60 min tondan çox təhlükəli tullantı zərərsizləşdirilib
Tarix: 16-04-2024 10:26 | Bölmə: İqtisadiyyat
60 min tondan çox təhlükəli tullantı zərərsizləşdirilib

2023-cü ildə Azərbaycanda 4086,1 min ton tullantı əmələ gəlib. Bunun 66,6 faizini bərk məişət tullantıları, 33,4 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib.

Reyting.az
Statistika Komitəsinə istinadla xəbər verir ki, ötən il yaranmış 2719,6 min ton bərk məişət tullantılarının 79,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 19,5 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 1,1 faizi ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 223,0 milyon kVt saat və ya 2022-ci illə müqayisədə 8,6 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il istehsalat tullantılarının 22,9 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 19,9 faizi ölkə daxilində satılıb, 1,6 faizi ixrac olunub, 8,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 47,1 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2023-cü ildə 232,9 min ton və ya əvvəlki illə müqayisədə 30,9 faiz az təhlükəli tullantı yaranıb və tullantıların ümumi miqdarında onların payı 5,7 faiz olub. Tullantıların 67,4 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 60,1 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər