İranlı aktyorlara qadağa qoyuldu - Digər ölkələrin sənət adamlarına müraciət ediləcək
Tarix: 15-06-2016 18:25 | Bölmə: Mədəniyyət


Səfəvilər dövlətinin banisi, klassik Azərbaycan şairi Şah İsmayıl Xətainin həyatının ekranlaşdırılması məsələsi bir neçə gündür ki, qalmaqalla müşaiyət olunur. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) iddia edir ki, bu filmin ideyası onlardan gəlib.

Filmin həm ssenari, həm ideya müəllifi olan rejissoru, Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov isə "Reytinq" deyib ki, 37 illik zəhməti uğrunda hətta ölümə də hazırdır:

"Belə bir iddia ilə çıxış edən AXCP-dəki dostlarımın isə cəbhənin hansı qanadına aid olduqlarını hələ də anlaya bilmirəm. Əgər onlar konkret iş görmək istəyirlərsə, gəlsinlər, kinonu məndən öyrənsilər. Ya da sənəti dəqiq öyrənib sonra mətbuatda danışsınlar. Adam bilmədiyi nəyisə danışmaz. Bu məsələdə onların "şou"su keçməz. Bu, konkret olaraq dövlət işi və istehsalatdır. Burada reklam, populistlik keçmir. Yox, əgər bunlar pul vermək istəyirlərsə, buyursunlar. Gəlsinlər görək, bunlar nədə bizə əl tutmaq istəyirlər. Bu məsələdə hər kəs kömək etməlidir, şəxsi və ya qrup marağı güdülməməlidir".

Əməkdar incəsənət xadimi AXCP-nin belə bir iddia ilə çıxış edən nümayəndələrinə xitabən deyib ki, onların nə ixtiyarı var, bunu öz adlarına çıxmağa?

"Azərbaycanda 4 AXCP var, mən bunu qəbul edə bilmərəm. Onlara qarşı məndə mənfi münasibət var. Azərbaycanın bir cəbhəsi var - o da ortadadır. Film çəkmək istəyir, amma pulu yoxdur. Deməli, digərləri "şou" axtarırlar. Amma bu, siyasət deyil, istehsalatdır, burada dövlət maraqları var. Dövlət səviyyəsində məni çağırıb danışdırıblar. Siz kimsiniz axı? Onlar isə hər şeydə siyasi maraq axtarırlar",-deyib Mahmudbəyov.

Şah İsmayıl Xətai ilə bağlı filmin çəkilişlərinə nə vaxt başlanacağına gəlincə, Mahmudbəyov bununla bağlı yaxın aylarda qəti qərarın veriləcəyini bildirib: "Ssenari yazılaraq çapa göndərildi. Yenidən ssenariyə düzəlişlər olundu. Bəzi şeylər var ki, onlar da düzəlməli və ssenari hazır olmalıdır. Ssenaridə klassik sözlər var, bizdə isə çox adam bu sözləri başa düşmür. Ona görə də həmin sözlər düzəldilir. Ssenari hazır olandan sonra Prezident Administrasiyasına göndəriləcək.

Ssenari çox müasirdir. Mən təşəbbüs qaldırmışam, gənc rejissorları da dəvət eləmişəm".

Azərbaycanın tarixini əks etdirən filmdə baş rollarda kimlərin oynayacağına gəlincə, bunun ikinci mərhələdə bilinəcəyini diqqətə çatdıran rejissor qeyd edib ki, vaxtilə bu filmdə rol vermək istədiyi aktyorların 80 faizi dünyasını dəyişib, yerdə qalanları isə qocalıb:

"Şah İsmayıl Xətainin həyatı 3 yaş həddindədir - uşaqlıq, gənclik və hakimiyyət illəri!

Bu kinonun sirləri var, bunsuz olmaz.

Mən o vaxt bu filmdə Şahmar Ələkbərov, Həsən Məmmədov, Muxtar Manıyev, Gündüz Abbasov, Rasim Balayev, Fuad Poladov, Fəxrəddin Manafov kimi aktyorlara rol yazdım. İndi kim qalıb? Rasim Balayev yaşlaşıb, Fuad Poladov və Fəxrəddin Manafov...

Filmdə çox dəhşətli səhnələr də olacaq. Əgər biz başlasaq, aktyor məsələsinin həlli də problem olacaq".

Filmdə rejissor olaraq kiminlə işləyəcəyi ilə bağlı sualın cavabında müsahibimiz "İkinci rejisor deyilən bir sənət var, bütün kinonun texniki işlərini o görür. Rejissorun nə qədər əzab-əziyyəti varsa, onun öhdəsində olur. Kinonu bir adam çəkə bilməz axı!",-deyib.

Ssenarinin ümumi smeta dəyərinə, nə qədər maliyyə vəsaitinin tələb olunmasına gəlincə, Mahmudbəyov qeyd edib ki, bununla bağlı heç kim əvvəldən proqnoz verə bilməz: "Kim bu barədə danışsa, səhf edə bilər. Bu o deməkdir ki, o adamların kinodan başları çıxmır. Ssenari yazılır, orada müxtəlif obyektlər var. Məsələn, Şah İsmayıl Xətainin sarayı, ya Çaldıran savaşı, Qızılbaş yığıncağı... Üstəlik, bunların dekorasiyaları və qiymətlər... Smeta isə obyektə görə tutulur. Əzbərdən kim desə ki, filmə bu qədər maliyyə xərclənəcək, səhv etmiş olar".

Filmin çəkiləcəyi məkanlarla bağlı suala "Gözaltılarımız, ürəyimizdən keçən ölkələr də var. Amma ssenari rəsmi istehsalata gedəndən sonra ölkələrlə razılığa gəlinəcək. Çünki bu ölkələrdə danışıqlar o vaxt aparılır ki, həmin ölkələr söz versinlər, rəsmi sənədlə müqavilə bağlanılsın. Yəni, bizə lazım olan dəstəyi verə bilsinlər",-deyən Mahmudbəyov diqqətə çatdırıb ki, avropalı, türkiyəli aktyorlar da bu işə cəlb oluna bilərlər: "Amma İrandan aktyor dəvət etmək istəmirik. İran bu ölkəyə çox qısqanc yanaşır. Onlar bizə təklif elədilər ki, bu filmi çəkmək istəyirlər. Onların istəyi Şah İsmayıl Xətaini İran hökmdarı kimi tədqim etmək idi. Bax, buna görə də onlarla heç bir iş qurmayacağam".

Reyting.az

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər