslərin dairəsi genişlənə bilər.

Cahangir Hacıyev istintaqa vəsatətlə müraciət edib ki, onun Elman Rüstəmov və Samir Şərifovla üzləşdirilməsi təmin olunsun. Sabiq bankir üzləşdirmənin protokollaşdırılmasını və cinayət işinin materiallarına əlavə olunmasını da tələb edir. Cahangir Hacıyevin mövqeyi belədir ki, o, Beynəlxalq Bankdan kreditləri təkbaşına verməyib. Çoxmilyonluq kreditlərin verilməsinə nəzarət edən qurumların rəhbərləri məhz bu iki şəxs olub. Məlumdur ki, Mərkəzi Bank ildə bir neçə dəfə ölkədə fəaliyyət göstərən bankları, həmçinin Beynəlxalq Bankı yoxlayıb və bu gün də yoxlayır.

Bundan başqa, Beynəlxalq Bankın 51 faizi dövlətə məxsus olub və dövləti bankda Maliyyə Nazirliyi təmsil edib. Cahangir Hacıyev də bu baxımdan Elman Rüstəmov və Samir Şərifovla üzləşmə tələb edir ki, istintaqçılar da kreditlərin verilməsində özbaşına qərarlar qəbul etmədiyini ortaya qoya bilsin. Və əgər çoxmilyonluq kreditlərin verilməsində qanunsuzluq olsaydı, bu Mərkəzi Bankın ildə bir neçə dəfə Beynəlxalq Bankda keçirdiyi auditin yekun sənədlərində öz əksini tapmalıydı. Üstəlik, Beynəlxalq Bankdan verilmiş 8 milyard manatdan artıq kredit 1 günün içində verilməyib. Bu proses - kreditlərin verilməsi illərlə davam edib və hər il azı 4 dəfə Mərkəzi Bankın auditorları Beynəlxalq Bankda yoxlamalar aparıblar. Necə olub ki, Mərkəzi Bank auditorları illərlə Beynəlxalq Bankdakı qanunsuzluqları üzə çıxara bilməyiblər? Elman Rüstəmovun kadrlarının Beynəlxalq Bankdakı durumu görməzdən gəlmələrinin səbəbi nə olub?

Digər tərəfdən, Maliyyə Nazirliyi rəhbərliyinin, Samir Şərifovun bu illər ərzində Beynəlxalq Bankdakı durumdan xəbərsiz olması inandırıcı görünmür. Dövlət öz payını Samir Şərifova etibar edib və məlum olub ki, nazir həmin payın taleyinə elə də isti münasibət göstərməyib. Niyə? Dövlətin milyardlarının batmasında Samir Şərifovun rolu müəyyən olunmalı deyilmi?

Cahangir Hacıyevin hər iki maliyyəçi məmurla üzləşdirmə tələb etməsi tam qanuni olmaqla yanaşı dövlətin maraqlarının təmin olunması baxımından da tam əsaslıdır.

Bununla belə, Cahangir Hacıyevin Beynəlxalq Bank sədri olaraq qohumluq əlaqələrindən istifadə məsələsi də araşdırılmalıdır. "Yeni Müsavat”ın 18 may 2013-cü il tarixli sayında "Baş bankir necə sındırıldı...” sərlövhəli yazı dərc olunub. Yazıda Cahangir Hacıyevlə Elman Rüstəmovun münasibətlərinə aydınlıq gətirən çox maraqlı detallar, məqamlar var.

Həmin yazıdan bəzi sitatlara diqqət edək:

"Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev hazırda bank sektorunda ən önəmli simaya çevrilib. C.Hacıyevin bank sektorunda mövqeləri o dərəcədə güclənib ki, ənənəvi rəqibi olan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovu da küncə sıxmağı bacarıb. İqtidardakı ən qüdrətli, nüfuzlu məmurlardan (Eldar Mahmudov nəzərdə tutulur- E.H.) biri ilə qohum olandan sonra daha da güclənən C.Hacıyev rəqiblərini sürətlə zərərsizləşdirməyə başlayıb.

 

"Royalbank” da daxil olmaqla, bir neçə bankı sıradan çıxaran, bəzilərini öz nəzarətində götürən C.Hacıyev ənənəvi rəqibi, bir çox məsələlərdə ona qırmızı işıq yandırmağı bacaran E.Rüstəmovu məğlub edə bilib. Artıq Mərkəzi Bankda qəbul edilən qərarlarda C.Hacıyevin rəyi əsas götürülür: "Ötən il avqustun 1-dən Mərkəzi Bankın bankların nizamnamə kapitalına minimal tələbin 10 milyon manatdan 50 milyon manata qaldırılması barədə qərarı da C.Hacıyevin təkidi ilə qəbul edilib. Bu qərara görə, bu il 43 bankdan təxminən yarısının sıradan çıxması gözlənilir. Sıradan çıxan bankların bazardakı yerini isə Beynəlxalq Bankın tutacağı şübhə doğurmur. E.Rüstəmovla C.Hacıyev arasındakı qarşıdurma illərdir davam edirdi. Son 1 ildə bu qarşıdurma daha da şiddətlənmişdi. Lakin C.Hacıyevin yeni və uğurlu qohumluq münasibətləri qurması onun mövqelərini daha da gücləndirdi və hakimiyyət iyerarxiyasında onu E.Rüstəmovdan üstün duruma çıxartdı”.

Həmin yazıda digər maraqlı məqam odur ki, Elman Rüstəmovun bankdaxili məsələlərlə yanaşı ictimai həyatda da Cahangir Hacıyevlə hesablaşdığından söhbət açılıb. Yazıdan sitat: "Azərbaycanın bank sektorunu Cahangir Hacıyev ”fırladır". Bank sistemində indi belə bir yarızarafat-yarıciddi deyim yaranıb ki, Elman Rüstəmov Cahangir Hacıyevin patronajlığı altında Mərkəzi Bankın sədri vəzifəsində işləyir. Həqiqətən də E.Rüstəmov deyilən vəziyyətdədir. O, Cahangir Hacıyevi özünün rəhbəri, böyüyü kimi qəbul edir. Onun bir sözünü iki eləmir, edə bilmir. Hətta bir çox məsələlərdə Hacıyevdən məsləhət alır, onun tapşırıqlarını qeyd-şərtsiz icra edir.

Mənbənin iddiasına görə,mərhum prezident Heydər Əliyevin 90 illik yubiley tədbirində Fəxri Xiyabanda ziyarət zamanı son dərəcə müdhiş olay yaşanıb. Deyilənə görə, bank sektorunun nümayəndələri xiyabanda sabiq prezidentin məzarını ziyarət etmək üçün toplaşıblar. Xeyli keçməsinə baxmayaraq, bankçılardan ibarət dəstə hərəkət etməyib. Bir müddət sonra məlum olub ki, Cahangir Hacıyev gəlib çıxmadığı üçün Elman Rüstəmov yerindən tərpənmirmiş.

C.Hacıyev yarım saatdan sonra gəlib və bundan sonra ziyarət baş tutub. Hadisənin şahidi olan bankirlərdən birinin verdiyi məlumata görə, E.Rüstəmov H.Əliyevin məzarı önündə də "protokolu” gözləyib: ilk olaraq C.Hacıyev baş əyib, sonra E.Rüstəmov..."

Cahangir Hacıyevin 2 maliyyəçi məmura - Elman Rüstəmovla Samir Şərifova şəxsi kanalları vasitəsilə ismarış yolladığı da gələn məlumatlar sırasındadır. Bildirilir ki, arestant-bankir Elman Rüstəmovla Samir Şərifova "qabağımda farağat dayanırdınız” ismarışını yollamaqla hər iki məmuru onunla üzləşdirilməsinə etiraz etməməyə çağırıb.

 

Musavat.com

 





Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər