Filmlərimiz Özbəkistanda nümayiş etdiriləcək - Foto
Tarix: 19-09-2019 14:13 | Bölmə: Mədəniyyət
Filmlərimiz Özbəkistanda nümayiş etdiriləcək
Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində Azərbaycan kinosu günləri keçiriləcək.

Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq.

Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, diplomatları, kino sahəsinin mütəxəssisləri, Daşkənddəki ali məktəblərin tələbələri, yerli azərbaycanlılar və jurnalistlər iştirak edəcək.

Kino günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfiin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammatrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammatrajlı sənədli filmləri nümayiş etdiriləcək.

Filmlərimiz Özbəkistanda nümayiş etdiriləcək

Tədbirlə əlaqədar Azərbaycan Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin baş məsləhətçisi Almaz Sultanzadənin rəhbərliyi ilə kino sahəsinin tanınmış mütəxəssisləri Özbəkistana səfər edəcək. Azərbaycanlı mütəxəssislərin Azərbaycan kinosu günlərinin rəsmi açılış mərasimində, habelə “Özbəkkino” Milli Agentliyində, müxtəlif tədris müəssisələrində görüşləri, mətbuat konfransı, təqdimatlarda iştirakı da planlaşdırılır. Azərbaycanın kino sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə Özbəkistan Mədəniyyət və İncəsənət Universitetində bu sahənin aktual problemlərinə dair usta dərslərinin keçirilməsi də nəzərdə tutulub.

Filmlərin bəziləri Daşkənd vilayəti Almalıq rayonunda, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində də göstəriləcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər