Zelenski Yermakı vəzifədən azad etmək istəmir
Tarix: 21-11-2025 08:52 | Bölmə: Dünya
Zelenski Yermakı vəzifədən azad etmək istəmir

Ukrayna prezidenti Vladimir Zelenski 20 noyabrda "Xalqın Xidmətçisi" fraksiyası ilə görüşü zamanı korrupsiya qalmaqalı fonunda Prezident Administrasiyasının rəhbəri Andrey Yermakı vəzifədən azad etməyəcəyini bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri yazıb.

Görüşdə iştirak edən deputat Maryana Bezuqlaya Ukrayna prezidentinə böyük qalmaqaldan sonra Yermakın nə vaxt istefa verəcəyi ilə bağlı sual ünvanlayıb. Zelenski suala cavabında deyib ki, Yermakın istefası ilə bağlı son qərar vermək prezident kimi yalnız onun səlahiyyətindədir.

V. Zelenski daha sonra bildirib ki, Yermak vəzifədə qalacaq.

Zelenskinin siyasi rəqibləri və tərəfdarları korrupsiya qalmaqalından sonra ictimai etimadı bərpa etmək üçün yüksək vəzifəli məmurların istefasında israr edirdilər. Son günlər fraksiya üzvləri ilə yanaşı, hətta Zelenskiyə yaxın şəxslər də Yermakın istefasını istəyirlər.

Məlumata görə, Ukraynada “Enerqoatom” işi ilə bağlı genişmiqyaslı mənimsəmə ittihamı üzrə də istintaq davam edir. Ukrayna Milli Antikorrupsiya Bürosunun ilkin ehtimalına görə, sxemin mərkəzində Zelenskinin ən yaxın dostu, “Kvartal 95” studiyasının şəriklərindən biri olan Timur Mindiç dayanır. Ukrayna vətəndaşı olan biznesmen Mindiç böyük korrupsiya barədə xəbərlər ictimailəşəndən az sonra ölkəni tərk edib.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər