Telman Adıgözəlovun oğlu: "Bəlkə atama düz diaqnoz qoyulsaydı..." - Müsahibə
Tarix: 14-07-2025 17:08 | Bölmə: Mədəniyyət
Telman Adıgözəlovun oğlu: "Bəlkə atama düz diaqnoz qoyulsaydı..."

İyulun 17-si aktyor, aparıcı Telman Adıgözəlovun doğum günüdür, yaşasaydı 72 yaşını qeyd edəcəkdi. Kaspi.az Xalq artistinin anım günü ərəfəsində T.Adıgözəlovun oğlu Tural Adıgözəlovdan müsahibə alıb.

Reyting.az
həmin müsahibədən bir hissəni təqdim edir:

- Atanızın ölümü qəfil oldu. Sizin qədər tamaşaçı da buna hazır deyildi.

- Heç kimin, heç özünün də ağlına gəlməzdi… Adam var, xəstəliyi olur və bu, onu psixoloji öyrəşdirir ki, hazırlaşsın. Amma atamın nə ağır xəstəliyi vardı, nə də yataq xəstəsi idi. 56 yaşında dünyasını dəyişdi. Bu, alın yazısıdır. Allah hərəyə bir ömür yazıb. Biz bunu bilmirik. İnsan bunu bilsə, bəlkə bədbin olar. Əcəldən qaçmaq olmaz. Amma atam 56 yaşına görə çox işlər gördü. 40 ilə yaxın səhnədə oldu. 17 yaşında “Nəsimi” filmində çəkildi. O, böyük hörmət qazanmışdı. Bu gün də kimin oğlu olduğumu biləndə ehtirama yad edirlər. Bu, böyük şeydir.

- O vaxtlar müsahibənizdə demişdiniz ki, həkimlərin səhlənkarlığı üzündən atanızı itirmisiniz…

- Belə bir şey olmuşdu. Atamın ağır xəstəliyi yox idi. Mən əsgərlikdə olanda kiçik infarkt keçirib, heç özü də bilməyib. Həkim deyib ki, duzun var. İndi adam çox fikirləşir: bəlkə düz diaqnoz qoyulsaydı, müalicə olsaydı, belə olmazdı. Bəzən də fikirləşirsən ki, alın yazısı belə imiş. Atam Fatmayi qəbiristanlığında dəfn olunub. Orada qohumlarımız da var. O kənd bizə uşaqlıqdan doğmadır. Əliabbas Qədirovun, Səməd Səmədovun da orada bağları vardı. Onlar də rəhmətə gediblər.

- Atanızın ölümündən sonra dolanışığınız çoxmu çətin oldu?

- İtkisi biz övladlarına, həyat yoldaşı kimi anama çətin oldu. Əvvəlcə anlamırsan, inanmırsan, adama pis təsir edir. Yara isti olur. Tədricən dərk edirsən və barışırsan. Mən bu boşluğu daha çox hiss etdim. Bizim aramızda ata-oğul münasibətindən başqa, dostluq var idi.

Maddi cəhətdən çox da çətinlik çəkmədik. O vaxt mən hərbi xidmətdən qayıtmışdım. 22 yaşım vardı. İqtisad Universitetini bitirmişdim, işləməyə başladım. Bacım da Tibb Universitetini bitirimişdi. İşlə təminatımıza dövlət dəstək oldu. Mən Fövqəladə Hallar Nazirliyində işlə təmin olundum. 14 il orada çalışdım. Bacım da stomatoloq kimi işlə təmin olundu. Sadəcə, ata hər ailədə dayaqdır. Adam hər işdə atasına arxayın olur. Biz o dayağı itirdik…

- Son görüşünüzü necə xatırlayırsınız?

- Axşam evdə divanda oturmuşdu. Sonra yatdı və yuxuda ikən vəfat etdi. Adama qəribə gəlir. Adam var, son sözünü deyir, övladlarına nəsə vəsiyyət edir, sonra can verir. Amma atam gözlənilmədən vəfat etdi. Heç nə deyə bilmədi… Qəfil ölüm çox çətindir. Bu da bir qədərdir…

- Sizə deyirlərmi, atanıza oxşayırsınız…

- Deyirlər…Oğlum da oxşayır. Üç övladım var. Böyük oğlum atamın adını daşıyır. Uşaqlarım balacadır. Telman ağır atletika ilə məşğul olur. “İdmançı olacağam”, - deyir. Aktyor olmaq üçünsə o sənəti sevmək azdır, istedadın da olmalıdır. Atam kimi…




Bölməyə aid digər xəbərlər