Prezident ədliyyə naziri təyin edib - Sərəncam
Tarix: 27-02-2024 12:09 | Bölmə: Gündəm
Prezident ədliyyə naziri təyin edib

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncama əsasən, Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakıda anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində (BDU) hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə Beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb. 2009-cu ildə doktorantura pilləsi üzrə təhsilini almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub. 2016-cı ildə Oksford Universitetinin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.



2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru olub. 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri təyin edilib. Prezident İlham Əliyevin 2022-ci il 24 may tarixli sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilmişdi.

Xatırladaq ki, bundan öncə Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov olub. O, 19 aprel 2000 – 14 fevral 2024-cü il tarixlərində həmin vəzifədə çalışıb.

Fikrət Məmmədov bir neçə gün əvvəl Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər