Qızıl dolların ucuzlaşmasına səbəb ola bilər
Tarix: 09-09-2025 07:53 | Bölmə: İqtisadiyyat
Qızıl dolların ucuzlaşmasına səbəb ola bilər

Qızıl sürətlə bahalaşmağa başlayıb. Bəzi ekspertlərin fikrincə, bunun əsas səbəbi staqflyasiya ilə bağlı narahatlıqların hələ də davam etməsidir.

Reyting.az
-ın məlumatına görə, sentyabrın 8-də qızılın qiyməti 1 unsiya üçün 3600 ABŞ dollarını keçməklə, rekord həddə çatıb.

"Financial Times" nəşri yazır ki, qızıl 3616 dollar, unsiyası isə təxminən 31 qramdan başlamaqla, yaxud da qramı 117 dollara çatmaqla rekord bir səviyyəyə yüksəlib. Beləliklə, mütəxəssislərin nəşrə dediyi kimi, əlvan metal son üç həftə ərzində 9 faiz, ilin əvvəlindən isə ümumilikdə 37 faiz bahalaşıb.

"ING" qlobal bazar araşdırmaları rəhbəri Kris Törner deyib ki, əslində, belə bir vəziyyət gözlənilən olub. Çünki FED-in faiz dərəcələrini endirməsi ilə bağlı gözləntilər qızılın inflyasiyadan qorunma vasitəsi kimi mövqeyini gücləndirir.

Ekspertlər bildiriblər ki, faizlərin azalması adətən qızılın bahalaşmasına səbəb olur. Çünki investorlar daha çox aşağı gəlirlilik gözlədikləri istiqrazlar əvəzinə alternativ aktivlərə üstünlük verirlər. Lakin ABŞ-da iqtisadi artımın zəifləməsi nəticəsində yüksək inflyasiya təhlükəsi yaranıb ki, bu da metala tələbatı artırıb. Nəşrə danışan ekspertlər də təsdiq ediblər ki, yaranmış vəziyyət, Donald Trampın tarif siyasətinin iqtisadi nəticələri fonunda daha da kəskinləşib.

Bundan əlavə, dolların bu il zəifləməsi də qızılın digər valyutalarla alışını nisbətən ucuzlaşdırıb və qiymət artımına dəstək olub.

İnvestorlar hazırda FED rəsmisi Liza Kukun vəzifədən azad olunması ilə bağlı məhkəmənin son qərarını gözləyirlər. Baş verənlər, həmçinin Trampın ABŞ Mərkəzi Bankının siyasətinə mütləq şəkildə təsir göstərmə cəhdləri nəticəsində inflyasiya riskləri güclənib və sonucda investorlar kütləvi şəkildə qızıla yönəlməli olublar.

Berenberq Bankının amerikalı iqtisadçısı Atakan Bakiskan deyib ki, əlvan metalın qiymətində artım hələ davam edəcək:

"Artıq xarici investorların ABŞ-nın xəzinə istiqrazlarına inamı azalır. Bu səbəbdən də tələbat getdikcə daha çox qızıla yönələcək. Üstəlik, dolların daha da ucuzlaşacağı gözlənilir ki, bu da qızılı bahalaşdıracaq".

"Financial Times" nəşrinin xatırlatmasında qeyd olunur ki, sentyabr ayının 2-də qızıl tarixi maksimuma, yəni 3508,7 dollara qalxmışdı. Nəşr vurğulayıb ki, bu hadisənin ertəsi gün qiymət 3578 dolları ötüb. Sentyabrın 5-də yenidən bahalaşma müşahidə olunub və bunun nəticəsində qızılın unsiyası 3557,99 dollara çatıb.

Məhz bu qiymətlə son üç ayın ən güclü həftəsini başa vuran qızılın qiymətində hələ ki, ciddi dəyişikliklər gözlənilmir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər