FIFA referisi: "Futbol üçün darıxmışıq, amma əsas sağlamlıqdır"
Tarix: 25-05-2020 18:01 | Bölmə: İdman
FIFA referisi: "Futbol üçün darıxmışıq, amma əsas sağlamlıqdır"

"Bütün futbol ictimaiyyəti kimi mən də çempionatın bərpa olunmasını istəyirəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın FIFA referisi Əliyar Ağayev koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqada cari mövsümün taleyi barədə danışarkən deyib.

Üçüncü aydır meydanlardan kənarda qaldığını xatırladan 33 yaşlı hakim futbol üçün darıxdığını bildirib. Lakin o, sağlamlığın daha vacib olduğunu vurğulayıb: "Bu, hər şeydən, bütün çempionatlardan önəmlidir. İstənilən qərara hörmətlə yanaşmalıyıq. Avropa çempionatı, Tokio-2020 Yay Olimpiya Oyunları kimi nəhəng turnirlər təxirə salınıb. Bunların özü böyük hadisədir".

Çempionat bərpa olunsa, mövsümün qalan matçları yay aylarına təsadüf edəcək. Ağayev isti havada oyun idarə etməyin çətin olmayacağını hesab edir: "Onsuz da bizdə çempionatın startı avqustda olur. Bu, Azərbaycanda ən isti ay hesab olunur. Avqustda oyunlar idarə ediriksə, düşünürəm ki, iyun-iyulda da problem olmayacaq. Hesab edirəm ki, çempionat bərpa olunsa, matçlar axşam saatlarında keçiriləcək".

Təcrübəli referi artıq fərdi məşqlərə başladıqlarını söyləyib: "Düzdür, buna qədər də evdə hazırlaşırdıq. Amma o, bayırdakı qaçışın yerini vermirdi. Çempionat başlasa, əvvəlcə təlim-məşq toplanışı olacaq. Düşünürəm ki, hazır olacağıq".

Ağayev mayın 15-dəki koronavirus testinin nəticəsini də açıqlayıb: "AFFA-nın binasında hamımızdan qan analizi götürdülər. Həmkarlarımı bilmirəm, amma mənə SMS gəldi ki, analizin nəticəsi mənfidir".




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər