10:33 / 01-07-2025
Ağdamda İƏT-in Forumu keçirilir - Fotolar
10:21 / 01-07-2025
17 yaşlı oğlan Qarabağ kanalında batıb
09:39 / 01-07-2025
DTX dövlətə xəyanətdə ittiham olunan şəxsi saxlayıb
09:24 / 01-07-2025
Putin repressiyalarının növbəti qurbanını axtarırlar
09:03 / 01-07-2025
Süni intellekt dünyanı ələ keçirir - Foto
08:11 / 01-07-2025
“Trump Victory” ətiri satışdadır
08:05 / 01-07-2025
KTMT-çilər artan təhlükədən ciddi narahatdırlar
07:59 / 01-07-2025
Akula yeniyetməyə hücum edib
07:52 / 01-07-2025
ABŞ gözlənilmədən Moskvaya ultimatum verib
07:43 / 01-07-2025
“Rusiya İmperator Hərəkatı” qadağan edilə bilər
07:39 / 01-07-2025
İlon Mask “Amerika” Partiyası yaradacaq?
23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

11:12 / 28-06-2025

17:57 / 30-06-2025

13:15 / 26-06-2025

Əliyevlə Lukaşenko birgə bəyanat verib, yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
Tarix: 16-05-2024 20:18 | Bölmə: Gündəm

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə yollanıb.
Reyting.az xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət başçısı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə rəsmi danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olacaq. Prezidentlər qlobal və regional məsələlər ətrafında müzakirə aparacaqlar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.
Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyevin beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkəcəkləri gözlənilir.
***
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana dövlət səfərinə gəlib.
Reyting.az xəbər verir ki, Aleksandr Lukaşenkonu Bakıda baş nazirin birinci müavini Yaqub Eyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev, o cümlədən Belarus nümayəndə heyətinin üzvləri - baş nazirin müavini İqor Petrişenko, xarici işlər naziri Sergey Aleynik və Belarus diplomatik missiyasının rəhbəri Andrey Ravkov qarşılayıblar.
***
Azərbaycana dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da rəsmi qarşılanma mərasimi olub.
Reyting.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı və Belarus prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü meydanda Azərbaycan prezidenti İlham Əliyev Aleksandr Lukaşenkonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Belarus prezidentinə raport verib.
Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Belarus prezidentinə, Belarus nümayəndə heyəti isə Azərbaycan prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidenti İlham Əliyevin və Belarus prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
***
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko təkbətək görüşüb.
Reyting.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşüb.

****
Azərbaycan prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə mayın 16-da Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Reyting.az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Belarus Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovski “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”u imzalayıblar.
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoş “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”u imzalayıblar.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belarusun xarici işlər naziri Sergey Aleynik “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”nı imzalayıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun antiinhisar tənzimləmə və ticarət naziri Aleksey Boqdanov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”u imzalayıblar.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Belarusun “Milli İnvestisiya və Özəlləşdirmə Mərkəzi” Dövlət Müəssisəsinin direktoru Dmitri Krasovski “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”nu imzalayıblar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Minsk Şəhər İcra Komitəsinin sədri Vladimir Kuxaryov “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”u imzalayıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Qomel Şəhər İcra Komitəsinin sədri Vladimir Privalov “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Qrodno şəhər İcra Komitəsinin sədri Andrey Xmel “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu”nu imzalayıblar.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Reyting.az xəbər verir ki, əvvəlcə Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatla çıxış edib.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli Aleksandr Qriqoryeviç.
Hörmətli qonaqlar.
Əziz dostlar.
Bu gün biz Azərbaycana dövlət səfəri ilə gəlmiş əziz qonağı, böyük dostumuz Aleksandr Qriqoryeviç Lukaşenkonu qəbul edirik. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı - gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik. Razılığa gəldik ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək.
Mən məktub göndərmişəm, lakin bu gün bir daha Aleksandr Qriqoryeviçi noyabrda Bakıda keçiriləcək iqlim sammitində iştirak etməyə şəxsən dəvət etmişəm. Həmin vaxta qədər müvafiq tapşırıqlar verilib, biz onların yerinə yetirilməsi üzrə məruzələri dinləyəcəyik. Bu gün müzakirə etdiyimiz məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. İlk növbədə, söhbət sənaye kooperasiyasından, Belarusda, Azərbaycanda birgə istehsalın təşkili və artıq bir çox illər öncə yaradılmış birgə istehsal potensialının artırılmasından gedir. Bu, ilk növbədə, maşınqayırmadır. Həmçinin hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrin inkişafı məsələləri, başqa sözlə desək, ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq məsələlər geniş şəkildə müzakirə olundu.
Belarus nümayəndə heyətinin üzvləri artıq dünəndən Bakıdadır və azərbaycanlı həmkarları ilə danışıqlar aparıblar. Bu, bir daha göstərir ki, hər iki tərəf Belarus Prezidentinin dövlət səfərinə məsuliyyətlə yanaşaraq, sonradan dövlət başçılarının təsdiqinə təqdim ediləcək bir çox məsələləri əvvəlcədən müzakirə edib və razılaşdırıblar. Zənnimcə, məhz əməkdaşlığın bu səmərəli forması daha düzgündür və konkret nəticəyə yönəlib. Beləliklə, əminəm ki, gələcəkdə, həm də çox uzaq olmayan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik. Mən artıq bu barədə danışmışam, bir daha demək istəyirəm ki, Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət etmişəm. Hazırda gördüyümüz və həyata keçirəcəyimiz işlərin miqyası çox genişdir.
Demək olar ki, ərazini sıfırdan bərpa etmək lazım gəlir, müqayisə üçün deyim ki, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahəni. Bütün bunları, sadəcə, daşın daş üstündə qalmadığı ərazidə görüləcək işləri təsəvvür etmək üçün söylədim. İşğal illərində hər şey dağıdılıb. İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik.
Bu gün, həmçinin konkret tapşırıqlar verilib. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, - bu barədə də danışdıq, - aqroşəhərciklərin tikintisi təcrübəsi var. Əlbəttə, bizim birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.
Biz bu gün, həmçinin regionumuzda MDB məkanında təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Mən Aleksandr Qriqoryeviçə Cənubi Qafqaz regionunda postmünaqişə şəraiti haqqında məlumat verdim. Təbii ki, dünya siyasətinin aktual məsələləri üzrə də fikir mübadiləsi apardıq. Dünyada vəziyyət sürətlə və bir qayda olaraq, mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq, mövcud münaqişələr öz həllini tapmır. Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdiyi münaqişə istisna olmaqla.
Əlbəttə ki, diskussiyalar üçün mövzu olduqca çoxdur. Biz Aleksandr Qriqoryeviçlə artıq son 20 ildə fəal işləyirik. Bu illər ərzində müxtəlif şəraitlərdə həmişə dəyərlərimizə - xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyimizi qoruyub saxlamışıq. Düşünürəm ki, ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər təbii olaraq bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər. Zənnimcə, bu gün bu münasibətlərin dostluq xarakteri daşıması əyani şəkildə nümayiş etdirilir.
Aleksandr Qriqoryeviç, bir daha minnətdarlıq hissi ilə demək istəyirəm ki, Sizin səfərinizi dostluq və hörmət əlaməti kimi qəbul edirəm. Ötən illərdə biz bir neçə qarşılıqlı – rəsmi və işgüzar səfərlər etmişik. Amma dövlət səfəri həm forma, həm də məzmun etibarilə həmişə fərqlidir. Sizi salamlamağıma şadam. Sizə və dost, qardaş Belarus xalqına yeni uğurlar və qələbələr arzulayıram. Sağ olun.
x x x
Sonra Belarus prezidenti Aleksandr Lukaşenko bəyanatla çıxış edib.
Prezident Aleksandr Lukaşenkonun bəyanatı
- İlham Heydər oğlu, Belarus xalqının və mənim ünvanıma söylədiyiniz xoş sözlərə görə çox sağ olun. Biz bunu qiymətləndiririk.
Geniş tərkibdə danışıqlarımızın əvvəlində söylədim ki, Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib. İlham Heydər oğlu deyir ki, bu torpaqları dirçəltmək, hansısa yeniliklər etmək lazımdır. Amma orada vəziyyət hələ pisdir, dirçəlişdən əvvəl bir çox şeyləri təmizləmək lazımdır. Bu, az iş deyil. Çünki bu, keçmişin ağır fəsadlarıdır, amma torpaqlar qaytarılıb və onları dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunmüddətli ağır problem və vəzifədir.
Mən hələ müharibədən əvvəl İlham Heydər oğlu ilə bu problemi müzakirə etdiyimiz vaxtları xatırlatdım. Həmin vaxt o mənə deyirdi ki, qarşıda insanları qaytarmağın lazım olacağı çox ağır dövr durur. Siz çox düzgün kurs götürmüsünüz. İnsanları qaytarmaq azdır, onları yaxşı, rahat evlərdə yerləşdirmək lazımdır, çünki bir çoxları artıq şəhərlərdə anadan olublar. Amma bu da azdır. Yeni iş yerləri yaratmaq lazımdır. Mən ilk dəfə belə bir həcm barədə eşitdim ki, bu, Livanın bütün ərazisi, üstəgəl bütün bu ərazinin 50 faizi qədər sahədir. İlham Heydər oğlu, bu torpaqları dirçəltmək üçün hələ uşaqlar da çox iş görməli olacaqlar.
Mən bunu ona görə söylədim ki, biz sizə qardaş və çox dost ölkəyik, təkcə İlham Heydər oğlu ilə köhnə dostlar deyilik, bizim Heydər Əliyev ilə də yaxşı münasibətlərimiz var idi. Uzun müddət olmasa da, onunla çox səmimi şəkildə çalışırdıq. Mən hələ sovet dövründə bu insana böyük hörmət bəsləyirdim. İlham Heydər oğluna tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Azərbaycan Prezidentinin əvvəldə söylədiyi sözlərə diqqət yetirmənizi xahiş edirəm. Bizim irəlilədiyimiz və təxminən 400 milyon dollar əmtəə dövriyyəsinə çatdırdığımız bir yol xəritəmiz var. Razılığa gəlmişik ki, bu yol xəritəsi Hökumətlərarası Komissiyanın Minskdə keçiriləcək növbəti iclasında bugünkü razılaşmalar və nazirlərimizin burada iki gün ərzində çalışdıqları, hələ üzərində işləyəcəkləri məsələlər nəzərə alınmaqla aktuallaşdırılacaq. Bəzi məsələlər artıq köhnəlib, yeni problemlər meydana çıxır. Bütün bunlar həmin planda öz əksini tapacaq. Burada iqlim üzrə beynəlxalq konfrans keçirildikdə, çox güman ki, mən orada iştirak edəcəyəm, bunu planlaşdırıram. Biz İlham Heydər oğlu ilə daha məhdud tərkibdə və yenidən görüşəcəyik. Görüşdə Hökumətlərarası Komissiyamızın həmsədrləri bu xəritənin nədən ibarət olması, hansı işlərin görüldüyü barədə məruzə edəcəklər. Biz nazirlərin xəritəni tərtib etmələrini gözləməyəcəyik, bu işə yeni ildən başlayacağıq. Hansısa məsələlər üzrə belə də olacaq. Amma bir sıra məsələlər var ki, onları işləyib hazırlamaq deyil, sabahdan başlamaq lazımdır. Biz kompleks mineral gübrələrin birgə istehsalı üzrə razılaşdıq. Burada gecikməyin mənası yoxdur. Kompleks qarışıq gübrələr istehsal etmək və Azərbaycanın hər hansı gübrə ilə bağlı xahiş etməməsi üçün daxili bazardan başlamaq, onu burada istehsal etmək lazımdır. Bizim texnologiyalarımız var, bunu həyata keçirməyə və bütün regionu təmin etməyə hazırıq. Region isə çox böyükdür – İran, Pakistan, Hindistan. Onlar böyük miqdarda mineral gübrələr tələb edir. Biz onlara kompleks şəkildə gübrə təklif edəcəyik. Ona görə də məsələ bu cürdür – artıq həll etməyə başlamaq və noyabra qədər irəli getmək lazımdır. Qarşıya bu cür vəzifələr qoyulub.
Biz bütün məsələləri müzakirə etdik. Bağlı mövzular olmadı. Bu, təkcə texnika və MT3 deyil, MAZ texnikasının birgə istehsalı, yanğınsöndürən texnikasının birgə istehsalı, lift avadanlığının, xüsusən sovet binalarında dəyişdirilməli olan köhnə liftlərin hissələrinin birgə istehsalıdır. Biz azərbaycanlı dostlarımızla bu texnikanı birgə istehsal etməyə hazırıq. Prezident xahiş etdi ki, biz dəmir yolu hərəkət texnikasının – həm platformaların, həm də çənlərin istehsalına diqqət yetirək. Bizim yaxşı təcrübəmiz var. Bunları istehsal edən şirkətlərimiz, zavodlarımız mövcuddur. Bu texnikanın burada birgə istehsalını təşkil etməyə hazırıq. Kənd təsərrüfatında buraya cins mal-qara, hər şeydən əvvəl, süd məhsullarına, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün tədarüklə bağlı böyük proqramlarımız var. Biz bu mal-qaranı sizə tədarük edəcəyik. Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq. Venesueladan başlayaraq, bizim belə bir təcrübəmiz var. Amma bura Venesuela deyil, yaxındır, eyni dildə danışırıq, bir-birimizi başa düşürük. Ona görə də həmin torpaqlarda sizin üçün, ilk növbədə, iş yerləri olan aqroşəhərcik tikəcəyik. Baxarsınız, sizə uyğun olarsa, biz onların sayını artırarıq. Belə ki, bu gün Prezidentə bizim böyük sərvətimizin – meşələrimizin olduğunu söylədim. Bizdə o qədər taxta-şalban var ki... Bu, Azərbaycanda qıtdır. Bu məsələdə təbiət bizi mükafatlandırıb. Biz orada sizin üçün evlər yaratmağa hazırıq. Belarusda taxta evlər təcrübəsi geniş yayılıb. Evi hissələrlə vaqonlarda gətiririk, bir həftə ərzində bünövrəsi üzərində tikib qurtarırıq. Biz Belarusda bu cür edirik. Əgər sizə uyğun gələrsə, biz tədarük edə və sizin dirçəldilən ərazilərdə belə evlər tikə bilərik. Bir sözlə, çox böyük planımız var. Biz işləməyə davam edəcəyik.
Əczaçılığa, dərmanlara gəldikdə isə biz lap elə sabahdan sizin çox ehtiyac duyduğunuz dərmanları tədarük etməyə və burada Belarus texnologiyası əsasında dərman və preparatlar üçün birgə istehsalat qurmağa hazırıq. Bu da çox böyük proqramdır və Azərbaycanda heç kimə işləməyə mane olmur. Biz burada heç kimlə ziddiyyət yaratmırıq, hətta heç kimlə rəqabət də aparmırıq. Halbuki rəqabət olmalıdır.
Bir sözlə, çox iş görə bilərik. Həm humanitar sahədə, həm də idmanda. Siz ölkədə MDB Oyunlarını qəbul edəcəksiniz. Biz də qoşulacağıq, həm də axı bu Oyunları biz Sizinlə birgə xilas etmişik. Əgər Belarus və Azərbaycan olmasaydı, yəqin ki, bu Oyunlar artıq süquta uğrayardı. Biz onu xilas etdik. Ötən Oyunlar bizim ölkədə keçirildi, bu dəfə isə estafeti siz bizdən qəbul etdiniz. Bir vaxtlar Avropa Oyunlarının estafetini də biz sizdən qəbul etmişdik. Ona görə də, təcrübəmiz böyükdür. Sizinlə idman, səhiyyə, təhsil, o cümlədən, əvvəllər TPM adlandırdığımız texniki peşə məktəblərimizin təcrübəsi sahəsində əməkdaşlıq edəcəyik. Biz burada texniki peşə təhsili verən obyektlərin təşəkkül tapmasına və yeni əsaslarla yaradılmasına kömək etməyə hazırıq. Bizim bu sahədə təcrübəmiz böyükdür. Həm də biz onları Sovet vaxtından bəri qoruyub saxlamışıq. Bu gün isə peşə ixtisaslarına həm bizim ölkədə, həm Rusiyada, həm digər MBD ölkələrində, həm də Azərbaycanda böyük tələbat var. İlham Heydər oğlu bu işlə məşğul olmağımızı bizdən xahiş edib. Biz də sizin mütəxəssislərlə birlikdə bu işi mütləq birlikdə həyata keçirəcəyik.
Bəli, biz regionlarımızda təhlükəsizlik məsələlərini müzakirə etmişik. İlham Heydər oğlu burada baş verənlərlə bağlı mənə ətraflı məlumat verdi, qeyri-sabit regiondur, Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız.
Mən bizim regionda Ukraynadakı münaqişə ilə bağlı nə baş verdiyi barədə məlumat verdim. Həm də ətraflı şəkildə. Bununla bağlı qiymətləndirmələrimiz, baxış bucaqlarımız həm yaxındır, həm də üst-üstə düşür. Bizim mövqeyimizi Siz bilirsiniz. Bizə indi orada heç də asan deyil, ancaq biz orada sülh olması üçün əlimizdən gələni edəcəyik. Biz bu istiqamətdə hərəkət edəcəyik. Bu məsələdə Azərbaycanın müharibədən sonrakı quruculuqla, sülh quruculuğu ilə bağlı təcrübəsi bizim region üçün də çox vacibdir. Biz bir-birimizlə etimad əsasında söhbət edirik. Bizim nə şəxsi, nə də dövlətlərarası planda gizli sirrimiz yoxdur. Bu isə ölkələrimizin nazirlərinin də artıq bu notlar üzərində danışmağa başlamasına və danışmasına xidmət edir. Buna görə də, mən şəxsən burada səfərdə olan hökumət nümayəndələrimizdən bu ölkədən azərbaycanlı tərəfdaşları ilə quracaqları əməkdaşlıq proqramı ilə ayrılacaqlarını gözləyirəm. Xoşagələn hal odur ki, ticarət dövriyyəmiz 400 milyona yaxındır və bu gün artıq azərbaycanlı nazirlərin təşəbbüsü ilə bu rəqəmi 1 milyarda çatdırmaq niyyətindəyik. Bu, çox böyük addım olacaq. Ola bilsin ki, biz bunu iki mərhələdə həyata keçirəcəyik. Əvvəlcə ticarət dövriyyəmizin 500 milyona çatdırılmasına, il ərzində isə digər yarısını əldə etməyə müvəffəq olarıq. Müəyyən vaxtdan sonra biz bu rəqəmi 1 milyarda çatdıracağıq. Bunun üçün əlimizdən gələni edəcəyik. Əgər məsələn, Azərbaycanda da istehsal edilən məhsulu dost olmayan ölkələrdən satın alırıqsa biz heç nəyə baxmayaraq dərhal ondan imtina etməli və buradan almalıyıq. Eynilə, Azərbaycan da bizə qarşı bu cür addım atacaq. İlham Heydər oğlu, mən Sizi Belarusa dəvət edirəm.
Prezident İlham Əliyev: Sağ olun.
Prezident Aleksandr Lukaşenko: Noyabrda Sizin ölkəyə gələcəyəm, müzakirə edərik, Siz də Belarusa səfər edəcəksiniz. Bir-birimizin ölkəsinə tez-tez səfər etməyimizə baxmayaraq, danışdığımız kimi, Sizin bizim ölkəyə səfərinizi hazırlayacaq Baş nazirinizi respublikamızda görməyə şad olacağıq. Ən başlıcası isə dost kimi və mənim şəxsən dostum kimi Sizə və qardaş Azərbaycan xalqına bu ağır dirçəliş dövrünü itkilərsiz başa vurmağı və qarşınıza qoyduğunuz planları yerinə yetirməyi arzu edirəm. Əminəm ki, Siz bunu edəcəksiniz, həm də istərdim ki, tez edəsiniz, Siz bunu bacarırsınız. Siz bütün dünyaya göstərdiniz ki, Sizdən əvvəlki nəsillərin dövründə həll olunmayan ən mürəkkəb məsələləri həll etməyi bacarırsınız. Sizə xoşbəxtlik və uğur arzulayıram.
Prezident İlham Əliyev: Sağ olun.

Bölməyə aid digər xəbərlər

Dünən, 17:51
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Dünən, 16:51
Ersin Tatar Azərbaycana gəlir
29-06-2025, 13:20
Rezidenturaya qəbul imtahanı keçirilib - (Yenilənib)
29-06-2025, 00:40
Aleksey Overçukun Azərbaycana səfəri ləğv olunub
28-06-2025, 23:57
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirdilər”
28-06-2025, 21:41
Zaxarovadan azərbaycanlılarıın saxlanılması haqqında - Açıqlama
27-06-2025, 11:32
Nazirlik və dövlət komitəsi vətəndaşlara müraciət edib
26-06-2025, 12:14
İlham Əliyevlə İran prezidenti arasında telefon danışığı olub
26-06-2025, 10:29
Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26-06-2025, 00:00
Bu gün Silahlı Qüvvələri Günüdür
25-06-2025, 18:04
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
25-06-2025, 15:26
İlham Əliyev Türk Dövlətləri Təşkilatı ilə bağlı sazişi təsdiqləyib
25-06-2025, 12:51
Həbsxanalarla bağlı Fəaliyyət Planı təsdiqlənib
25-06-2025, 09:18
Bakıda beynəlxalq konfrans keçirilir
24-06-2025, 17:03
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
24-06-2025, 15:05
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
24-06-2025, 14:06
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
24-06-2025, 13:56
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
24-06-2025, 12:32
Prezident İlham Əliyev Mingəçevirə gedib - (Yenilənib) - Fotolar
24-06-2025, 11:45
İlham Əliyev italiyalı naziri Mingəçevirdə qəbul edib - (Yenilənib)
24-06-2025, 11:20
Milli Məclis Ali Baş Komandana təbrik ünvanlayıb
23-06-2025, 23:45
Bakıdan Qətərə uçan təyyarə yarıyoldan geri dönüb
23-06-2025, 16:44
İsrailin münaqişəyə son qoymaq niyyəti İrana çatdırılıb
21-06-2025, 17:40
Diplomatların Qarabağa səfəri başa çatıb - Foto
21-06-2025, 16:49
İlham Əliyevin müraciəti BMT sənədi kimi yayılıb
20-06-2025, 19:40
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
20-06-2025, 18:29
Bugünkü sertifikasiyada 3 300 müəllim istirak edib
20-06-2025, 16:13
İlham Əliyev UFC-nin prezidentini qəbul edib - Fotolar
20-06-2025, 13:59
Prezident Çinlə yeni saziş haqqqında Fərman imzalayıb
20-06-2025, 13:52
İlham Əliyev Çinlə Əməkdaşlıq Planını təsdiqləyib
20-06-2025, 09:13
Diplomatlar Laçına səfər ediblər
20-06-2025, 00:05
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçiriblər
19-06-2025, 23:13
İlham Əliyevin Türkiyəyə səfər başa çatıb
19-06-2025, 16:11
İlham Əliyev Türkiyədə işgüzar səfərdədir - (Yenilənib) - Fotolar
19-06-2025, 16:02
Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
19-06-2025, 14:27
Macarıstan öz səfirliyini müvəqqəti olaraq İrandan Azərbaycana köçürüb
19-06-2025, 11:11
İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
19-06-2025, 08:02
Müharibə təhlükəsi: Britaniya yüksək hazırlıq vəziyyətindədir
19-06-2025, 07:47
Avropa 1,5 milyard avroluq proqram hazırlayıb
18-06-2025, 23:54
İsrail İrana "üçüncü zərbə" dalğasına başlayıb
18-06-2025, 21:33
DİM 1 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edib
18-06-2025, 17:17
Kamran Əliyev üç rayona prokuror təyin edib
18-06-2025, 14:14
Prezident İlham Əliyev Nataliya Kiselovanı qəbul edib - Fotolar
18-06-2025, 14:03
Zakir Həsənov Belarusda hərbi zavodlara baş çəkib
18-06-2025, 13:12
Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)